Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1798/2022 12.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1998-ci ildən 2015-ci ilədək ona verilmiş sığorta kartına ödədiyi pulların düzgün hesablanması və stajının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının ümumilikdə 19 il iş stajı olmuşdur, ancaq qalan 6 il iş stajı təmin edilməmişdir. O, 1982-ci ildən 1986-cı ilə qədər Xocəvənd rayon Yenikəndində fermada işləmiş, ancaq həmin işlədiyi yer barədə onun əmək kitabçasında qeyd edilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ona verdiyi sığorta kartına 1998-ci ildən 2015-ci ilə kimi ödədiyi pullar adına köçürülməmişdir. Hesab edir ki, cavabdeh olan Nazirlik tərəfindən onun sosiala ödədiyi pullara görə çatışmayan staj illərinin bərpa olunması məqsədə uyğundur. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, 1996-cı ildən 2015-ci ilə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmiş, bununla yanaşı bildirmişdir ki, iddiaçının hazırda təqdim etdiyi qəbzlərdən görünür ki, onun 2018-ci ilədək sığorta kapitalı mövcud olmuşdur. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının əmək kitabçasına əsasən 20 il 3 ay 9 gün sosial sığorta stajı var. Lakin təqdim etdiyi qəbzlər üzrə sosial sığorta haqları bazaya işlənmədiyindən sosial sığorta stajı kimi nəzərə alınmır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 1976-2004-cü illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -surəti işə əlavə edilmiş BO 075099 nömərli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -xx.xx.2008, xx.xx.2008, xx.xx.2009, xx.xx.2009, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011 və xx.xx.2013-ci il tarixli qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən DSMF-yə 2006-2015-ci illər üzrə sığorta haqqı ödənilmişdir. -AR ƏƏSMN tabeliyində DSMF-nin xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubunun surətindən görünür ki, Nazirliyin tabeliyində DSMF-nin elektron məlumat bazasında 2008-2012-ci illəri əhatə edən dövrlər üzrə İddiaçı tərəfindən təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar” aşkar olunmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı cavabdehə müraciət edərək məcburi dövlət sosial sığorta haqları ödədiyi dövrlərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etmiş, lakin Nazirliyin tabeliyində DSMF-nin elektron məlumat bazasında 2008-2012-ci illəri əhatə edən dövrlər üzrə İddiaçı tərəfindən təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar” aşkar olunmadığından müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -21.2. maddəsinə görə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Bərdə rayon İstehlak cəmiyyətində işləmiş, bundan əlavə qanunvericiliklə müəyyən olunmuş qaydada fərdi sahibkar kimi 2006-2015-ci illər üzrə məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. Qeyd olunanlar iş materiallarına əlavə edilmiş müvafiq ödəniş qəbzləri ilə öz təsdiqini tapır. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı iddiaçının 20 il 3 ay 9 gün sosial sığorta stajının olduğunu və sözügedən qəbzlərdən sonuncunun 2018-ci ilədək pensiya kapitalı olduğunu, lakin həmin dövrlər üzrə sosial sığorta haqlarının Nazirliyin tabeliyində DSMF-nin elektron məlumat bazasına işlənmədiyindən sosial sığorta stajı kimi nəzərə alınmadığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqlarının cavabdehin müvafiq tabe qurumu tərəfindən bazaya işlənməməsi iddiaçının ziyanına şərh oluna bilməz. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Odur ki, iddiaçının 1996-2015-ci illərdə işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla xx.xx.2020-ci il tarixdə artıq tələb olunan yaş (64 yaş 6 ay) həddində olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 1996-2015-ci illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1798/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1798/2022
12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver