Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-18/2020 05.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olmuş Gəncə şəhəri Vəli Xuluflu küçəsində yerləşən 192 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində ona dəymiş 100000 (yüz min) manat məbləğində maddi, 50000 (əlli min) manat məbləğində mənəvi zərərin kompensassiya şəklində cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri,V.Xuluflu küçəsində yerləşən lakin sonradan cavabdeh tərəfindən qeyri-qanuni olaraq sökülmüş 192 saylı fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olmuş və həmin evdə iddiaçı ailə üzvləri ilə birlikdə yaşamışdır. Cavabdeh təşkilat Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia tələbi ilə müraciət edərək həmin evin sökülməsi, onun və ailə üzvlərinin həmin evdən çıxarılaraq başqa əraziyə köçürülməsinə dair qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2017-ci il tarixli 2-1(83)-2358/2017 nömrəli qərarı ilə iddia təmin olunmuş, qeyd olunan qərar Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə ləğv edilmiş və cavabdehin iddiası mümkün sayılmamışdır. Cavabdeh orqan Gəncə Apellyasiya Məhkəməsində şikayətə baxılarkən və heç nəyə məhəl qoymayaraq qeyriqanuni olaraq iddiaçının xüsusi mülkiyyətində olan evi sökərək onu ailə üzvləri ilə birlikdə çölə atmış, evdə olan bütün əşyalar və avadanlıqlar xaotik olaraq bayıra tökərək yararsız hala salınmışdır. İddiaçı hesab edir ki, cavabdeh təşkilat Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti bu hərəkətləri ilə Azərbaycan Respublikası Konstitusiyasının tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ona “xarabayeri” adlanan ərazidə 2 otaqlı ev təklif edilmişdir, lakin yerin yaxınlığında zavod yerləşdiyinə görə ora köçməkdən imtina etmişdir. 2017-ci ildə onu öz evindən çıxararkən Nizami RİH-nin işçiləri ev əşyalarını təklif olunan evə daşıyıb yığıblar, hazırda da əşyalar həmin evdədir. 2017-ci ildən isə Bakı şəhərində tanışının evində yaşayır. İddiaçının nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, cavabdeh tərəfindən onlara təklif edilən evlə razı deyillər və həmin evdə ümumiyyətlə yaşamamışlar, evləri sökülən gündən Bakı şəhərində yaşayırlar. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə məhkəmədən kənar danışıqlar aparılmış, ona 0,4 ha torpaq sahəsi və təklif olunan evin həcminin artırılması təklif edilmiş, lakin iddiaçı razılaşmamışdır. Həmçinin cavabdeh orqan iddiaçıya hazırda 83 kv.m təmirli ev təklif edir və həmin ev 3 otaqlıdır. İddiaçıya təklif olunan evin yerləşdiyi şəhərcikdə hazırda 40-dan çox ailə yaşayır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -MA seriyalı, ********** qeydiyyat nömrəli, xx.xx.2011-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda 0,0096 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçının sökülmüş evi 2 otaqlı, yaşayış sahəsi 35.6 kv.m, ümumi sahəsi 69,3 kv.m olsa da ona cavabdeh tərəfindən son təklif olaraq daha böyük həcmli, yəni 83 kv.m-dən ibarət 3 otaqlı, təmirli ev təklif edilmiş, lakin iddiaçı ona təklif olunan ərazinin yaşayış üçün yararlı olmaması əsası ilə təklifləri qəbul etməmişdir. Məhkəmə iddiaçının faktiki olaraq Bakı şəhərində yaşadığına görə onun təklif olunan evin yaşayış üçün yararsız olması əsası ilə qəbul etməkdən imtina dəlillərini də inandırıcı hesab etmir. Bununla yanaşı həmin ərazidə 40-dan çox ailənin hazırda da yaşaması məhkəmənin qənaətinin əsaslı olmasına dəlalət edir. Həmçinin qeyd edilməlidir ki, sökülmüş yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olmasa da (torpaq bələdiyyə mülkiyyətindədir) həmin sahənin dövlət ehtiyacları üçün alınması zərurəti yarandığından iddiaçının evi sökülmüş və əvəzinə müvafiq kompensasiya təklif edilmişdir. Ona görə də hazırki mübahisəyə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun və oxşar qanunvericilik normalarının müddəaları tətbiq edilə bilər. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun:- 1.1.1-ci maddəsinə əsasən alınma dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması başa düşülür. 5.1-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə və bələdiyyə mülkiyyətində olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 56.1.1-ci maddəsinə əsasən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin. 65.1.2-ci maddəsinə əsasən kompensasiyanın ödənilmə formasından biri kimi “itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili” müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.5-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. Həmin Məcəllənin 247.4.2 maddəsinə əsasən dövlət ehtiyacları üçün alınan torpaqlara görə kompensasiya itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili formasında ödənilə bilər. İddianın mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2 maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.2 maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi AR MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli qərarında göstərmişdir ki, mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri–maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli Qərarında Plenum məhkəmələrə izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X4 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. -Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. -Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan mərhum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. -Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qeyd olunan normalara əsaslanaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi və bu sarsıntı və iztirabların nədə ifadə olunmasını sübut edən hər hansı dəlil və sübut təqdim etməmişdir. Bundan əlavə, məhkəmə hesab edir ki, iş üzrə iddia təmin edilmədiyindən 600 (altı yüz) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 110.3 maddəsinə görə iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prossesual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia təmin edilməsin. İş üzrə 600 (altı yüz) manat məhkəmə xərci İddiaçı tutularaq “xxxx” MMC-nin VÖEN **********, Kod:503314 VÖEN (bank) **********, müxbir hesab AZ89NABZ******************** S.W.İ.F.T BİC: AMRAAZ22, H/h:AZ40AMRA******************** saylı hesabına ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-18/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-18/2020
05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver