Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1801/2021 05.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X11 iştirakı ilə, İddiaçı cavabdeh Tovuz rayon İcra Hakimiyyətinə qarşı 2011-ci il iyulun 14-də Tovuz rayonunun Əlibəyli kəndində erməni hərbi təxribatı nəticəsində həlak olmuş mərhum qızı X4 şəhid statusunun verilməsi ilə bağlı müvafiq arayışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Tovuz rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2011-ci il iyulun 14-də Tovuz rayonunun Əlibəyli kəndində erməni hərbi təxribatı nəticəsində həlak olmuş mərhum qızı X4 şəhid statusunun verilməsi ilə bağlı müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum qızı X6 14.07.2011-ci il tarixdə Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində erməni hərbi təxribatı nəticəsində faciəvi şəkildə həlak olmuş, özü isə yaralanmışdır. Həmin hadisə ölkədə böyük rezonans doğurmuş, qəddar erməni faşizminin daha bir nümunəsi kimi cəmiyyət tərəfindən şiddətlə qınanmış, həmin dövrdə mərhum qızı X4 şəhid statusunun verilməsi ilə bağlı müvafiq tədbir görülməsinə köməklik göstərilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona ünvanlanmış 15 iyul 2021-ci il tarixli 7-13/81 nömrəli məktubda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən şəxsin şəhid hesab edilməsi üçün ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunduğu qeyd edilmişdir. Erməni hərbi təxribatı ilə üzüzə qalan qızı partlayıcı maddə ilə döş qəfəsinin yaralanması, kəskin qan itirmə nəticəsində şəhid olmuş, şəhidlər qəbirsanlığında dəfn edilmiş, eləcədə şəhid olmuş şəxslərərin adları göstərilən lövhə üzərində ona aid olan hissədə “Mülki şəhid” sözləri əks olunmuş, Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ№ 697051 saylı ölüm haqqında şəhadətnamədə ölüm səbəbi kimi “Partlayıcı maddə ilə döş qəfəsinin yaralanması nəticəsində kəskin qan itirmə” göstərilmişdir. Mərhum qızı X6 2011-ci il iyulun 14-də Tovuz rayonunun Əlibəyli kəndində erməni hərbi təxribatı nəticəsində həlak olduğundan ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.4-cü maddəsini rəhbər tutaraq şəhid statusu verilməlidir. Şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) X13 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh iddiaçıya ünvanlandığı 15.07.2021-ci il tarixli 7-13/81 nömrəli imtina məktubunda bildirmişdir ki, 1999-cu il təvəllüdlü X6 partlayıcı maddə ilə döş qəfəsinin yaralanması nəticəsində kəskin qan itirmə səbəbindən vəfat etmiş, lakin bu günədək ona şəhid statusu verilməmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Lakin keçən 10 il dövr ərzində şəhid statusunun verilməsi məqsədilə rayon icra hakimiyyətinə heç bir müraciət olmamışdır. Bu səbəbdən də şəhid statusunun alınması məqsədilə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh məhkəmənin sərəncamına əsasən məhkəməyə göndərdiyi yazılı etirazınıda imtina məktubunda göstərildiyi məzmunda əsaslandırmışdır. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Sankt-Peterburq şəhər, Krasnoqvardeysk rayonu, VVAQ şöbəsi tərəfindən verilmiş 26.07.2013-cü il tarixli İİİ-AK 700930 nömrəli doğum haqqında şəhadətnamə, Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26.08.2014-cü il tarixli AZ-İ 697051 nömrəli ölüm haqqında şəhadətnamə, DVD RW video disk, trend (news agency) xəbər agentliyinin 14.07.2011-ci il tarixli xəbər buraxılışından çıxarış və cavabdehin 15.07.2021-ci il tarixli 7-13/81 nömrəli imtinası təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. Baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıdakılara görə əsaslıdır. X6 15.09.1999-cu il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 28.10.1999-cu il tarixdə 1438 nömrə ilə qeyd aparılmış, uşağın ana və ata haqqında məlumat qrafasında atası X3, anası İddiaçı qeyd edilmişdir. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26.08.2014-cü il tarixli AZ-İ 697051 nömrəli ölüm haqqında şəhadətnamədə X2 ölümünün səbəbi 14.07.2011-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində partlayıcı maddə ilə döş qəfəsinin yaralanması, kəskin qan itirmə göstərilmişdir. Trend (news agency) xəbər agentliyinin 14.07.2011-ci il tarixli xəbər buraxılışında itəbənzər uşaq oyuncağının daxilinə partlayıcı qurğu quraşdırılmış oyuncağın ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılması, həmin ərazidə oynayan X7 və X1 oyuncağı taparaq Cəfərov Həsənin evinə gətirməsi və evdə oynayan zaman Aygün Şahmalıyevanın oyuncağı masanın üzərinə vurması zamanı partlayıcının işə düşməsi nəticəsində partlayış baş verməsi, həmin partlayışdan Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kənd sakini 1998-ci il təvəllüdlü X1 həlak olması, onun anası 1979-cu il təvəllüdlü İddiaçı Zirəddin qızının isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanması barədə xəbər verilmişdir. İş materiallarına əlavə edilmiş DVD RW video diskə baxış keçirilərkən X5 X9 “Məhv edilmiş gələcək Aygün adlı araşdırmasında” Tovuz rayonunun Əlibəyli kəndinin erməni hərbi hissələri ilə sərhəddə yerləşdiyi, Əlibəyli kəndinin erməni silahlı qüvvələri tərəfindən fasilələrlə atəşə tutulduğu, həmçinin Əlibəyli kənd orta məktəbinin erməni hərbiçilərinin hədəfində olduğu və X1 partlayış nəticəsində həlak olması, anası İddiaçı isə ayağından yaralanaraq xəstəxanada müalicə alması barədə video reportaj hazırladığı müəyyən olunmuşdur. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının” (bundan sonra mətndə Qaydalar) 1.2.4-cü bəndinə əsasən Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarına, habelə istinad olunan maddi hüquq normalarına əsaslanaraq bu nəticəyə gəlir ki, iddiaçının qızı erməni hərbi təxribatı nəticəsində uşaq oyuncağının içərisinə yerləşdirilmiş partlayıcı qurğunun partlayış zərbəsi nəticəsində həlak olduğundan cavabdehin imtinası “Qaydalar”ın 1.2.4-cü bəndinin tələbinə görə əsassız olmuşdur. Odur ki, mərhum X4 şəhid statusunun verilməsi ilə bağlı müvafiq arayışın verilməsi öhdəliyi cavabdeh Tovuz rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Mərhum X4 şəhid statusunun verilməsi ilə bağlı müvafiq arayışın verilməsi öhdəliyi Tovuz rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1801/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1801/2021
05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver