Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1807/2023 03.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı əmrin ləğvi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli, 32 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 18 ildir hərbçi işləyir, N il FHN-də, N il N saylı hərbi hissədə MAXE işləyir. İddiaçı heç bir səhvi olmadan, heç bir qanun pozuntusuna yol vermədən onun barəsində hərbi hissə komandiri əmr imzalayaraq işdən çıxarmışdır. Belə ki, onun müqavilə müddəti hələ bitməmişdir. Müqavilə müddətinə 1 il qalmışdır. İddiaçı hesab edir ki, nümunəvi hərbçi olmuş, hər zaman ön cəbhədə xidmət etmiş, döyüş bölgəsində olmuşdur. N saylı hərbi hissənin komandiri polkovnik İlqar Xasməmmədov isə 31 yanvar 2023-cü il tarixli 32 №-li əmri ilə "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsi ilə onu işdən azad etmişdir. İddiaçı məlum olmayan səbəblərdən işdən azad olmuşdur, çünki ona heç zaman töhmət verilməyib, hər zaman nümunəvi xidmət aparmışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. İddiaçının müvafiq ərizələrinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadları ilə iş üzrə cavabdeh Azərbaycan Republikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi əsl cavabdeh Azərbaycan Republikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi ilə əvəz edilmiş, eyni zamanda iddia tələbi “Azərbaycan Republikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 04əç nömrəli əmrinin ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Republikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, İddiaçı Şəhriyar oğlu, 01 iyun 2014-cü il tarixdə Tovuz rayon SHXÇDX tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.2022-ci il tarixdə Cavabdeh 3-cü tabor, 8-ci bölük, 1-ci taqım, 3-cü manqa komandiri vəzifəsinə təyin edilmişdir. İddiaçı Şəhriyar oğlu Cavabdeh 3-cü tabor, 8-ci bölük, 1-ci taqım, 3-cü manqanın döyüş növbətçiliyi apardığı "Qala" döyüş mövqeyində xidmət edərkən 2022-ci ilin avqust-sentyabr aylarında Azərbaycan Respublikası Müdafiə nazirinin 6 aprel 2020-ci il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları"nın 6.1-ci yarımbəndinin tələblərinə zidd olaraq xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah məqsədi ilə siqaret, şirniyyat və sair mallar almaq adı ilə şəxsi heyətdən pul yığmış, həmin döyüş mövqeyində xidmət edən əsgərlərin valideynləri tərəfindən onun bank kartına köçürülmüş müxtəlif məbləğlərdə pul vəsaitini mənimsəmişdir. Cavabdeh komandanlığı tərəfindən kiçik-çavuş İddiaçı Şəhriyar oğlu xarakterizə olunarkən qeyd edilmişdir ki, İddiaçı Şəhriyar oğlu, Cavabdeh xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil. İşinə tənqidi yanaşma qabiliyyətinə malik deyil. İradlardan nəticə çıxarmır. İddiaçı Şəhriyar oğlunun yuxarıda qeyd olunan qanun pozuntularına yol verdiyini, vəzifə borclarını layiqincə yerinə yetirə bilmədiyini nəzərə alaraq Cavabdeh komandiri polkovnik lqar Xasməmmədovun vəsatəti əsasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqqında qərar qəbul edilmiş, N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 10 yanvar 2023-cü il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 6-cı təhqiqat bölməsinin təhqiqatçısının xx.xx.2022-ci il tarixli, 2458 nömrəli « Cinayət işinin rədd edilməsi haqqında » qərarından görünür ki, manqa komandiri vəzifəsində xidmət edən MAHHXHQ çavuş İddiaçı barəsində Azərbaycan Respublikasının CPM 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. -surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, N nömrəli “Cavabdeh aşkar olunmuş nöqsanlar və təqsirkar şəxslərin cəzalandırılması haqqında” əmrindən görünür ki, Cavabdeh MAHHXHQ kiçik-çavuş İddiaçı Şəhriyar oğlu xidməti vəzifələrin icrası zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah məqsədilə siqaret, şirniyyat və sair mallar almaq adı ilə qanunsuz pul yığdığına və döyüş mövqeyində xidmət edən əsgərlərin valideynləri tərəfindən onun bank kartına köçürülmüş müxtəlif məbləğlərdə pul vəsaitini mənimsədiyinə görə ona “vəzifələrinə tam uyğun olmaması barədə” xəbərdarlıq elan edilmiş və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması məsələsinə baxılması əmr edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 04əç nömrəli əmrindən görünür ki, İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 04əç nömrəli əmrinə əsasən iddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçı hesab edir ki, qeyd olunan əmr qanunsuz olduğundan ləğv edilməlidir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 04əç nömrəli əmrinin qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh, 8-ci bölük, 1-ci taqım 3-cü manqa komandiri vəzifəsində xidmət edən MAHHXHQ çavuş İddiaçı 2022-ci ilin avqust və sentyabr aylarında müxtəlif vaxtlarda "Qala" döyüş mövqeyində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər X3, asgər X6, əsgər X2, əsgər X4 və əsgər X5 etibarından sui-istifadə edərək təmizlik ləvazimatları, su, siqaret, şirniyyat almaq bəhanəsilə onlardan ümumilikdə 444 (dörd yüz qırx dörd) manat pul götürmüş, həmin məbləğdən ümumilikdə 294 (iki yüz doxsan dörd) manat məbləğində pulu mənimsəmiş, ümumilikdə 150 (yüz əlli) manat məbləğində pulu isə adları qeyd olunan əsgərlərə su, şirniyyat, siqaret və təmizlik ləvazimatları almaq üçün sərf etmişdir. "Qala" döyüş mövqeyində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının şikayət etməyinə görə təşvişə düşən MAHHXHQ çavuş İddiaçı 2022-ci ilin avqust və sentyabr aylarında müxtəlif vaxtlarda əsgərlər aldığı 444 (dörd yüz qırx dörd) manat məbləğində pulu xx.xx.2022-ci il tarixdə leytenant Nurlan Əzimovun maaş kartına 150 (yüz əlli) manat və xx.xx.2022-ci il tarixdə 294 (iki yüz doxsan dörd) manat pulu əsgərlərə qaytarmaq üçün göndərmiş, sonuncu isə öz mobil telefonunda olan "bir bank" proqramı vasitəsilə əsgərlərə verilməli olan pulu onların valideynlərinin və qardaşlarının hesab kartına göndərmişdir. Eyni zamanda, həmin qərarın məzmunu ilə müəyyən olunur ki, İddiaçı "Qala" döyüş mövqeyində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından mənimsədiyi 294 manat məbləğində pul 500 manatdan az olduğu üçün onun əməli Cinayət Məcəlləsinin 178-ci maddəsinin təsir dairəsinə düşmədiyindən barəsində Azərbaycan Respublikasının CPM 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin başlanması rədd edilmiş olsa da, qərarın məzmunundan görünür ki, iddiaçının yuxarıda qeyd olunan müvafiq əməlləri tam sübuta yetirilmişdir. Lakin bu hal iddiaçının müvafiq Nizamnamənin tələbərini pozmadığına dəlalət etmir, əksinə mübahisələndirilən əmrin məzmununda qeyd edilmiş əsasla ehtiyata buraxılmasına əsas verir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1:- -1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. -2-ci maddəsinə əsasən hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. -3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinəmətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. İstinad olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. -41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Mübahisələndirilən əmrin məzmunu ilə müəyyən olunur ki, iddiaçı Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata ehtiyata buraxılmışdır. İşin halları ilə də təsdiq olunur ki, həqiqətən iddiaçının törətdiyi əməl onun xidməti vəzifəsi ilə bir araya sığmayan hərəkətlərdir və bu səbəbdən də o, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Azərbaycan Republikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 04əç nömrəli əmri verilərkən qanun pozuntusuna yol verilməmişdir, əmr qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı əmrin ləğvi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1807/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1807/2023
03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver