Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1805/2023 03.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********720200 nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********234200 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********720200 nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********234200 nömrəli qərarları qəbul edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş qərarda iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə 6371 manat 77 qəpik borcu olması qeyd edilmişdir. Həmin qərar ona rəsmi qaydada təqdim olunmuş və iddiaçı qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli **********234200 nömrəli qərarı ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********720200 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli **********234200 nömrəli qərarından apellyasiya şurasına şikayət vermiş, müraciətinin qəbul olunması barədə ona 01 noyabr 2022-ci il tarixdə məlumat verilmişdir. Bundan sonra, apeliyasiya şurasına müraciət edərək onun cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 iyul 2022-ci il tarixli 2(102)-420/2022 saylı qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunması barədə məlumat vermişdir. Apellyasiya surasının 14 dekabr 2022-ci il tarixli, İN- X/O-12571/2022 nömrəli cavab məktubu ilə onun şuraya daxil olan şikayətinin baxılması üzrə icraatın müvəqqəti dayandırılması barədə 06 dekabr 2022-ci il tarixli ərizənin nəzərə alındığı qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə Gəncə Kommersiya Məhkəməsində təyin olunan məhkəmə iclasında ona məlum olmuşdur ki, cavabdeh onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunan qərarları, həmçinin cavabdehin hərəkətlərini qanunsuz və qeyri-obyektiv hesab edir. Cavabdehin qərarından şikayət və eyni zamanda apellyasiya şurasına müraciət etmişdir. Müraciəti əsasında icraatın müvəqqəti dayandırılması bildirilmişdir. Həmçinin ona hesablanan borcun mal qalığı ilə əlaqəli olması qeyd olunur. Halbuki, cavabdeh təşkilata həmin malların üzərinə həbs qoyulması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərardadının olması barədə məlumat vermişdir. Cavabdeh özü yaxşı bilir ki, həmin malların üzərinə həbs qoyulması ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsinin əməkdaşlarının xx.xx.2021-ci il tarixli aktı mövcuddur. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********720200 nömrəli qərarının ləğv edilməsi” tələbinə dəyişdirilmiş və iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin cavabdeh qismində icraatda iştirakına xitam verilmişdir. Həmçinin, iddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı məhkəmə iclaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, M.Şeyxzamanov küçəsi 20A ünvanda olan anbar "xxxx" MMC ilə onun istifadəsində idi, anbarın bir tərəfində onun malları olmuş, digər tərəfində isə "xxxx" MMC-nin malları olmuş, sonuncu bəyannamədə həmin anbarda olan malı mal qalığı kimi göstərmişdir, lakin məhkəmə qərarında həmin malların "xxxx" MMC-yə məxsus olması müəyyən edildiyindən vergi orqanı hesab etmişdir ki, onun mal qalığı olmadan bəyannamədə mal qalığı göstərmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı aldığı malları bəyannamələrdə ilin sonuna qalıq kimi göstərmişdir, lakin yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçının mal qalığı yoxdur, mal satılmasına baxmayaraq bəyan edilməmişdir. Qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən də görünür ki, iddiaçının öz malı kimi təqdim etdiyi mallar "xxxx" MMC-yə məxsusdur və yalnız 7000 manat dəyərində əmlak iddiaçıya məxsusdur. Buradan belə çıxır ki, iddiaçı aldığı malları realizə etsə də vergi orqanına bəyan etməmişdir. Ona görə də iddiaçıya kameral qaydada 6231,12 manat vergi borcu hesablanmışdır. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli etiraz ərizəsində qeyd edilmişdir ki, aparılan araşdırma zamanı 2021-ci ilin 4-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin əlavəsinin 1-ci (Cəmi aktivlər) sətrindəki "Hesabat dövrünün sonuna" olan 0,0 manat məbləğ, əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş sadələşdirilmiş vergi bəyannaməsinin 1 nömrəli əlavəsinin (fiziki şəxslər üçün) eyni sətrinin "Hesabat dövrü sonuna" olan 260128,87 manat məbləğlə, bu il üçün bəyannamə təqdim edilmiş "Dövr ərzində daxil olmuş" 0,0 manat məbləğin toplanması və həmin məbləğdən, bu il ərzində "Hesabat dövründə təqdim edilmiş" sütunundakı 0,0 manat məbləğ, "silinmiş" sütunundakı 0,0 manat və "Ləğv edilmiş" sütununda olan 0,0 manat məbləğlərin cəmi çıxıldıqdan sonra yaranan 260128,87 manat məbləğ ilə fərqli olması, eyni zamanda bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş sadələşdirilmiş verginin bəyannamələrinin 801-803 -cü sətirlərində əks etdirilmiş məbləğlərin cəmi olan 0.00 manat məbləğ + bəyannamənin 1 N-li Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin hesabat dövrünün sonu ilə hesabat dövrünün əvvəlinin fərqi olan 0,0 manat məbləğinin cəmi olan 0.00 manat, hesabat dövrünün aid olduğu il ərzində tərəfinizdən idxal edilmiş və elektron qaimə-faktura əsasında alınmış mallar (işlər, xidmətlər) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan məbləğdən 50000.46 manat az olması kənarlaşmaların yaranmasına səbəb olmuşdur. "Sadələşdirilmiş verginin bəyannaməsi"nin "Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat" bölməsinin 821.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki səxslər üzrə) və ya "Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi"nin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (Gəlirin məbləği) sütunlarında göstərilmiş O manat məbləğ, tərəfinizdən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 9.00 manat azdır. xx.xx.2021-ci il tarixdə 2018-ci ilin 4-cü rübü üçün sonuncu dəqiqləşmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim edərək bəyannamənin 1 nömrəli əlavəsinin 1.3.2-ci (mallar) sətrinin "dövr ərzində daxil olmuşdur manatla" sütununda 200481,64 manat, "təqdim edilmişdir manatla" sütununda 18000, manat qeyd edərək ilin sonuna 182481,64 manat və xx.xx.2021-ci il tarixdə 2019-cu ilin 4cü rübü üçün sonuncu dəqiqləşmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim edərək bəyannamənin 1 nömrəli əlavəsinin 1.3.2-ci (mallar) sətrinin "hesabat dövrü əvvəlinə manatla" sütununda 182481,64 manat qeyd edərək ilin sonuna 182481,64 manat mal qalığı göstərmiş və bəyannamələr vergi orqanı tərəfindən təsdiqlənmişdir. Vergi ödəyicisinin araşdırmaya təqdim etdiyi sənədlərə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) xx.xx.2016-cı il tarixdə 156132,48 manat (ƏDV daxil) və xx.xx.2016-cı il tarixdə 26349,16 manat (ƏDV daxil), ümumilikdə 182481,64 manat (ƏDV daxil) dəyərində malların əldə edildiyi müəyyən edilmişdir. Fərdi sahibkar tərəfindən mallar xx.xx.2016-cı il tarixdə əldə edilməsinə baxmayaraq qeyd olunan vaxt vergi ödəyicisinin vergi orqanında uçota alınmış obyekti müəyyən edilməmiş, yalnız xx.xx.2016-cı il tarixdə təsərrüfat subyekti qeydiyyata alınmışdır. Vergi ödəyicisi tərəfindən 2016-cı və 2017-ci illər üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsi üzrə cəmi hasilat məbləğinin 27000,0 manat göstərilməsinə baxmayaraq 2016-cı il tarixdə alınmış 182481,64 manat dəyərində malların 2018-ci ilin 4-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.3.2-ci (mallar) sətrinin "dövr ərzində daxil olmuşdur manatla" sütununda göstərilməsi fərdi sahibkarın 2016-2017-ci illərin müvafiq rübləri üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində qeyd edilmiş hasilat məbləği üzrə alınmış malların sənədsiz əldə edildiyinə əsas verir. Vergi ödəyicisi 2020-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən elektron qaimə fakturalar əsasında 77198,67 manat (ƏDV daxil) dəyərində mallar əldə etməsinə baxmayaraq 2020-ci ilin 4-cü rübü üçün xx.xx.2021-ci il tarixdə təqdim edilmiş cari sadələşdirilmiş vergi bəyannaməsinin 1.3.2-ci (mallar) sətrinin "dövr ərzində daxil olmuşdur manatla" sütununda 0,0 manat qeyd etmiş, sonradan xx.xx.2021-ci il tarixdə bəyannamənin 1 nömrəli əlavəsinin 1.3.2-ci sətrin "hesabat dövrü əvvəlinə manatla" sütununda 182481,64 manat, "dövr ərzində daxil olmuşdur manatla" sütununda 77198,67 manat qeyd edərək sonuna 259680,31 manat mal qalığı göstərmişdir. Daha sonra qeyd olunan bəyannamə üzrə kameral vergi yoxlaması aparılaraq ilin sonuna 260128,87 manat mal qalığı qeyd edilmişdir. Uçot baza məlumatlarının araşdırılması zamanı fərdi sahibkar tərəfindən 2021-ci ildə ümumilikdə 51364,3 manat (o cümlədən 50000,46 manat dəyərində mallar) dəyərində elektron qaimə fakturaların əldə edildiyi, lakin 2021-ci il üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri göstəricisiz olaraq təqdim edildiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, vergi ödəyicisinə vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub" xx.xx.2022-ci il tarixli **********436300 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi bildirilmiş, vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin 4-cü rüb üçün 6229,86 manat sadələşdirilmiş vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli **********765300 nömrəli qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Sonradan fərdi sahibkar xx.xx.2022-ci il tarixdə 2021-ci ilin 4-cü rübü üçün dəqiqləşmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim etmişdir. Vergi orqanı tərəfindən qeyd olunan dövr üzrə 6231,12 manat hesablama aparılmış və xx.xx.2022-ci il tarixli **********720200 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Araşdırma zamanı ünvan 2rləşən obyektin eyni zamanda uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN **********) adına qeydiyyatda olduğu və qeyd olunan əmlakın 1/2 pay nisbəti ilə İddiaçı və hüquqi şəxsin təsisçisi Arzu Əmirova məxsus olduğu, hüquqi şəxsin plastik qapı və pəncərə istehsalında istifadə olunan materialların topdan satışı ilə məşğul olduğu müəyyən edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********8220 №-li Qərarına əsasən "xxxx" MMC-yə məxsus Gəncə şəhəri, M.Şeyxzamanov 10A ünvanında nəzarət tədbiri həyata keçirilmiş və operativ vergi nəzarəti tədbiri zamanı təsərrüfat subyektində alış qiyməti ilə 156175,5 manat dəyərində mallarının olduğu müəyyən edilmişdir. Eyni zamanda 156175,5 manat dəyərində malların "xxxx" MMC-yə məxsus olması idxal əməliyyatları və əldə etdiyi elektron qaimə fakturalar əsasında öz təsdiqini tapmışdır. Həmçinin "xxxx" MMC-nin direktoru X2 nəzarət tədbiri zamanı Gəncə şəhəri, M.Şeyxzamanov 10A ünvanında olan bütün malların "xxxx" MMC-yə məxsus olmasını, malların heç kimə saxlanmağa verilmədiyini, həmçinin hər hansı şəxsə məxsus malların anbara saxlamağa qoymadığını, yolda hər hansı bir malının olmaması ilə bağlı iltizam tərtib edərək imzalamışdır. Operativ vergi nəzarəti tədbiri zamanı təsərrüfat subyektində aşkarlanmış 156175,5 manat dəyərində malların adlı siyahısı qərara əlavə olunmuşdur. Həmçinin həmin malların xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixinədək məlumatları da iş materiallarına əlavə olunur. Fərdi sahibkarla hüquqi şəxs "xxxx" MMC arasında mal bölgüsündə yaranmış mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2 (102)-420/2020-ci nömrəli Qərarına əsasən ünvan 2rləşən obyektdə olan malların "xxxx" MMC-yə məxsus olduğu müəyyən edilmişdir. Belə ki, İddiaçı (VÖEN: **********) 249.242.85 manat dəyərində xammal, materialların cavabdehdən alınıb ona verilməsi tələbi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 15 iyul tarixli, e-2-2(115)-178/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsində olan 249.242,85 manat dəyərində xammal, materiallar və 7.000 manat dəyərində 1 ədəd aparat (avadanlıq), bu mümkün olmadıqda xammal və materialın, avadanlığın dəyəri, vəkilə ödənilmiş 3350 manat və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi və mülkiyyətdən istifadəyə maneənin aradan qaldırılması qət edilmiş,iddia tələbi qalan hissədə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 dekabr tarixli 2-2(104)-204/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilmiş, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsində olan 7.000 manat dəyərində 1 ədəd aparatı, bu mümkün olmadıqda, avadanlığın dəyərinin "xxxx" MMC-dən alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(102)-420/2022 nömrəli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 dekabr tarixli 2-2(104)-204/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin mövqeyi belə olmuşdur ki, İddiaçı 182.481,64 manat dəyərində mal-materialı 2016-cı il 1 mart tarixli müqavilə əsasında müvafiq qaiməfakturalarla alarkən 10A ünvanında yerləşən qeyri-yaşayış sahəsi - anbar onun nə icarəsində, nə də mülkiyyətində olmamışdır. Digər tərəfdən İddiaçı, 2016-cı və 2017-ci illərdə vergi bəyannamələrində mal qalığının olmadığını göstərmiş, 2018-ci ilin İV rübündə isə hesabat ilinin əvvəlində qalıq aktivinin 182.481,64 manat olduğunu göstərsə də, 2017ci və 2018-ci illərə dair mal-material aldığını təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehlə birgə fəaliyyət göstərmədikləri halda oxşar mal-materialın anbarda yer bölgüsü aparılmadan qarışıq şəkildə yığılması da ağlabatan deyil, bundan başqa İddiaçı digər MMC ilə bağladığı 2020-ci il 1 noyabr tarixli müqavilə əsasında 65.475,6 manat dəyərində mal alındığını göstərmiş olsa da, həmin malların da cavabdehin istifadəsində olan anbara yığıldığını təsdiq edən sübutları təqdim etməmiş, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsində - obyektdə "xxxx" MMC barəsində operativ vergi yoxlaması keçirilərkən aşkar olunmuş mal-materiallar isə təqdim olunmuş sənədlərə əsasən "xxxx" MMC-nin mal qalığına uyğundur. Həmçinin cavabdeh "xxxx" MMC-nin həmin ünvanda fəaliyyət göstərməsi, "xxxx" MMC tərəfindən mal-material alınması və satılmasına dair qaimə fakturalar, gömrük bəyannamələri və vergi bəyannamələri, əmək müqavilələri ilə təsdiq olunduğu halda, İddiaçı məhkəməyə həmin ünvanda faktiki fəaliyyət göstərdiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi, İddiaçı Gəncə Kommersiya Məhkəməsində iddia qaldırmaqla 249.242,85 manat məbləğində malının olması faktını təsdiq etmişdir, lakin qeyd olunan ünvandakı malların ona məxsus olmasını sübut edə bilməmişdir. Belə ki, məhkəmənin də qeyd etdiyi kimi, "xxxx" MMC tərəfindən mal-material alınması və satılmasına dair qaimə fakturalar, gömrük bəyannamələri və vergi bəyannamələri, əmək müqavilələri ilə təsdiq olunduğu halda qeyd olunan məbləğdəki malların anbara yerləşdirilməsi və İddiaçı həmin ünvanda faktiki fəaliyyət göstərməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Fərdi sahibkar vergi orqanına ünvanlanan müraciətlərində ona məxsus malların ünvan 2rləşən obyektdə olduğunu bildirmiş, lakin iddia ərizəsində isə Ali Məhkəmənin Qərarını əsas gətirərək özünün həmin obyektdə mal qalığının olmadığını bildirmişdir ki, bu da fərdi sahibkar tərəfindən əldə edilmiş malların təqdim edildiyinə əsas verir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********720200 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, kameral vergi yoxlaması nəticəsində İddiaçı 6231,12 manat vergi borcu hesablanmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarından göründüyü kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********720200 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən kameral vergi yoxlaması nəticəsində vergi ödəyicisi İddiaçı 6231,12 manat vergi borcu hesablanmışdır. İddiaçı hazırki tələblə vergi orqanının sözügedən qərarını mübahisələndirir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********720200 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -24.1-ci maddəsinə əsasən vergi orqanları -24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; -24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. İşin araşdırılmış hallarından və təqdim edilmiş bəyənnamələrdən görünür ki, iddiaçı müvafiq bəyənnamələrdə mal qalığının olmasını göstərmiş, lakin operativ vergi yoxlaması zamanı iddiaçının istifadəsində olan ünvan 3 ünvanda ona məxsus mal aşkar edilməmişdir. Eyni zamanda, iddiaçı həmin ünvanda mövcud olmuş 259.680,31 manat dəyərində xammal və materialların ona məxsus olduğunu iddia etməklə həmin həcmdə mal qalığı bəyan etsə də, Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2-2(104)-204/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, həmin malların yalnız 7000 manat dəyərində hissəsi iddiaçıya məxsus olmuşdur. İddiaçı Gəncə Kommersiya Məhkəməsində iddia qaldırmaqla 249.242,85 manat məbləğində malının olmasını iddia etsə də qeyd olunan ünvandakı malların ona məxsus olmasını sübut edə bilməmişdir. Belə ki, məhkəmənin də qeyd etdiyi kimi, "xxxx" MMC tərəfindən mal-material alınması və satılmasına dair qaimə fakturalar, gömrük bəyannamələri və vergi bəyannamələri, əmək müqavilələri ilə təsdiq olunduğu halda qeyd olunan məbləğdəki malların anbara yerləşdirilməsi və İddiaçı həmin ünvanda faktiki fəaliyyət göstərməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarından, eləcə də hüquqi əsaslarından bəlli olur ki, cavabdeh inzibati orqanın hərəkətləri əsaslı və qanuni olmuş, vergi orqanı haqlı olaraq mübahisələndirilən qərarla kameral qaydada iddiaçıya vergi borcu hesablamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1805/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1805/2023
03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver