Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1800/2021 28.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 20.05.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(112)-6758/2021 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 04.07.1992-ci il tarixdən 11.02.1996-cı il tarixədək Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, 1992-ci ildən Ncü ilin may ayınadək (atəşkəs elan olunana qədər) N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. İddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçının vəkili X1 məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 27.08.2021-ci il tarixli 11/4064 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, İddiaçı adına tərtib edilmiş 10.09.2020-ci il tarixli 9/2-9229 nömrəli Arxiv arayışında onun 15.11.1993-cü il tarixdə N nömrəli hərbi hissəyə daxil olması barədə əmr olmadığına və sonrakı xidmət dövründə hərbi hissəni özbaşına tərk etmə faktı olduğuna görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 17.03.2021ci il tarixli 1/İ-6866 nömrəli məktubundan görünür ki, Mərkəzi Arxivin 10.09.2020-ci il tarixli 9/2-9229 nömrəli arayışına əsasən İddiaçı 15.11.1993-cü il tarixdə N nömrəli hərbi hissəyə daxil olması barədə əmr olmadığına və sonrakı xidmət dövründə hərbi hissəni özbaşına tərk etmə faktı olduğuna görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin məqsədəmüvafiq olmadığı bildirilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 10.09.2020-ci il tarixli 9/2-9229 nömrəli arayışında qeyd olunmuşdur ki, 704(877) nömrəli hərbi hissə komandirinin 05.06.1992-ci il tarixli 31 nömrəli əmri ilə İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara salınmış, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında onun komandirin 15.11.1993-cü il tarixli 93 nömrəli əmrilə şəxsi heyətin siyahısına salınması barədə məlumat qeyd olunmuş, lakin N nömrəli hərbi hissə komandiri tərəfindən 15.11.1993-cü il tarixli 93 nömrəli əmr verilməmiş, hərbi hissəni özbaşına tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin 13.10.N-cü il tarixli 210 nömrəli əmrilə ştatdan kənar edilməklə bütün növ təminatlardan çıxarılmış, fərarilikdən qayıtdığına görə N nömrəli hərbi hissə komandirinin 08.11.N-cü il tarixli 236 nömrəli əmrilə bütün növ təminatlara salınaraq vəzifəsinin icrasına buraxılmış, “Hərbi xiddmət haqqında” Qanunun 18-ci maddəsinin “d” bəndinə (ailə vəziyyətinə görə) və Baş Qərargah rəisinin 31.01.1996-cı il tarixli müvafiq sərəncamına əsasən ehtiyata tərxis olunmuş, N nömrəli hərbi hissə komandirinin 11.02.1996-cı il tarixli 42 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Goranboy RHK-nin sərəncamına göndərilmiş, N nömrəli hərbi hissə komandirinin fevral N-cü il tarixli nizami hissə üzrə əmrlərində onun şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar edilməmişdir. -surəti işə əlavə edilmiş Tərtər Hərbi Prokurorluğunun 19.11.2020-ci il tarixli 22HP5274 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. -surəti işə əlavə edilmiş SX ******* nömrəli hərbi biletdə İddiaçı 04.07.1992-ci il tarixdən 11.02.1996-cı il tarixədək Azərbaycan Silahlı Qüvvələrində (877 və N nömrəli hərbi hissələrdə) həqiqi hərbi xidmətdə olması qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsində göstərilmişdir ki, Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı həqiqətən 04.07.1992-ci il tarixdən 11.02.1996-cı il tarixədək Azərbaycan Silahlı Qüvvələrində (877 və N nömrəli hərbi hissələrdə) həqiqi hərbi xidmətdə olmuş, həmçinin qanuni əsaslarla (N nömrəli hərbi hissə komandirinin 11.02.1996-cı il tarixli 42 nömrəli əmrilə) ehtiyata buraxılmışdır. Lakin cavabdeh orqan onun hərbi hissəni özbaşına tərk etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən Əsasnamənin qeyd hissəsində döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərdən söhbət gedir ki, hazırki iş üzrə iddiaçının barəsində qeyd olunan cinayətlərə görə cinayət işinin olmasını, eləcə də cinayət məsuliyyətindən azad edilməsini təsdiq edən müvafiq sübutlar cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi iddiaçı hərbi xidmətdə olmaqla yanaşı, həm də qanuni əsaslarla ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:- -68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -73.1 maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1800/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1800/2021
28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver