Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1800/2022 18.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı Sayad oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sayad oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “ona pensiya təyin edildikdən sonra işləyərək xx.xx.2012-cü il tarixədək olan dövr üzrə topladığı sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanması azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı Sayad oğlu (bundan sonra mətndə iddiaçı) xx.xx.1954-cü il tarixdə Qazı- Məmməd şəhərində anadan olmuşdur. İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2012-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra mətndə DSMF) Goranboy rayon şöbəsinin xx.xx.2011-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası təyin edilən zaman iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi 29 il işlədiyi müddət və xx.xx.2006-cı il tarixdən sonra işlədiyi 5 il müddətə görə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 1106,65 manat pensiya kapitalı nəzərə alınmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə pensiyanın yenidən hesablanması ilə bağlı DSMF Goranboy rayon şöbəsinə müraciət etmiş, bu zaman hərbi biletini təqdim etmişdir. İddiaçı daha sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında ərizə ilə 2022-ci ilin mart ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubunda bildirmişdir ki, ona 2 yanvar 2011-ci il tarixində DSMF Goranboy rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan başqa "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə siğorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, Fondun Goranboy rayon şöbəsi tərəfindən xx.xx.2012- ci il tarixində işdən azad olmağınızla əlaqədar əmək pensiyanız iddiaçıya vaxtilə pensiya təyin edildikdən sonra qazandığınız 196,68 manat sığorta kapitalına görə "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 132 (144 ay -12 ay (pensiyaçı kimi işlədiyiniz ayların miqdarı) aya bölünməklə (196,68/132=1,49 manat) qanuni əmək pensiyasının (160,20 manat) üzərinə əlavə edilərək 161,69 (160,20+1,49) manat yenidən hesablanaraq artırılmışdır. Eyni zamanda bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası xx.xx.2022-ci il tarixindən etibarən 298,41 manat təşkil edir. Əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 298,41 manat olmaqla Mərkəzi Filial tərəfindən iddiaçıya ödənilir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı xx.xx.2022-ci il tarixli “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə iddia ərizəsi ilə məhkəməyə etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək fəaliyyətinə 1973-cü ildə başlamışdır. xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixə kimi "Azneft " Birliyi Boru-İnstrumental bazada kontorun ştatına boru sexinin yükləyici kimi qəbul edilmiş, xx.xx.1973-cü il tarixdən əvvəlki iş yerinə boru sexinə 2-ci dərəcəli fəhlə kimi bərpa edilmiş, xx.xx.1976-cı il tarixdən xx.xx.1986-cı il tarixə qədər kontorun statına boru sexinin yükləyicisi kimi qəbul edilmiş, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixə qədər Gorandan 2-ci dərəcəli yol montyoru kimi qəbul edilmiş, xx.xx.1986-cı il tarixdən 3-cü dərəcəli yol montyoru təyin edilmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixə qədər 4-cü dərəcəli yol montyoru təyin edilmişdir. xx.xx.2002-ci il tarixdə ADDY X4 Goran məntəqəsinə 4-cü dərəcəli yol montyoru vəzifəsinə qəbul olunmuş və xx.xx.2012-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçı hesab edir ki, pensiya məbləği iş stajına uyğun olaraq az hesablanmışdır. Bu barədə cavabdehə müraciət etmiş, lakin imtina cavabı verilmişdir. İddiaçıya 298,41 manat pensiya təyin edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və pensiya məbləği stajına görə az hesablanmışdır. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək xx.xx.2022-ci il tarixli etirazında imtinadakı əsasları təkrarlamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X2 etirazda qeyd olunanları müdafiə etmiş və iddianın rədd olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına iddiaçının pensiya işi materialları, cavabdehin etirazı əlavə edilmiş və həmin sənədlərə istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya xx.xx.2011-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilsə də, o, xx.xx.2012-ci il tarixədək (12 ay) əmək fəaliyyəti ilə məşğul olmuş və pensiya təyin edildikdən sonra 198,68 manat məbləğində pensiya kapitalı toplamışdır. Cavabdeh qurum iddiaçının müraciətindən sonra 196,68 manat sığorta kapitalına görə "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 132 (144 ay -12 ay (pensiyaçı kimi işlədiyiniz ayların miqdarı) aya bölünməklə (196,68/132=1,49 manat) qanuni əmək pensiyasının (160,20 manat) üzərinə əlavə edilərək 161,69 (160,20+1,49) manat yenidən hesablayaraq artırmışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən pensiya məbləği düzgün hesablanmamışdır. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququvardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. (13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 583) ilə 45-ci maddənin ikinci cümləsi çıxarılmışdır). Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Sadalanan normaların mübahisəyə tətbiqi göstərir ki, xx.xx.1954-cü il tarixdə anadan olmuş iddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının onun arzuladığı kimi yenidən hesablanmasını tələb etdiyi xx.xx.2022-ci il tarixə 68 yaşında olmuşdur. Bu baxımdan, 68 yaşlı iddiaçının pensiya ödənişi müddəti -36 ay (cavabdehə müraciət etdiyi tarixdə kişilərin pensiya yaşı 65 - 68 = - 3 ilx12 ay= -36) artırılaraq 108 ay ( -36 ay + gözlənilən pensiya ödənişi müddəti 144 ay) hesablanır və sonra onun pensiya ödənişi müddəti aylarının sayı 12 ay azaldılaraq 96 ay (108 ay - 12 ay) müəyyənləşdirilir. İddiaçının pensiyası (cavabdehə müraciət etdiyi tarixə pensiyasının, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 196,68:96 ay) məbləğdə yenidən hesablanaraq artırılmalı, yəni pensiya kapitalı cavabdehin qeyd etdiyi kimi 132-yə deyil, 96-a bölünməli idi. Göründüyü kimi, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda, imtina mahiyyətcə qəbul edildiyi anda qüvvədə olan maddi hüquq normalarının tələblərinə cavab vermədiyindən iddia isə təmin olunmalıdır. Çünki, iddiaçının əmək pensiyası xx.xx.2017-ci il tarixdən sonra yenidən hesablandığından, «Əmək pensiyaları haqqında» AR Qanununun 37.3.1-ci maddəsinə istinadən aparılan bu hesablama sözügedən maddədə təsbit olunan şərtlərlə, amma bu dəfə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı xüsusi norma qismində çıxış edən «Əmək pensiyaları haqqında» AR Qanununun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla həyata keçirilməli idi. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd edilən normalara əsasən pensiyanın yenidən hesablanmaması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı Sayad oğluna pensiya təyin edildikdən sonra xx.xx.2012-ci il tarixədək işlədiyi dövr üzrə topladığı sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun.. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1800/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1800/2022
18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver