Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1793/2025 17.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2024-cü il tarixli 3-25-2/2-Q-102xx-xx/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Təqdim olunan sənədlərə, döyüş əməliyyatlarının aparıldığı dövrdə əməliyyatlara cəlb edilmiş hərbi hissələrdə xidmətinə dair Mərkəzi Arxivin arayışına əsasən N nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il və yanvar-dekabr 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyat kitablarında və "Yaralıların qeydiyyatı" kitablarında hərbi xidməti və yaralanmağı barədə məlumatlar aşkar olunmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 616 nömrəli məktubunda bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin aprel-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il yanvar-dekabr 1994-cü il, yanvar-dekabr 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və "Yaralıların qeydiyyatı" kitablarında İddiaçı xidməti və yaralanması məlumat aşkar olunmamışdır. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin yanvar-mart 1992-ci il tarixli nizami hissə üzrə əmrləri və "Umudlu kənd özünümüdafiə" dəstəsinin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
3. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024cü il tarixli 3370 nömrəli cavab məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin aprel-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il yanvar-dekabr 1994-cü il, yanvar-dekabr 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissənin “Yaralıların qeydiyyatı” kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır.
4. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli 1718 nömrəli cavab məktubunda bildirilmişdir ki, komissiyanın arxiv bazasında vətəndaş İddiaçı barəsində heç bir məlumat aşkar olunmamışdır.
5. Məhkəmə sorğusuna Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2025-ci il tarixli 3-25-92/2-408/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 1991-1994-cü il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi tibb müəssiləri tərəfindən rəhbərlik etdiyi təşkilata təhvil verilmiş tibbi sənədlərə istinad edərək, stasionar (ambulator) müayinə və müalicədə olması barədə Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivində saxlanılan arxiv sənədləri bazasında məlumat aşkar edilməmişdir. II. Məhkəmədə icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və qardaşı X3 1991-1992-ci illərdə vaxtı ilə yaşadıqları Kəlbəcər rayonu Umudlu kəndinin Özünü müdafiə dəstəsinin tərkibində erməni quldur dəstələrinə qarşı müharibədən Qarabağ torpaqlarının müdafiəsində düşmənə qarşı müharibədə vuruşmuşlar. Həmin vaxtlar qardaşı X3 erməni atəşinə düçar olaraq Şəhid oldu. O, həmin illər Umudlu kənd özünün müdafiə dəstəsində erməni quldurlarına qarşı döyüşmüşdür. "Fosfar-23" əməliyyat qrupunun üzvü olmuşdur. Bundan sonra 1993-cü il tarixdən 1995-ci ilə qədər N saylı hərbi hissəyə keçərək Qarabağ torpaqlarının müdafiəsində ermənilərə qarşı müharibədə atəşə düçar olaraq ağır dərəcədə baş nahiyəsindən, qolundan və ayaq hissəsindən yaralanmışadır. Həmin vaxtlar onu Ağdam şəhərinə aparıblar Ağdam şəhərində bir gün müalicə edəndən sonra ağır xəsarətinə görə Bakı şəhəri Papalin Hərbi Qospitalına aparıblar. Həmin vaxtlar o özündə olmadığı üçün hara aparıldığını bilməmişdir. Həkimlər uzun müddət müalicə edib, özünə gələndən sonra valideynləri tərəflərindən ona söyləyiblər. Hal-hazırda özünü çox-çox pis hiss edərək şiddətli ağrılarla yaşayır. Müharibə illərində dövlətimiz, hökumətimiz onun əməyini çox yüksək qiymətləndirərək ona ömürlük 2-ci qrup müharibə əlili adı və vəsiqəsi verilib. Lakin Azərbaycan Respublikasında sərbəst, müstəqil, firəvan yaşamağmıza baxmayaraq ona bu günə qədər veteran adı və vəsiqəsi verilməyib. O, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğu ərizəsi yazıb göndərdi ki, o 1991-1992-ci il tarixlərdə vaxtı ilə yaşadığı Umudlu kənd özünü müdafiə dəstəsində erməni quldurlarına qarşı "Fosfar-23" əməliyyatı qrupunun üzvü olaraq müharibədə iştirak etməyi barədə və 1993, 1994 və 1995-ci il tarixlərdə N saylı hərbi hissəyə keçərək Qarabağ müharibəsində iştirak etməyi barədə ona məlumat verilməsini xahiş etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən ona rəsmi cavab verildi ki, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyat kitabında və hərbi hissənin "yaralıların qeydiyyat" kitabında heç bir məlumat yoxdur. Həmin cavabı iddia ərizəsinə əlavə etmişdir. N nömrəli hərbi hissə və "Fosfar-23" kəşfiyyat qrupunda 27 nəfər şəxs, o cümlədən Şəhid olan qardaşı X1 torpaqlarında canlarından keçərək vuruşmuşdur. Həmin 27 nəfər şəxslərin siyahısını ərizəyə əlavə etmişdir. Müharibə illərində sərişdəsiz, savadsız komandirlər tərəfindən Müdafiə Nazirliyinə məlumat vermədiklərinə görə, o və siyahıda göstərilən şəxslər cavabdeh deyilik. O vaxtlar hərbi rəhbərliyin sərişdəsizliyi ucbatından onun kimi və ondan başqa minlərlə vətəndaşların insan hüquqları kobud surətdə pozulub. III. İddianın növü və mümkünlüyü
8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
9. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərtin ödənilməsi qənaətindədir.
10. Belə ki, iş materiallarında iddiaçının cavabdehə müraciət etməsi və müraciətinin təmin edilməsindən imtina edilməsi barədə heç bir sənəd olmasa da, cavabdeh orqan iddiaya dair yazılı etirazında iddiaçının hazırkı tələblə eyni məzmunlu ərizəsinə komissiyasının iclasında baxılaraq barəsində müsbət qərar qəbul edilmədiyini göstərmişdir.
11. İddiaçıya sözügedən imtina məktubunun təqdim edilməsi məhkəmə sərəncamı ilə təklif edilmiş, o, iclas zamanı məktubu iddia ərizəsinə əlavə edərək məhkəməyə göndərdiyini, surətinin isə onda qalmadığını bildirmişdir.
12. Lakin sözügedən məktubun iddia ərizəsinin qoşmasında qeyd edilməsinə baxmayaraq, zərfin içərisindən çıxmaması barədə akt tərtib edilmişdir.
13. Bununla yanaşı, cavabdeh orqan iddiaya dair yazılı etirazında iddiaçının tələbinə münasibət bildirməklə, onun bu barədə ərizəsinə komissiyasının iclasında baxılaraq barəsində müsbət qərar qəbul edilmədiyini qeyd etmişdir ki, məhkəmə həmin halı iddiaçının cavabdehə həqiqətən müraciət etməsini və onun müraciətinin təmin edilməsindən imtina edilməsini təsdiq edən hal kimi qəbul edir.
14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. Tərəflər məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin ərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 2109 nömrəli məktubundan görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli, yanvar-dekabr 1994-cü il, yanvar-dekabr 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissənin “yaralıların qeydiyyatı” kitablarında İddiaçı barəsində məlumat aşkarlanmamışdır. Beləliklə, Mərkəzi Arxivin sözügedən məktublarından da görünür ki, İddiaçı hərbi xidməti, döyüşlərdə iştirak etməsi, yaralanmağı və qanuni əsaslarla ehtiyyata buraxılması barədə məlumat aşkar olunmamışdır.
Əsaslandırma hissəsi:
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
21. İş materiallarından müəyyən olur ki, İddiaçı tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, onun hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat aşkar edilmədiyindən cavabdeh orqan tərəfindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
22. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın olmamasıdır.
23. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.
24. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
25. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994 cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
28. Göründüyü kimi, əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir.
29. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimata görə: Bənd 1.6. 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.
30. Göründüyü kimi, cavabdeh inzibati orqanın İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmamasıdır ki, aparılmış məhkəmə araşdırmaları ilə də həmin hal öz təsdiqini tapmışdır.
31. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür.
32. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
33. Məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, order və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan və vetern adının verilməsi üçün yalnız iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi kifayət etmədiyindən, eyni zamanda şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasının (tərxis olunması) da vacib şərt olması səbəbindən iddia əsaslı sayıla bilməz.
34. Belə ki, iddiaçının hərbi xidmətin başa çatması ilə hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması barədə sənədlər mövcud deyildir.
35. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.
36. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə:
38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva