Məhkəmə qərarları › İş №2-1(114)-1798/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1798/2020

15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1798/2020 15.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi 3-cü Korpus komandirinin müddətdən artıq hərbi xidmət qulluqçusu kimi ehtiyyata buraxılmasına dair xx.xx.2019-cu il tarixli, 0105-əç nömrəli əmrinin ləğv olunması, 3-cü Ordu Korpusunun N saylı hərbi hissəsinə müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmətə bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi 3-cü Korpus komandirinin xx.xx.2019-cu il tarixli, 0105-əç nömrəli əsasında “Hərbi vəzifə xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehiyata buraxılmışdır. Hesab edir ki, xidmətdə olduğu müddət ərzində heç bir qanun pozuntusuna yol verməmişdir. Bu səbəbdən də həmin əmr ləğv edilməli və o xidmətə bərpa edilməlidir. İddiaçı ərizə təqdim edərək hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, ərizəni onunla əsaslandırmışdır ki, ailəsində olan problemlər və mövcud pandemiya səbəbindən prosessual müddəti ötürmüşdür. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.2008-ci il tarixli, AO ******* nömrəli hərbi biletin 21-ci səhifəsində olan müvafiq qeydlərdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi 3-cü Korpus komandirinin xx.xx.2019-cu il tarixli, 0105-əç nömrəli əmri əsasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı qeyd edilən normalarda nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddiaçı ehtiyata buraxıldıqda hərbi hissə ilə xidməti hüquq münasibətinə xitam verildiyini bilmiş və qanunla müəyyən edilmiş müddət ərzində bərpa olunmasına cəhd etməmiş və məhkəməyə müraciət etməmişdir. Həmçinin qeyd edilməlidir ki, hazırda mübahisələndirilən əmr xx.xx.2019-cu il tarixli olmasına baxmayaraq iddiaçı prosessual müddətin ötürülmə səbəbi kimi ölkə ərazisində yayılmış müvafiq pandemiyanı qeyd etmişdir. Məhkəmə iddiaçının qeyd olunan arqumentini əsaslı hesab etmir, çünki qeyd olunan pandemiya ilə bağlı müvafiq qabaqlayıcı tədbir kimi ölkə ərazisində tətbiq edilmiş məhdudiyyətlər cari ilin mart ayının sonlarından etibarən həyata keçirilməyə başlanılmışdır. Odur ki, iddiaçının karantin rejimi ilə bağlı müddəti ötürməsi üzürlü sayıla bilməz. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar