Məhkəmə qərarları › İş №2-1(114)-1796/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1796/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1796/2025 29.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında qeydə alınması və avtomatlaşdırılmış qaydada pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.

2. Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarı ilə İddiaçı, onun ailə üzvləri X7, X8, X9 və X2 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.73 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair “Torpağa mülkiyyət hüququna dair” xx.xx.1997-ci il tarixli JN-044 nömrəli dövlət aktı tərtib edilmişdir.

3. xx.xx.2012-ci il tarixli 37 nömrəli qəbzə əsasən İddiaçı mülkiyyətlərində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə 20 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir.

4. İddiaçı adına **********932 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsi tərtib edilmiş və SUN nömrəsi verilmişdir.

5. xx.xx.2018-ci il tarixli AN-İ 074253 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı, X11, X12, X13 və X10 mülkiyətlərində olan Qazax rayonu, Çaylı kəndində yerləşən 0.73 ha torpaq sahəsini X1.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qazax rayonu, Çaylı kəndində yerləşən 0.7292 ha torpaq sahəsi üzərində X3 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-F-92198/2023 nömrəli məktubunda bildirilmişdir ki, 2012-ci il üzrə Nazirliyin elektron proqram təminatlarında ona aid sığortaedən kimi uçot məlumatları (sığortaedənin uçot nömrəsi və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) aşkar edilmədiyindən sözügedən il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında öz əksini tapmaması məsələsinin araşdırılması mümkün olmamışdır. Nəzərinə çatdırılır ki, müvafiq dövrdə qüvvədə olan "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 10-cu maddəsində qeyd edildiyi kimi məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Qeyd etmək istəyirlər ki, Qanunda edilmiş dəyişikliklərə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra - DVX) həvalə olunmuşdur. Həmçinin Qanunun 13.2-ci maddəsinə və Nazirliyin Kollegiyasının xx.xx.2021-ci il tarixli **********1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası"nın 2.1-ci bəndinə əsasən "Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs"lərin sığortaçıda uçota alınması, uçotdan çıxarılması, həmçinin uçot məlumatlarına hər hansı dəyişikliyin edilməsi DVX tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, sığortaedən (torpaq mülkiyyətçisi) kimi uçota alınması məsələsinə baxılması üçün mülkiyyətində olan torpaq sahəsinə dair təsdiqedici sənədlərlə birlikdə yaşayış yeri üzrə DVX orqanına müraciət edə bilər. Qeyd etmək istəyirlər ki, tərəflərindən vətəndaşlara operativ və keyfiyyətli xidmət göstərilməsi məqsədilə onunla işçi qaydada əlaqə saxlanılmış (əlaqə nömrəsi: 070-293 -03- 66) və danışıq zamanı müraciətdə qeyd etdiyi məsələ ilə bağlı ətraflı məlumat verilmişdir.

8. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-F-79779/2024 nömrəli məktubu ilə ona imtina cavabı verilərək bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən kişilərin pensiya yaş həddi 65 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaoiunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1980-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla) 10 il 11 ay 25 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixindən sonrakı dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmri olmadığından) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2023-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə sosial müavinət təyin edilmiş, hazırda 220 manat olmaqla davam etdirilir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona Qanunun 22-1.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi də mümkün hesab edilmir. Bildirilir ki, təqdim etdiyi ödəniş qəbzinə əsasən adına məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsi ilə bağlı araşdırmanın aparılması, ödənildiyi təqdirdə onun fərdi şəxsi hesabında əks olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu göndərilmişdir. Qeyd edilən sorğu nəticələndikdən sonra yaşa görə əmək pensiyası hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-F-172956/2024 nömrəli məktubunda bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında İddiaçı dair sığortaedən kimi uçot məlumatları, "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat" (Forma B2) və "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"lar (Forma B3) aşkar edilməmişdir. Qeyd etmək istəyirlər ki, sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesablarına daxil edilməsi təqdim edilmiş Forma B2 və Forma B3 məlumatları əsasında həyata keçirilir. Müvafiq dövrdə qüvvədə olan "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial siğorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur.

10. Məhkəmənin sorğusuna Qazax rayonu üzrə Maliyyə İdarəsinin xx.xx.2024-cü il tarixli 3-xx-xx/2244/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı 18 iyun 2012ci il tarixli 37 nömrəli ödəniş qəbzinə əsasən 20 manat vəsait həqiqətən Dövlət Sosial Müdafiə Fondu Qazax rayon şöbəsinin 08016 nömrəli xəzinə hesab kitabına ödənilmişdir. II. Məhkəmədə icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında qeydə alınması və ödədiyi sosial sığorta haqqının sosial sığorta stajı kimi nəzərə alınaraq ona pensiya hüququnun yarandığı gündən yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə dair qərar çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1958-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1974-cü ildən sovxozda başlamışdır. 1976-1978-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra texnikuma qəbul olaraq əyani təhsil almışdır. 1989-cu ilədək əmək fəaliyyətinə davam etmişdir. Əmək kitabçasında doldurulma qaydası pozulduğu üçün işlədiyi son illər sığorta stajı hesablanan zaman nəzərə alınmamışdır. Nəzərə çatdırılır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatına yararlı 0.73 ha torpaq sahəsi verilmişdir. 2012-ci ildə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin məcburi dövlət sosial sığorta haqqı ödədikləri barədə məlumat aldıqdan sonra 2012-ci ildə JN-1044 (KOD ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən "Kapital Bank" Qazax filialına yaxınlaşaraq fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olması üçün 20 manat məcburi dövlət sosial sığorta haqqı kimi DSMF hesabına ödəniş etmiş və bank tərəfindən ona xx.xx.2012-ci il tarixli ödəniş qəbzi təqdim edilmişdir. Həmçinin ona **********932 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsi təqdim edilmiş və SUN nömrəsi verilmişdir. Pensiya hüququ yarandıqdan sonra "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsində göstərilən 01 iyul 2018-ci il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqqı nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etdikdə cavabdeh tərəfindən ərizəsinə cavab olaraq ona göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-F-79779/2024 nömrəli məktubda onun sığorta stajının 25 ildən az olması, eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalımın qeydə alınmadığı bildirilmiş və bununla da ona yaşa görə pensiya təyin edilməsindən imtina edilmiş və onun sosial təminat hüququ pozulmuşdur. Bundan sonra o, AR ƏƏSMN tabeliyində DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına məcburi dövlət sosial sığorta haqqı kimi ödədiyi 20 manat məbləğində pulun fərdi şəxsi hesabında mövcud olmaması ilə bağlı müraciət etdikdə qurum ona rəsmi məktub ünvanlayaraq elektron informasiya ehtiyatlarında ona aid sığortaedən kimi uçot məlumatları, "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat" (Forma B2 ) və "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar" (Forma B3) aşkar edilmədiyini bildirmişdir. Cavabdeh tərəfindən barəsində sosial sığorta şəhadətnaməsi tərtib edilmiş və ödədiyi məbləğin mövcudluğu qəbz vasitəsilə təsdiq edilmişdir. Ödədiyi məbləğin sosial sığorta stajına hesablanmaması, elektron sistemdə fərdi hesabında görünməməsi onun təqsiri ilə bağlı olmayan haldır və bu hal onun hüquqlarını məhdudlaşdırıcı nəticələr verməməlidir. O, ödənişi təyinatı üzrə ödəmiş və inzibati orqana həyata keçirdiyi fəaliyyətlə bağlı etimad göstərmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə işin bu faktik hallarını və qanunvericiliyi əsas tutaraq iddianın təmin edilməsi barədə qərar çıxaracaqdır.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

14. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında qeydə alınması və avtomatlaşdırılmış qaydada pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

17. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

19. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Qazax rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

22. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

24. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçının vəkil olan nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq, üzürlü səbəbdən məhkəmə iclasında iştirak etməyəcəyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

25. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

26. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı F.Mansurov tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958ci ildə doğulmuş əmək fəaliyyətinə 1974-cü ildə sovxozda başlamışdır. Daha sonra 1976- 1978-cı illərdə həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra 1989-cu ilədək əmək fəaliyyətini davam etdirmişdir. Qeyd edir ki yaşa görə əmək pensiyasının təyin edilməsi üçun Mərkəzi Filiala müraciət etsə də əmək kitabçasının doldurulma qaydaları pozulduğu üçün pensiya təyinatından imtina edilmişdir. Həmçinin əlavə edir ki, Qazax rayon Aqrar islahat komisyasının 8 sentyabr 1997-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinə 0.73 ha torpaq sahəsi verilmişdir. Məhz qeyd edilən torpaq sahəsinə görə xx.xx.2012-ci il tarixində Kapital bankın Qazax filialına yaxınlaşaraq mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadə edən şəxs kimi 20 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Ödəniş əsasında ona müavfiq qəbz də təqdim edilmişdir. Bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən ona ödədiyi məcburi dövlət sosial sığorta haqqına görə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Mərkəzi Filiala müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli 3-167-1/2-F-44728/2024 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, əmək kitabçası və digər sənədlərin surətinə əsasən onun sığorta stajı hərbi xidmət və əyani təhsil aldığı illər də daxil olmaqla 10 il 11 ay 25 gün təşkil edir. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1989-cu il tarixindən sonrakı dövrün doldurulma qaydası (işdən çıxma əmri olmadığından) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Əlavə olaraq, iddiaçı daha əvvəl iddia ərizəsində göstərilən eyni məzmunlu tələblə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiallna müraciət etmiş və cavab məktubunda qeyd olunmuşdur ki, "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 13.2-ci və Nazirliyin Kollegiyasının xx.xx.2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanaların uçotu" Qaydasının 2.1-ci maddəsinə əsasən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin sığortaçıda uçota alınması, uçotdan çıxarılması, həmçinin uçot malumatlarına hər hansı dəyişikliyin edilməsi İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilən məlumatlar əsasında əsasında həyata keçirilir. Qeyd olunlar nəzərə alınaraq Dövlət Vergi Xidmətində mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs kimi uçota alındıqdan sonra torpaq aktının surətini əlavə edərək yenidən yaxınlaşması xahiş edilmişdir. Tətbiq edilməli Hüquq "Əmək pensiyaları haqqında" Qanun: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1958-ci il tarixində Azərbaycan Respublikasının Qazax rayonun Çaylı kəndində anadan olmuş və pensiya yaşına xx.xx.2023-cü il tarixində pensiya yaşına çatmışdır. "Əmək pensiyaları haqqında" Qanunun 6-cı fəslinin 21-ci maddəsində sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət dövrləri tənzimlənmişdir. Qanunda qeyd olunur ki "Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Bu müddətə "işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir". Qanunun məzmunundan da aydın olur ki, sosial sığorta stajına iş illərinin daxil edilməsi məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirilmişdir. İddiaçının isə xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı aşkar edilməmişdir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri: Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun qeyd edilən maddəsindən göründüyü kimi, yaşa görə əmək pensiyası təyin edilərkən vətəndaşın 2006-cı il yanvarın 1-dək olan sığorta stajının 25 il hesablaması üçün 2 əsas şərt mövcuddur: 1. Vətəndaş 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmalıdır; 2. Vətəndaşın fərdi hesabının sığorta hissəsində 2018-ci il 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Lakin İddiaçı xx.xx.2023-cü il tarixində pensiya yaşına çatsa da, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli qərarı lə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları: 4. Sosial sığorta stajının hesablanması qaydası Həmin qaydaların 4.1-ci bəndinə əsasən Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006cı il yanvarın 1-dən sonrakı dövr üzrə - dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra - fərdi uçot) məlumatlarına əsasən; Bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında İddiaçı aid SUN (sığortaedənin uçot nömrəsi) almaqla "Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs kimi" uçot məlumatları, iddiaçı tərəfindən 2012-ci il üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanalar haqqında məlumatlar) həmçinin həmin dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilməmişdir. Sosial sığorta hqaqında Qanunun Maddə 10 Sığortaedənin vəzifələri Məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta hadisəsi baş verdikdə sığorta ödəmələrini vaxtında və müəyyənləşdirilmiş qaydada sığorta olunanlara vermək, sosial sığorta vəsaitlərinin hərəkətinin uçotunu aparmaq və bu barədə siğortaçıya hesabat vermək və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanuna əsasən sosail sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatlatı dürüst və müəyyən olunmuş müddətə təqdim etmək sğortaedənin vəzifəsi olmuşdur. Maddə 13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu 13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcbur dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Qanunun 13.2-ci və Nazirliyin Kollegiyasının xx.xx.2021-ci il tarixli **********1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanaların uçotu" Qaydasının 2.1-ci maddəsinə əsasən "Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin sığortaçıda uçota alınması, uçotdan çıxarılması, həmçinin uçot malumatlarına hər hansı dəyişikliyin edilməsi İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilən məlumatlar əsasında əsasında həyata keçirilir. Beləliklə yuxarıda qedy edilən qanunvericilik normaları onu deməyə əsas verir ki, İddiaçı ödədiyi məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabda əks etdirilməsi üçün mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs kimi uçota alınması əsas şərtlərdən biridir. Hazırda iş materilları ilə müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs kimi uçota alınmamış, eyni zamanda 2012-ci il üzrə təqdim edilmiş, (məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar) həmçinin həmin dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilməmişdir.

27. Cavabdehin nümayəndəsi X15 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - “Torpağa mülkiyyət hüququna dair” xx.xx.1997-ci il tarixli JN-044 nömrəli şəhadətnamə; - xx.xx.2012-ci il tarixli 37 nömrəli qəbz; - **********932 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsi; - xx.xx.2018-ci il tarixli AN-İ 074253 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-F-92198/2023 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-F-79779/2024 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-F-172956/2024 nömrəli məktubu;

Əsaslandırma hissəsi: VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

29. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

30. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı və ailə üzvlərinə Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli qərarı ilə kənd təsərrüfatına yararlı 0.73 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən istifadəyə görə xx.xx.2012-ci il tarixli 37 nömrəli qəbzə əsasən 20 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Həmçinin ona **********932 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsi təqdim edilmiş və SUN nömrəsi verilmişdir.

31. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-F-79779/2024 nömrəli məktubu ilə ona imtina cavabı verilərək bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən kişilərin pensiya yaş həddi 65 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaoiunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1980-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla) 10 il 11 ay 25 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixindən sonrakı dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmri olmadığından) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2023-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə sosial müavinət təyin edilmiş, hazırda 220 manat olmaqla davam etdirilir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona Qanunun 22-1.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi də mümkün hesab edilmir. Bildirilir ki, təqdim etdiyi ödəniş qəbzinə əsasən adına məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsi ilə bağlı araşdırmanın aparılması, ödənildiyi təqdirdə onun fərdi şəxsi hesabında əks olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu göndərilmişdir. Qeyd edilən sorğu nəticələndikdən sonra yaşa görə əmək pensiyası hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

32. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-F-172956/2024 nömrəli məktubunda bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında İddiaçı dair sığortaedən kimi uçot məlumatları, "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat" (Forma B2) və "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"lar (Forma B3) aşkar edilməmişdir. Qeyd etmək istəyirlər ki, sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesablarına daxil edilməsi təqdim edilmiş Forma B2 və Forma B3 məlumatları əsasında həyata keçirilir. Müvafiq dövrdə qüvvədə olan "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial siğorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur.

33. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsassız hesab edir.

34. Belə ki, iddiaçının xx.xx.2012-ci il tarixli 37 nömrəli qəbz əsasında İddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə 20 manat məcburi dövlət sosial sığorta haqqı ödəməsi Qazax rayonu üzrə Maliyyə İdarəsinin xx.xx.2024-cü il tarixli 3-xx-xx/2244/2024 nömrəli cavab məktubu ilə öz təsdiqini tapmışdır. Həmin məktubda bildirilir ki, İddiaçı 18 iyun 2012-ci il tarixli 37 nömrəli ödəniş qəbzinə əsasən 20 manat vəsait həqiqətən Dövlət Sosial Müdafiə Fondu Qazax rayon şöbəsinin 08016 nömrəli xəzinə hesab kitabına ödənilmişdir.

35. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

37. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

38. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-ci il tarixdən etibarən kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur.

39. xx.xx.1958-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. İddiaçının 65 yaşda pensiya yaşına çatması cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

40. “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 22-1-ci maddəsinin mətninə əsasən: 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.

41. Beləliklə, cavabdehin iddiaçı tərəfindən 2012-ci il üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanalar haqqında məlumatlar) həmçinin həmin dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının aşkar edilməməsi barədə dəlili öz təsdini tapmır. Ona görə ki, həmin mdss haqqının iddiaçı tərəfindən ödənilməsi öz təsdiqini tapmaqla, onun Nazirliyin elektron informasiya ehtiyatlarında əks etdirilməməsi iddiaçının məsuliyyət sefrasına aid edilən məsələ olmadığından onun sosial təminat hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz.

42. Başqa sözlə, şəxs tərəfindən ödənişlərin həyata keçirilməsi zamanı ödənilən məbləğin fərdi şəxsi hesabda qeydə alınıb-alınmamasına nəzarət etmək onun imkanları xaricində olmaqla, birbaşa olaraq səlahiyyətli inzibati orqanın məsuliyyəti çərçivəsində müəyyən edilən məsələdir. Ödənilmiş məbləğlərin şəxsin fərdi şəxsi hesabında qeydə alınmaması iddiaçının hüquqlarını məhdudlaşdırıcı amil kimi nəzərə alına bilməz.

43. Cavabdeh orqanın iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs kimi uçota alınmaması dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, əvvəla, İddiaçı sığortaedən kimi uçota alınmış və onun adına **********932 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsi tərtib edilmişdir. Digər tərəfdən isə, iddiaçı ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsini xx.xx.2018-ci il tarixli AN-İ 074253 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı, X11, X12, X13 və X10 mülkiyətlərində olan Qazax rayonu, Çaylı kəndində yerləşən 0.73 ha torpaq sahəsini X1 və sonuncunun Qazax rayonu, Çaylı kəndində yerləşən 0.7292 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydiyyata alınmışdır. Yəni, sözügedən torpaq sahəsi iddiaçının hazırda mülkiyyətində olmadığından onun yenidən Dövlət Vergi Xidmətində uçota alınması da mümkün deyildir.

44. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir.

45. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

46. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilsin. İddiaçı kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında qeydə alınması və avtomatlaşdırılmış qaydada pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar