Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1803/2023 16.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi X6 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh orqan) qarşı Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,543 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Göygöl rayonu Üçtəpə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 06 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondu torpağından Üçtəpə kənd sakinlərindən 11 nəfərə 0,12 hektardan, 6 nəfərinə 0,06 hektardan cəmi 1,68 ha fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır.
2. Həmin qərarla torpaq sahəsi almış vətəndaşların siyahısında X3 adı 14-cü sırada olmuş, ayrılmış torpaq sahəsinin ölçüsü 0.06 ha kimi göstərilmişdir.
3. Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi öz rəyində Üçtəpə kənd sakinlərindən 11 nəfərə 0,12 hektardan, 6 nəfərinə 0,06 hektardan cəmi 1,68 ha torpaq sahəsinin satılmasına etiraz etməyərək, bunu məqsədə müvafiq hesab etmişdir.
5. X7 001314 nömrəli qəbzlə yanvar 2003-cü il tarixdə 0.06 ha torpağın alğı-satqısı üçün bələdiyyənin hesabına 191700 manat pul ödəmişdir.
6. Göygöl rayonu Üçtəpə bələdiyyəsi xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ünvan 1 ünvanlayaraq, Göygöl rayonu Üçtəpə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 06 nömrəli qərarı ilə X4 0,06 ha torpaq sahəsinin satıldığını və torpaqların alğı-satqısına görə Üçtəpə bələdiyyəsinə o dövrki pul vahidi il 191700 manat bələdiyyə büdcəsinə pul ödədiyini, heç bir borcunun olmadığını, həmin torpaq sahəsinin xx.xx.2002-ci il tarixdən bugünə qədər X3 mülkiyyətində olduğunu, bələdiyyənin həmin torpaqla bağlı heç bir iddiasının olmadığını bildirmiş və həmin torpaq sahəsinə X3 adına çıxarış verilməsini xahiş etmişdir.
7. Göygöl rayonu Üçtəpə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 06 nömrəli qərarı ilə X1 sənəd üzrə 0,06 ha torpaq sahəsinin (10 kV-luq elektrik xəttinin qorunma zolağına düşən hissə çıxıldıqdan sonra 0,0543 ha) torpaq sahəsinin baş planı və yerinin müəyyən edilməsinə dair koordinat arayışı tərtib edilmişdir.
8. İddiaçı yuxarıda göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş və cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-21- 3-33/2-884/2023 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin Göygöl rayonu Üçtəpə bələdiyyəsinin 06 saylı qərarına əsasən ayrıldığı, lakin torpaq sahəsinin ayrılmasına dair alqı-satqı aktının ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir.
9. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Daxil olmuş mülki iş materiallarında Göygöl rayonu Üçtəpə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 06 nömrəli qərarı ilə İddiaçı satılmış 0,06 ha torpaq sahəsinə deyil, həmin torpaq sahəsinin elektrik xəttinin qorunma zolağına düşən hissəsi çıxıldıqdan sonra yerdə qalan 0.0543 ha torpaq sahəsinə dair plan əlavə edilmişdir. Tərəfimizdən aparılan araşdırma zamanı həmin planda qeyd olunan 0,0543 ha sahəyə istinad olunmuşdur. Mülki iş materiallarında mövcud olan planda göstərilən 0,0543 ha torpaq sahəsi, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına əsasən, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün nəzərdə tutulan sahədir. 2) Naturada təqdim edilən həmin torpaq sahəsi ölçülərək koordinatları müəyyən edildi. 3) Elektron baza materillarına istinadən, həmin torpaq sahəsinin, hər hansı subyektin mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən torpaq sahələri ilə, üst-üstə düşməsi halı aşkarlanmadı. 4) Həmin torpaq sahəsi üzərindən yüksək təyziqli qaz kəməri, hava məkanından isə, yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olundu. Həmin torpaq sahəsinin, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı öbyektlərin mühafizə zonalarına düşməsi barədə, idarəmizin elektron baza materiallarında məlumat aşkarlanmadı.
10. AZ-İ 188619 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X10 ilə X7 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanmış və nikahdan sonra qadına Əliyeva soyadı verilmişdir. II. Məhkəmədə icraat
11. İddiaçı cavabdeh orqana qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,06 ha sahibliyində və istifadəsində olan torpaq sahəsinin onun adına qeydə alınaraq çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Gövgöl rayon Üçtəpə bələdiyyəsinin 16 dekabr 2002-ci il tarixli 06 nömrəli qərarı ilə Göygöl rayonu Üçtəpə bələdiyyəsinin perespektiv inkişaf fondu torpağından 1,68 hektar ayrılıb 17 nəfər vətəndaşa fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası DT və XK-nin Xanlar rayon şöbəsinin mütəxəssisi E.Ş.Əliyevin 16 noyabr 2002-ci il tarixli 214 nömrəli rəyi ilə Göygöl rayon Üçtəpə Bələdiyyəsinə, Göygöl rayon Üçtəpə kəndində yaşayan 17 nəfər vətəndaşa, fərdi yaşayış evinin tikintisi üçün 1,68 hektar yararsız torpaq sahəsi ayrılaraq satılması göstərilmişdir. Göygöl rayon Üçtəpə bələdiyyəsinin Yerqurluşu planından çıxarışda, 17 nəfər vətəndaşa fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması Azərbaycan Respublikası Dİ və XK-nin Xanlar rayon şöbəsinin mütəxəssisi E.Əliyev təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqısı qaydalarına əsasında, Göygöl rayon Üçtəpə Bələdiyyəsi ilə arasında olan 16 dekabr 2002-ci il tarixli 6 nömrə ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0.06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ona 191700 (bir yüz doxsan bir min yeddi yüz) manat satılmış və yerində ona naturada təhvil verilmişdir. Həmin vaxtdan da mövcud torpaq sahəsindən heç bir maneə olmadan istifadə və sahiblik hüquqlarını həyata keçirir, həmçinin mövcud torpağa aid dövlət rüsumunu ödəyir. Göygöl rayon Üçtəpə bələdiyyəsinə heç bir borcunun olmaması, bələdiyyənin 26 dekabr 2022-ci il tarixli 116/22 saylı məktubda öz əksini tapır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDK-ı və Reyestri PHŞ 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,06 ha torpaq sahəsi sahibliyində və istifadəsində olmasını nəzərə alaraq torpaq sahəsinin qeydə alınaraq çıxarış verilməsini xahiş etmişdir. Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-884/2023 saylı cavab məktubunda “Bələdiyyənin qərarı və alqı-satqı (aktla tərtib edilmiş) müqaviləsi” olmaması əsasına görə imtina edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət olunması zərurəti yaranmışdır.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. III. İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
17. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Göygöl rayonu Üçtəpə bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və xx.xx.2023-cü il tarixli qərardadla bələdiyyənin iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.
21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.
22. Həmin iclas zamanı iddiaçının vəkil olan nümayəndəsi X8 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən iddiaçının sahibliyində və istifadəsində olan 0,543 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir.
23. İddiaçının vəkil olan nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).
25. İddiaçının vəkil olan nümayəndəsi X8 şifahi məhkəmə baxış iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
26. Cavabdeh orqanın nümayəndəsi X5 şifahi məhkəmə baxış iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Göygöl rayonu Üçtəpə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 06 nömrəli qərarı və siyahı; - Ayrılmış torpaq sahəsinin yerquruluşu planı; - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin rəyi; - Torpaq sahəsinin dəyərinin ödənilməsi ilə bağlı yanvar 2003-cü il tarixli 001314 nömrəli qəbz; - Göygöl rayonu Üçtəpə bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 116/22 saylı məktubu; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-884/2023 nömrəli imtina məktubu; - Koordinat arayışı; - AZ-İ 188619 nömrəli nikah haqqında şəhadətnamə; - Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
28. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
29. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Göygöl rayonu Üçtəpə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 06 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondu torpağından fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 0,06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi öz rəyində sözügedən 0,06 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçıya satılmasına etiraz etməyərək, məqsədəmüvafiq hesab etmişdir. İddiaçı yuxarıda göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin Göygöl rayonu Üçtəpə bələdiyyəsinin 06 saylı qərarına əsasən ayrıldığı, lakin torpaq sahəsinin ayrılmasına dair alqı-satqı aktının ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir.
30. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır və qeyd edir ki, torpağın ayrılmasına dair bələdiyyənin qərarı (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının bağlanmaması özüözlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz.
31. Belə ki, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılmasına dair inzibati akt qəbul edildikdən sonra iddiaçı yanvar 2003-cü il tarixli 001314 nömrəli qəbz əsasında bələdiyyəyə 191700 manat pul ödəmişdir.
32. Belə olan halda, iddiaçı tərəfindən torpağın satışına görə bələdiyyənin hesabına pulun ödənilməsi, iddiaçı ilə bələdiyyə arasında müvafiq torpaq sahəsinin alğı-satqısının baş tutmasını və tamamlanmasını təsdiq etdiyindən, qeyd edilən prosesin yekunda rəsmiləşdirilməsi məqsədi daşıyan alğı-satqı aktının tərtib edilməməsi yuxarıda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinin tələbləri baxımından iddiaçının ərizəsinin təmin edilməsindən imtina üçün əsas ola bilməz.
33. Digər tərəfdən Göygöl rayonu Üçtəpə bələdiyyəsi xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ünvan 1 ünvanlayaraq, Göygöl rayonu Üçtəpə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 06 nömrəli qərarı ilə X4 0,06 ha torpaq sahəsinin satıldığını və torpaqların alğı-satqısına görə Üçtəpə bələdiyyəsinə o dövrki pul vahidi il 191700 manat bələdiyyə büdcəsinə pul ödədiyini, heç bir borcunun olmadığını, həmin torpaq sahəsinin xx.xx.2002-ci il tarixdən bugünə qədər X3 mülkiyyətində olduğunu, bələdiyyənin həmin torpaqla bağlı heç bir iddiasının olmadığını bildirmiş və həmin torpaq sahəsinə X3 adına çıxarış verilməsini xahiş etmişdir ki, bu da bələdiyyənin sözügedən torpaq sahəsinə görə alğı-satqının baş tutmamasına əsas olacaq torpağın dəyərinin ödənilməməsi və s. kimi halları mübahisələndirmədiyini göstərir.
34. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır.
35. Yəni, iddiaçı təxminən 20 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
36. Eyni zamanda, cavabdeh inzibati orqanın statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
38. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
39. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnaməyə görə: Bənd 10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.
40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
41. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
42. Hazırkı işdə isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir.
43. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin nizamnaməsinə görə: Bənd 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək...
44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
Nəticəvi hissə:
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,0543 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva