Məhkəmə qərarları › İş №2-1(114)-18/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-18/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-18/2025 04.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, iddiaçının nümayəndəsi olan vəkili Vəkil İnqilab oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09 mart 2022-cü il tarixli **********233100 nömrəli qərarı ilə 2020 –ci il dövrünə dair Gəlir vergisi üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama ilə müəyyən edilmiş vergi və sığorta haqqı 12.493,75 manat miqdarında, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 11.715,55 manat müəyyən edilmişdir. İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2022-ci il tarixli **********224100 nömrəli qərarı ilə fərdi sahibkar İddiaçı kameral vergi yoxlanması ilə əlavə hesablanmış vergi məbləğinin aadılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət edərək cavabdehin 09 mart 2022-ci il tarixli **********233100 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi; Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 09 mart 2022-ci il tarixli, **********233100 saylı qərarı ilə ona 11.715.55 manat əlavə hesablanmış vergi məbləği hesablanmışdı. Bundan sonra yuxarı orqanına şikayət edərək vergi yoxlaması ilə 2020-ci ilin gəlir vergisi bəyamnaməsi üzrə hesalanmış vergi məbləğinin azaldılmasını xahiş etmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin 21 sentyabr 2022-ci il tarixli qərarı ilə onun şikayəti təmin edilməmişdir. Cavabdeh iddiaya dair etiraz daha sonra etiraza əlavə təqdim etmişdir. Etirazda bildirilir ki, iddiaçı tərəfindən ləğv edilməsi tələb olunan xx.xx.2022-ci il tarixli **********233100 nömrəli qərar xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə göndərilmişdir. Belə ki, Vergi Məcəlləsinin 70.1 -ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2- 1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün; 70.2- 1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2- 1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Əlavə olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan maddəsi Məcəlləyə 30 noyabr 2018-ci il tarixli 1356- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Vergi Məcəlləsinin qeyd olunan maddəsindən aydın olduğu kimi mübahisələndirilən qərarlar iddiaçıya elektron üsulla təqdim edilmişdir. Belə ki, qeyd olunan qərarlar iddiaçıya elektron üsulla onun elektron kabinetinə göndərildikdən 3 iş günü keçdikdən sonra ona lazımi şəkildə çatdırılmış hesab edilir. Yuxarıda istinad etdiyimiz normaların mənasından görsəndiyi kimi, xx.xx.2022-ci il tarixli **********233100 nömrəli qərar iddiaçıya xx.xx.2022-ci il tarixdə lazımi şəkildə çatdırılmış hesab edilməlidir. Sözügedən qərarın mübahisələndirilməsi üçün son gün xx.xx.2022-ci il tarixi olmuşdur. Vergi orqanlarında olan uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək, mübahisələndirdiyi qərar əsasında hesablanmış verginin azaldılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı yuxarı inzibati orqana şikayət etdiyi zaman 2 aydan artıq müddət olmaqla qanunvericilikdə əks olunmuş prosessual müddəti ötürmüşdür. X3 ilə 12 saylı Ərazi Vergilər Departamentinin (indiki 12 saylı Ərazi Vergilər Baş İdarəsi) rəisi X6 arasında bağlanmış xx.xx.2016-ci il tarixli Elektron sənəd mübadiləsi haqqında müqavilənin 4.1.7-ci bəndinə əsasən vergi orqanı tərəfindən elektron qaydada göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifələrindən biridir. Müqavilədən də göründüyü kimi vergi ödəyicisi mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) onun elektron kabinetinə göndərilən sənədlərlə tanış olmalı idi. Bu onun müqavilədən irəli gələn öhdəliyidir. xx.xx.2016-cı il tarixli müqavilənin 7.1 -ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 3 il müddətinə qüvvədədir. iddiaçıya məxsus elektron kabinetdə mövcud olan xx.xx.2022-ci il tarixli 803526 nömrəli etibarnamədən görünür ki, İddiaçı hüquqlarını müdafiə etmək, lazımı hüquqi yardım almaq məqsədi ilə Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil prosessual nümayəndəlik səlahiyyəti vermişdir. Sözügedən etibarnamə 1 il müddətinə verilmiş və qüvvədən düşmə tarixi xx.xx.2023-cü il saat 23:59 göstərilmişdir. İPM-in tələbləri baxımdan vəkil F. İskəndərov işdə prosessual nümayəndə kimi onun nümayəndəliyini təsdiq edən sənəd əsasında iştirak edə və müvafiq prosessual hərəkətləri (o cümlədən iddia ərizəsini tərtib etməklə bağlı hərəkətləri) yerinə yetirə bilər. Lakin vəkil tərəfindən dəqiqləşdirilmiş iddia ərizəsi verilən tarixdə-yəni xx.xx.2024-cü ildə xx.xx.2022-ci il tarixli 803526 nömrəli etibarnamənin müddəti bitmişdir. Belə olan halda iddia ərizəsi müvafiq səlahiyyətə malik olmayan şəxs tərəfindən verildiyindən mümkünsüz sayılmalıdır. İddiaçının nümayəndəsi olan vəkili Vəkil İnqilab oğlunun və cavabdehin nümayəndəsi X7 məhkəmə iclasına gəlmişlər. İddiaçının nümayəndəsi olan vəkili Vəkil İnqilab oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə cavabdeh orqanın məhkəməyə ünvanladığı iddia tələbinin mümkün hesab edilməməsi barədə vəsatətinə münasibətdə qeyd edir ki, iddiaçı mübahisələndirilən qərardan inzibati orqana müraciət etmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 21 sentyabr 2022-ci il tarixli İnzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilmişdir,qərarın sonluğunda qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və (və ya) məhkəməyə şikayət etməsi qeyd edilmişdir.İddiaçı isə məhkəməyə xx.xx.2022-ci il tarixində müraciət etmişdir.Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, prosessual müddət buraxılmamışdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən ““Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-cü il tarixli **********233100 nömrəli qərarı qərarın ləğv edilməsinə yönəldilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-cü il tarixli **********233100 nömrəli qərar qəbul edilən zaman vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. İş üzrə təqdim edilmiş ekspert rəyində nəticədə qeyd edilmişdir ki, 1.Təqdim edilmiş “Microsoft Windows XP Professional” əməliyyat sistemi ilə təchiz olunan “İBM POS” markalı arxa məlumat lövhəsinə görə “4613-E18” modelli “41-22290” seriya nömrəli kassa aparatı işlək vəziyyətdədir. 2. Məhkəmə-kompüter texniki ekspertizasının təyini haqqında qərardadda “İBM POS” markalı arxa məlumat lövhəsinə görə “4613-E18” modelli “41- 22290” seriya nömrəli kassa aparatı üzrə qoyulmuş suallar mütəxəssis -“CASPOS MMC” nin X8 müdiri “X4” tərəfindən cavablandırmışdır. Mütəxəsis rəyində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə e-2-l(114)-471/2023 saylı iş üzrə tədqiqat obyekti kimi təqdim edilmiş 4613-XXX tipli İBM POS markalı, ******* seriya nömrəli kassa aparatının və "fləşkart" tipli yaddaş qurğusu daxilində olan məlumatlara mütəxəssis qismində cəlb edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X8 müdiri X2 tərəfindən baxış keçirilmişdir. Baxış zamanı ******* seriya nömrəli kassa aparatında olan logfaylların daxilində 2020-ci ilə aid loglar aşkar edilməmişdir. Lakin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunan "fləşkart” tipli yaddaş qurğusunda olan log faylların içərisində 2020-ci ilə aid olan loglar müəyyən olunmuşdur. Fləşkart qurğusu daxilində olan loglarda həqiqətən də, 4613-XXX tipli İBM POS markalı - ******* zavod nömrəli kassanın və "İddiaçı" İddiaçı adı var. Lakin fləşkart tipli yaddaş qurğusunda olan logların ******* zavod nömrəli kassa aparatına məxsus olması tərəfimdən müəyyən oluna bilmədi. 1) NKA-da hər hansı nasazlıq olduğu halda yaddaşında olan məlumatlar fərqli formada onlayn qaydada ötürə bilərmi? NK-a nasaz olduğu halda heç bir məlumat ötürə bilməz. NK-a ya məlumatlar X5 (YPQ) daxil olur və YPQ düzgün sazlanmadığı halda NK-a YPQ-dən daxil olmuş səhv və ya düz məlumatları qəbul etdiyi kimi DVX-a bazasına ötürür. Məhkəmə qeyd edir ki, "xxxx" MMC E-Kassa operatoru 28№ qüsur aktına əsasən Qüsurun səbəbi:Sahibkarın müraciəti əsasında onlar tərəfindən araşdırılma aparılarkən aşkar olunmuşdur ki, sahibkara məxsus olan yanacaq doldurma məntəqəsində istifadə etdiyi İBM-POS 4316 tipli nəzarət kassa aparatında xx.xx.2019-cu il tarixindən xx.xx.2021ci il tarixədək gündəlik 2-hesabatı alarkən NKA YPQ-nin sayğaclarından məlumatlarını düzgün oxuya bilmədiyi üçün nəticədə real satışdan artıq məbləğ bərpa qəbzi çap olunurdu,məlum oldu ki YPQ (yanacaq pompa qurğusu)-nun konfiqurasiyası düzgün qurulmamışdır, iki (2) YPQ-ya bir DSR qurğusu qoşulmuşdur .xx.xx.2021-ci il tarixində YPQ mütəxəssisi dəvət olundu və bir YPQ kassadan ayrılmışdır, ikinci YPQ üçün əlavə DSR qurğusu qoşulmalı olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(11202)- 2643/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli Qərarında da ifadə etdiyi mövqeyinə uyğun olaraq; Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. Lakin hesablamanın bu qaydada tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 33. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanlardan istifadə edərək, iddiaçı üçün əlverişli halları nəzərə almamış və verginin düzgün hesablanmasını təmin etməmişdir. Əslində cavabdeh müvafiq əlaqəli məlumatlar əsasında iddiaçının mövcud xərclərini və bunun üzərindən mənfəətini (gəlirini) müəyyən edə bilərdi. Həmçinin, analoji vergi ödəyicisinə aid məlumatların araşdırılması istiqamətində də cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Hətta son zərurət olaraq şərti rentabellik normasının tətbiqi istiqamətində də inzibati araşdırma aparılmamışdır. Odur ki, cavabdeh tərəfindən aparılmış hesablama əsassız sayılmalıdır . Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin olunsun. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********233100 saylı qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar