Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1791/2021 14.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçı X2 vəkili Vəkil, Cavabdeh rəis vəzifəsini icra edən Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Meredoviçin (Hocamurat) Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi) qarşı doğum haqqında akt qeydlərində düzəliş edilməsi üçün Türkmənistan Respublikasının müvafiq qurumlarına müraciət edilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Hocamuradov Çarıyarberdi (bundan sonra mətndə - iddiaçı) 10 aprel 1964-cü il tarixdə Türkmənistan Respublikasının Mary vilayəti, Sakarçage rayonu, Akyap kəndində anadan olmuş, bu barədə 16.04.1964-cü il tarixli 176 nömrəli doğum akt qeydi tərtib edilmiş, atası türkmən milliyəti Meredov Hocamurat, anası türkmən milliyəti Hacamuradova Ogulnur olmuşdur. İddiaçı Sovet Sosial İttifaqı Respublikasının vətəndaşı olmuş, bu barədə onun 08.05.1992-ci tarixli, 623943 nömrəli pasportu mövcud olmuşdur. İddiaçıya vətəndaşlığı olmayan şəxs kimi 05.05.2020-ci il tarixədək Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən 02.05.2019-cu il tarixli, daha sonra 01.06.2022-ci il tarixədək qüvvədə olan 21.05.2021-ci il tarixli himayə sənədi verilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ünvan 1i ünvanda qeydiyyata alınmışdır. İddiaçı Türkmənistan Respublikasının Marı vilayətinin Sakarçaqe rayonunun Akyap kənd nümayəndəliyində tərtib edilmiş 16.04.1964-cü il tarixdə 176 saylı aktla qeydə alınmış doğum haqqında akt qeydindəki səhvlərin düzəldilməsi (soyadın “Meredov”, ata adının “Hocamuratoviç”-ə) və həmin düzəlişlər əsasında Cavabdeh (bundan sonra mətndə - cavabdeh) vasitəsilə doğum akt qeydinə dəyişikliklər edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh 12.02.2020-ci il tarixli 05/15-88/76 nömrəli məktubla “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddələrinə istinad edərək iddiaçıya imtina cavabı vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, Himayə sənədi mövcud qanunvericiliyə əssən şəxsiyyəti təsdiq edən sənəd sayılmır. İmtina ilə razılaşmayan iddiaçı 17.03.2021-ci il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək şəxsiyyətini təsdiq edən sənəd tələb olunmadan BMT QAK tərəfindən ona verilmiş Himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında Türkmənistan Respublikasının Marı vilayətinin Sakarçaqe rayonunun Akyap kənd nümayəndəliyi tərəfindən 16.04.1964-cü il tarixdə 176 saylı aktla qeydə alınmış doğum akt qeydindəki səhvərin düzəldilməsi – soyadının “Meredov”, ata adının “Hocamuratoviç” kimi yazılmasının təmin edilməsi, həmin düzəlişlər əsasında doğum akt qeydinə dəyişikliklər edilməsi və dəyişikliklər edildən sonra həmin dəyişikliklərə əsaslanan doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməsi üçün Türkmənistan Respublikasının müvafiq qurumlarına müraciət edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi 30.04.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 27.10.2020-ci il tarixli 2-1(114)-1209/2020 nömrəli (hakim Emin Axundov) qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermiş və iş baxılması üçün 20.04.2021ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.06.2021-ci il tarixli 2- 1(114)-439/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10.04.1964-cü il tarixdə Türkmənistan Respublikasının Marı vilayətinin Sakarçage rayonunun Akyap kəndində anadan olmuşdur. Elə həmin ildə də Türkmənistan Respublikası Marı vilayətinin Sakarçage rayonunun Akyap kənd nümayəndəliyi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Doğum akt qeydində ata adı qeyd edilməmiş, soyadı “Hocamuratov”, ata adı “Hocamurat”, atasının soyadı “Meredov”, anasının adı “Oğulnur”, soyadı “Hocamuratova” kimi qeyd edilmişdir. 08.05.1992-ci il tarixdə Türkmənistan Respublikası Marı vilayətinin Paraxat rayon X8 tərəfindən İİİ-HY №626943 saylı SSRİ nümunəli pasportla təmin edilmişdir. X7 Meredoviç 1918-ci ildə Türkmənistan Respublikasında anadan olmuş, 1988-ci ildə vəfat etmişdir. X5 1922-ci ildə Türkmənistan Respublikasında anadan olmuş, 1993-cü ildə vəfat etmişdir. 1992-ci ilin fevral ayında Azərbaycan Respublikasına qonaq gəldiyi zaman Azərbaycan Respublikasında doğulmuş Yusubova (Hocamuratova) Mehriban Sabir qızı ilə evlənərək Türkmənistan Respublikasına getmişlər və orada nikaha daxil olmuşlar. 1993-cü ildə Türkmənistan Respublikasında qeydiyyatdan çıxaraq yenidən daimi yaşamaq üçün Azərbaycan Respublikasına gəlmişlər. Birgə nikahdan iki uşaqları (1993-cü ildə qızı, 1995ci ildə oğlu) doğulmuşdur. Azərbaycan Respublikasına gəldikdən sonra Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 23.07.1993-cü il tarixdə Kamarakova kəndində minaya düşərək yaralanmış, Bakı şəhəri 3 saylı şəhər poliklinikasında müalicə almışdır. 2007-ci ildə arvadı Hocamuratova (Yusubova) Mehriban Sabir qızı vəfat etmişdir. Arvadının vəfatından sonra oğlu X1 da anasının vəfatına dözməyərək 2008-ci ildə intihar etmişdir. 2016-cı ildə Azərbaycan Respublikasının vətəndaşı X6 ilə ailə qurmuşdur. Lakin şəxsiyyətini təsdiq edən etibarlı sənədi olmadığı üçün nikaha daxil ola bilməmişlər. Belə ki, hazırda şəxsiyyətini təsdiq edən yeganə sənəd SSRİ nümunəli pasport və BMT QAK tərəfindən verilmiş himayə sənədidir. Azərbaycana gəldikdən sonra doğum haqqında şəhadətnaməni itirmişdir. Belə ki, döyüşə getdiyi zaman doğum haqqında şəhadətnaməni digər sənədlərlə birlikdə döyüşdüyü batalyonun rəhbərliyinə təqdim etmişdir. Lakin sonra onlar doğum haqqında şəhadətnaməni qaytarmamışlar. Artıq 27 ildən çoxdur ki, Azərbaycan Respublikası ərazisində yaşayır. Lakin Azərbaycan Respublikasında uzun illər qeydiyyatsız yaşamışdır. Hal-hazırda, şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. Bu səbəbdən də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Hal-hazırda, Tərtər rayonu Seydimli kəndində yaşayır və həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. O, doğum akt qeydində düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamə ilə təmin edilməsi üçün Türkmənistan Respublikasının müvafiq qurumlarına müraciət edilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə Cavabdehnə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinada qeyd olunanları müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddia təmin olunsa belə, qərarın icrası mümkün olmayacaqdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X4 Reyestri Xidməti 21.09.2021-ci il tarixli 05/2-8977/13 nömrəli məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2 və 59.1.6-cı maddələrinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi (X4 Reyestri Xidməti) inzibati orqan kimi işə cəlb edilə bilmədiyindən maraqlı şəxs qismində Cavabdeh nümayəndəsi iştirak etməlidir. Bu barədə qeydiyyat şöbəsinə müvafiq tapşırıq verilmişdir. İş materiallarına iddiaçıya məxsus pasportun surəti, doğum haqqında arayışın təsdiqlənmiş surəti, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş 21.05.2021-ci il tarixli Himayə sənədinin surəti, cavabdehin imtinası, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya proseslərinin təhlili və İnformasiya təminati Baş İdarəsinin 31.08.2021-ci il tarixli 05/4547 nömrəli məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı 10 aprel 1964-cü il tarixdə Türkmənistan Respublikasının Mary vilayəti, Sakarçage rayonu, Akyap kəndində anadan olmuş, bu barədə 16.04.1964-cü il tarixli 176 nömrəli doğum akt qeydi tərtib edilmiş, atası türkmən milliyəti Meredov Hocamurat, anası türkmən milliyəti Hacamuradova Ogulnur olmuşdur. Onun doğumu Mary vilayəti, Sakarçage rayonu, Akyap kəndi qeydiyyat şöbəsində və Türkmənistan Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən qeydiyyat idarəsinin arxivində 16.04.1964-cü il tarixli 176 nömrəli doğum akt qeydi mövcuddur. Doğum akt qeydində uşağın atasının adının qeyd edilmədiyi, soydının Hocamıradov yazıldığı, ondan başqa atasının adı Hocamurat, anasının soyadı Hocamuratova, adının Ogulnur qeyd edildiyi məlum olmuşdur. İddiaçının bildirdiyinə görə 27 ildən çoxdur ki, Azərbaycan Respublikası ərazisində yaşayır və hal-hazırda şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. Bu səbəbdən də BMT Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. 20 avqust 2018-ci il tarixdə cavabdehə müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin Türkmənistan Respublikasının müvafiq qurumlarından alınaraq ona verilməsini xahiş etmişdir, həmin müraciətə cavab olaraq doğum haqqında arayış ona təqdim edilmişdir. Doğum haqqında arayış təqdim olunan zaman doğumu barədə akt qeydində səhvlər olduğu görmüşdür. Həmin arayışda doğum akt qeydinə düzəliş etmək üçün yaşadığı rayonun qeydiyyat şöbəsinə müraciət etməlidir. Bu səbəndən də iddiaçı hesab edir ki, doğum haqqında akt qeydindəki səhvlər düzəldilməli, yeni düzəlişlər əsasında doğum haqqında yeni şəhadətnamə verilməlidir. Lakin onun şəxsiyyətini təsdiq edən sərhədkeçməyə əsas verən sənədi olmadığı üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərilən tələblə əvvəl cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən şəxsiyyətini təsdiq edən sənədin olmaması əsas göstərilərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. İnzibati orqanın iddiaçının müraciətindən imtinasının əsası onun şəxsiyyətini təsdiq edən sənədin olmamasıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının şəxsiyyətinin “Himayə sənədi” əsasında müəyyən edilib-edilməməsi məsələsinə qiymət verməlidir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir. Məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericilikdə vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyətini müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunmuş və iddiaçıya verilmiş himayə sənədi Azərbaycan Respublikası dövlət orqanı tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə, Azərbaycan Respublikası vətəndaşları arasında heç birr ayrı-seçkilik qoyulmamış, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırılması müəyyənləşdirilmişdir. Hazırkı işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş 21 may 2021-ci il tarixli, ***-*******1 saylı himayə sənədi əsasında şəxsin müraciəti təmin edilməlidir. Belə ki, qeyd edildiyi kimi, iddiaçı ona məxsus sənədlərlə doğumun qeydə alındığı ölkəyə gedə bilmir və lazımı sənədləri əldə edə bilmir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında onun vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq, ünvan 1i ünvanına qeydiyyata almışdır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X2 şəxsiyyətini təsdiq edən sənəd tələb olunmadan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş Himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında Türkmənistan Respublikasının Marı vilayətinin Sakarçaqe rayonunun Akyap kənd nümayəndəliyi tərəfindən 16.04.1964-cü il tarixdə 176 saylı aktla qeydə alınmış doğum akt qeydindəki səhvərin düzəldilməsi – soyadının “Meredov”, ata adının “Hocamuratoviç” kimi yazılmasının təmin edilməsi, həmin düzəlişlər əsasında doğum akt qeydinə dəyişikliklər edilməsi və dəyişikliklər edildən sonra həmin dəyişikliklərə əsaslanan doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməsi üçün Türkmənistan Respublikasının müvafiq qurumlarına müraciət edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1791/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1791/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver