Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1801/2023 13.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Daşınmaz əmlakın AN-İ № ******* saylı xx.xx.2010-cu il tarixli alğı-satqı müqaviləsi əsasında X1 şəhəri, Bakı küçəsində 0.05 ha torpaq sahəsində yerləşən, 1994cü ildə tikilmiş, 3 otaqlı, ümumi sahəsi 140.3 kv.m, yaşayış sahəsi 54 kv.m olan fərdi yaşayış evini 35.000 manata İddiaçı satmışdır.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə şəhəri, Bakı küçəsi, 5A ünvanında 0.05 ha torpaq sahəsində yerləşən, sahəsi 140.3 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. İddiaçı adına xx.xx.2010-cu il tarixdə tərtib olunmuş 8940 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunda Bərdə şəhəri, Bakı küçəsi, 5A ünvanında yerləşən fərdi yaşayış evinin sənəd üzrə torpaq sahəsinin 0.05 ha, faktiki sahəsinin 0.1636 ha olması göstərilmiş, eyni zamanda 1136.2 kv.m sahə zəbt sahə kimi qeyd olunmuşdur.
4. İddiaçı yuxarıda göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.1136 ha zəbt torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş və cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, 0.1136 ha zəbt torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir və həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün aidiyyəti üzrə bələdiyyəyə müraciət etməsi məqsədəuyğundur.
5. İddiaçı cavabdeh orqana qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə şəhəri, Bakı küçəsi, 5A ünvanında yerləşən 0.1136 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Tələb onunla əsaslandırılmışdır ki, Ağdam rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra ünvan 1 ünvanında yerləşən 0.1636 ha həyətyanı torpaq sahəsini və orada tikilmiş fərdi yaşayış evini X2 almış, rəsmi sənədləşmə isə 2010-cu ildə aparılmışdır. Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli çıxarışa əsasən Bərdə şəhəri, Bakı küçəsi, 5A ünvanında fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmiş, qalan 0.1136 ha torpaq sahəsi isə fərdi yaşayş evinin texniki pasportunda göstərilmiş və torpaq sahəsi haqqında məlumatda faktiki sahə kimi qeyd edilmişdir. O, vaxtdan, təxminən 25 ildən çoxdur ki, həmin 0.1136 ha torpaq sahəsi bütövlükdə faktiki hüquqi əsas olmadan, fasiləsiz olaraq onun istifadəsində olmuşdur. O, həmin torpaq sahəsinə heç bir mülkiyyətçinin iradəsinə zidd yiyələnməmişdir. Həmin torpaq sahəsinə vicdanla sahiblik etmiş, öz əmlakı kimi torpaq sahəsinin ətrafını hasara almış, meyvə ağacları əkib-becərmiş, yardımçı təsərrüfat binaları tikdirmişdir. Hazırda da həmin torpaq sahəsindən mənaesiz istifadə edir. Mülki Məcəllənin 178.6-cı maddəsində göstərilmişdir ki, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Həmin Məcəllənin 2005-ci il tarixədək qüvvədə olmuş 179.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin on il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə Mülki Məcəllənin 2005-ci il tarixədək qüvvədə olmuş 179.1-ci maddəsi ona şamil olunur və 10 ildən artıq həmin torpaq sahəsinə öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik etdiyinə görə bu əmlaka mülkiyyət hüququ əldə edir.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
9. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
10. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
12. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III. Prosessual məsələlər
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. İddiaçı məhkəmə iclasında atası olan nümayəndəsi Nümayəndə iə təmsil edilmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.
17. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. IV.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
18. İddiaçı nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxış iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
19. O, əlavə olaraq göstərmişdir ki, cavabdehin zəbt kimi qeyd etdiyi və bələdiyyə mülkiyyətinə aid olduğunu bildirdiyi 0.1636 ha həyətyanı torpaq sahəsi onun oğlunun mülkiyyətində olan Bərdə şəhəri, Bakı küçəsi, 5A ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə bitişikdir və həmin torpaq sahəsini, evi aldığı vaxtdan da sahibliyində və istifadəsindədir. Onlar Bərdə bələdiyyəsinə mülkiyyətlərində olan 0.05 ha torpaq sahəsi ilə yanaşı, zəbt kimi sayılan həmin sahəyə görə də, yəni bütövlükdə 0.1636 ha torpaq sahəsinin torpaq vergisini ödəyirlər. O, hesab edir ki, mübahisəli torpaq sahəsinə mülkiyyət sənədi olmasa da, 26 ildən artıq həmin əmlaka öz əmlakı kimi vicdanla və fasizləsiz sahiblik etdiklərinə görə oğlunun həmin sahə üzərində mülkiyyət hüququ yaranmışdır və buna görə də həmin hüquq cavabdeh tərəfindən qeydə alınmalıdır.
20. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, oğlu həmin torpaq sahəsinin ona satılması üçün Bərdə bələdiyyəsinə müraciət etmiş, lakin bələdiyyə tərəfindən torpağın normativ qiymətindən çox pul istənildiyi üçün və faktiki olaraq istfadəsində və sahibliyində olan torpaq sahəsinə görə bələdiyyəyə artıq pul vermək istəmədiyi üçün məhkəmədə hazırkı iddianı qaldırmaq qərarına gəlmişdir.
21. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
22. Etiraz onunla əsaslandırılmışdır ki, Bərdə şəhəri, Bakı küçəsi, 5A ünvanında yerləşən, iddiaçının mülkiyyətində 0.05 ha torpaq sahəsi vardır. Bundan əlavə torpaq sahəsinin sənəd üzrə 0.05 ha olduğu halda, faktiki olaraq 0.1636 ha olduğu, yəni 0.1136 ha zəbt torpaq sahəsinin olduğu müəyyən olmuş və bu iddiaçıya məxsus fərdi yaşayış evinin texniki pasportunda öz əksini tapmışdır. Məlum olduğu kimi zəbt torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. Məlum olduğu kimi zəbt torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. Qeyd olunanları nəzərə alaraq, iddia olunan 0.1136 ha zəbt torpaq sahəsinin sənədləşdirilməsi üçün İddiaçı tərəfindən aidiyyəti üzrə bələdiyyəyə müraciət olunması məqsədəuyğun olardı. V. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surəti; - xx.xx.2010-cu il tarixli 8940 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunun surəti; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-İ-00xx-xx/2023 nömrəli mtina məktubu.
Əsaslandırma hissəsi:
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
24. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
25. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı Bərdə şəhəri, Bakı küçəsində 0.05 ha torpaq sahəsində yerləşən, 1994-cü ildə tikilmiş, 3 otaqlı, ümumi sahəsi 140.3 kv.m, yaşayış sahəsi 54 kv.m olan fərdi yaşayış evini daşınmaz əmlakın AN-İ № ******* saylı xx.xx.2010-cu il tarixli alğı-satqı müqaviləsi əsasında X2 almış və onun həmin əmlaka mülkiyyət hüquqları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı adına xx.xx.2010-cu il tarixdə 8940 inventar nömrəli daşınmaz əmlakın texniki pasportu tərtib olunmuş və orada sözügedən fərdi yaşayış evinin sənəd üzrə torpaq sahəsinin 0.05 ha, faktiki sahəsinin 0.1636 ha olması göstərilmiş, eyni zamanda 1136.2 kv.m sahə zəbt sahə kimi qeyd olunmuşdur.
26. Hazırda iddiaçı 25 ildən çoxdur ki, həmin 0.1136 ha torpaq sahəsinin bütövlükdə faktiki hüquqi əsas olmadan, fasiləsiz olaraq onun istifadəsində olmasını və həmin torpaq sahəsinə vicdanla sahiblik etməsini, Mülki Məcəllənin 2005-ci il tarixədək qüvvədə olmuş 179.1-ci maddəsinə istinadla 10 ildən artıq həmin torpaq sahəsinə öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik etdiyinə görə bu əmlaka mülkiyyət hüququ əldə etməsini əsas gətirərək, bu hüququn qeydə alınmasından cavabdeh orqanın imtinası ilə razılaşmayaraq, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
27. Cavabdeh orqanın imtinası və iddiaya yazılı etirazı ilə isə müəyyən edilir ki, mübahisəli 0.1136 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid sahədir.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
29. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir və həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, iddiaçı tərəfindən zəbt olunmuşdur.
30. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi müliyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir.
31. Məhkəmə qeyd edir ki, mülkiyyətin bir növü kimi bələdiyyə mülkiyyətində olan torpaqların idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla onların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunla tənzimlənir.
32. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
33. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının əldə edilməsinin ümumi qaydası kimi, onların açıq torpaq hərracları və ya müsabiqələri yolu ilə əldə edilməsi nəzərdə tutulmuş, bu qaydadan istisna kimi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə beş il müddətinə özgəninkiləşdirmək qadağan edilməklə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi qeyd olunmuşdur.
34. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin Qanunla bələdiyyə torpaqlarının idarə olunması sahəsində ciddi islahatlar həyata keçirilmiş, bələdiyyə torpaqlarının satışı və icarəsinin torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu dəyişikliklərin edilməsində əsas məqsəd torpaqların satışı və icarəsi sahəsində şəffaflığın təmin olunması, bazar iştirakçıları üçün bərabər imkanların yaradılması və digər neqativ halların qarşısının alınması olmuşdur (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı).
35. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.
37. Məhkəmə iddiaçının Mülki Məcəllənin 2005-ci il tarixədək qüvvədə olmuş 179.1ci maddəsinə istinadla 10 ildən artıq həmin torpaq sahəsinə öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik etdiyinə görə bu əmlaka mülkiyyət hüququ əldə etməsi barədə dəlilinə münasibətdə isə qeyd edir ki, İddiaçı əldə etmə müddəti üzrə mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun əmələ gəldiyini iddia etdiyi, halda mülkiyyət hüququnun tanınmasına dair müvafiq iddia qaldıra bilər.
38. Cavabdeh orqanın hüquqların dövlət qeydiyyatını həyata keçirməsi üçün isə ərizəçi tərəfindən ona “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci mddəsində göstərilən əsaslardan biri təqdim edilməlidir.
39. Hazırkı işdə mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğundan, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları isə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edildiyindən, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslardan heç biri təqdim edilmədiyindən məhkəmə hesab edir ki, cavabdeh orqanın daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinası əsaslı olmuşdur.
40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva