Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1802/2023 31.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahələrinin ölçülərək təhvil verilməsi və həmin sahələrə çıxarışların verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahələrinin ölçülərək təhvil verilməsi və həmin sahələrə çıxarışların verilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 saylı qərarı ilə İddiaçı1 və ailə üzvlərinə 0,63 ha torpaq sahəsi verilmiş və JN 749 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir.
2. Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 saylı qərarı ilə X4 və ailə üzvlərinə (İddiaçı2 da daxil olmaqla) 0,63 ha torpaq sahəsi verilmiş və bu barədə JN 750 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir.
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, JN-749 nömrəli və JN-750 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktlarında göstərilən torpaq sahələrinin ölçülərək onlara verilməsi və həmin torpaq sahələrinə dair çıxarışların verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
4. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə 5 nəfər ailə üzvü ilə birlikdə onlara 0,63 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin vaxtdan qeyd olunan torpaq sahələri Aqrar İslahat Komissiyası tərəfindən ölçülərək onlara təhvil verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-749 №-li dövlət aktı İddiaçı1, JN-750 №-li dövlət aktı X2, JN-748 №-li dövlət aktı X3 məxsusdur. Həmin vaxtdan şəxsi mülkiyyətlərində olan torpaq sahələrindən təyinatı üzrə istifadə edərək təsərrüfat məhsullarının istehsalı və satışını həyata keçirmişlər. Lakin 2023-cü ilin başlanğıcında Torpağa mülkiyyət hüququna dair dövlət aktına çıxarış almaq üçün Tovuz rayonunda fəaliyyət göstərən "Asan Xidmət" Mərkəzinə müraciət etdikdə məlum olmuşdur ki, elektron bazada İddiaçı1 adına 0,63 ha deyil, 0,52 ha, yəni 0,11 ha torpaq sahəsi qeydə alınmamışdır. X1 adına isə 0,63 ha deyil, 0,52 ha qeydə alınmışdır, yəni 0,11 ha torpaq sahəsi qeydə alınmamışdır. Odur ki, məhkəməyə mürcaiət etmişlər.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
6. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçılara hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə sərəncam göndərilərək, hazırkı iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən birgə iddiaçı qismində prosessual həmiştirakçı kimi iştiraklarını nəzərdə tutan əsasların mövcud olmasının müəyyən edilmədiyi, bundan başqa, iddia ərizəsində tələbin düzgün qeyd edilmədiyi ətraflı şəkildə izah edilmiş, habelə məhkəməyə təqdim etdikləri materiallarda cavabdeh inzibati orqana müraciət və bundan imtina edilməsi (və ya hərəkətsizlik göstərməsi) barədə yazılı sənədin mövcud olmadığı bildirilmiş və sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə qeyd edilmişdir.
Əsaslandırma hissəsi:
7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
8. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
9. İddia ərizəsi, o cümlədən iş materialları ilə müəyyən edilir ki, JN-749 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinə 0,63 ha, JN-750 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X4 və ailə üzvlərinə (İddiaçı2 da daxil olmaqla) 0,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri mülkiyyətə verilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin ayrıca mülkiyyətinə verilmiş torpaq sahəsinin adına qeydə alınmamasından narazı qalaraq, hazırkı iddianı birgə qaldırmışlar.
10. Halbuki, şəxslərin birgə iddiaçı qismində iştirak edə bilməsi İPM-in 30.1 və 30.2ci maddələrində nəzərdə tutulmuş hallarda mümkündür. İPM-in 30.1-ci maddəsinə görə mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.1 və 30.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar olmadığı halda iddianın birgə qaldırılması isə onun mümkün sayılmasını istisna edir.
11. Bundan əlavə, iddiaçılar iddia ərizəsində iddia tələbini də düzgün qeyd etməmişlər. Belə ki, iddia ərizəsinin məzmununda 0,63 ha torpaq sahəsinin Aqrar İslahat Komissiyasının onlara təhvil verildiyini qeyd etmiş, sonluqda isə həmin torpaq sahələrinin ölçülərək onlara təhvil verilməsini xahiş etmişlər. Sözügedən torpaq sahələri 0,63 ha ölçüdə iddiaçıların faktiki istifadələrində olduğu halda, belə bir tələb irəli sürülməsinə ehtiyac yoxdur. İkinci tərəfdən, çıxarış daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı özündə əks etdirən sənəddir və o, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparıldıqdan sonra verilir. İddiaçıların isə iddianı qaldırmaqda hüquqi marağı JN-749 nömrəli və JN-750 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktlarında göstərilən 0,63 ha ölçüdə torpaq sahələri üzərində iddiaçıların hər birinin ayrılıqda mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir.
12. Həmçinin, hazırkı iddia tələbi İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Məhkəməyə təqdim olunmuş materiallarda isə iddiaçıların cavabdeh inzibati orqana müraciəti və bundan imtina edilməsi (və ya hərəkətsizlik göstərməsi) barədə yazılı sənəd mövcud olmamışdır.
13. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçılara xx.xx.2023cü il tarixdə sərəncam göndərilərək, yuxarıda qeyd edilən hallar ətraflı şəkildə izah edilmiş və yol verilən xətaların aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Lakin həmin müddət daxilində iddiaçılar sərəncama əməl etməyərək, xətaları və çatışmazlıqları aradan qaldırmamışlar.
14. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçılar tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
15. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçıların nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva