Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1809/2023 13.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, oğlu Altun Füzuli istiqamətində gedən döyüşlərdə Qaraxanbəyli kəndində şəhid olmuşdur. Oğlunu dəfn etdiyi gün, yəni 04 oktyabr 2020-ci il tarixdə şəhərləri düşmən hücumuna məruz qalmış və düşmən raketi evlərinə yaxın əraziyə düşmüşdür. Oğlu Altunun 21 yaşı olmuşdur. Digər oğlu Məmmədov Səbuhi isə 26 avqust 2021-ci il tarixdə Tovuz rayonu ərazisində ağır avtoqəzaya düşərək sağlamlığını itirmişdir. Belə ki, onun daxili orqanları, o cümlədən qara ciyəri və on iki barmaq bağırsağı ciddi zədələr almış, hər iki ayağı, o cümlədən oma sümüyü, dizi, bud sümükləri, sağ dabanı və ayağının digər bir neçə yeri sınmışdır. Oğlu çox ağır vəziyyətdə olmuşdur. O, Mərkəzi Klinikada bir neçə dəfə əməliyyat olunmuşdur. Səbuhinin müayinə və müalicəsi üçün, o cümlədən əməliyyatı üçün pul vəsaiti olmadığından qardaşından xeyli miqdarda borc pul almış, 40 minə yaxın pul xərcləmişdir. Bir oğlu şəhid olmuş, digər oğlunu da itirmək onlar üçün əlavə müsibət və dözülməz faciə olardı. Lakin qardaşı Cabbar həmin ərəfədə evini satmış, başqa ev alacaqdı. O oğlunun həyat və sağlamlığını qorumaq üçün ev alması üçün nəzərdə tutulan pulu ondan alıb ağır vəziyyətdə olan oğlu Səbuhinin müayinə və müalicəsinə sərf etmişdir. Ona görə də aldığı borcların müqabilində evini qardaşı Cabbara bağışlamışdır. Bu barədə sübutlar mövcuddur və məhkəməyə təqdim ediləcək. Hazırda oğlu Səbuhinin müalicəsi və reabilitasiyası hələ də davam edir. Bu proseslərdə öz iş yerini də itirmiş, belə ki, oğluna qulluq etməli, onu müalicə müəssisələrinə aparıb-gətirməli olmuş və buna görə də işdən çıxmaq məcburiyyətində qalmışdır. Buna görə də o yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağı üçün Gəncə şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; -iddiaçıya məxsus 002318 nömrəli vəsiqənin surəti; -surəti işə əlavə edilmiş X3 Mərkəzinin xx.xx.2022-ci il tarixli, 510 nömrəli arayışından görünür ki, X1 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Mərkəzdə müayinə və müalicə olunmuş, bunun müqabilində 25760 manat ödəniş etmişdir. -işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023cü il tarixli 5-1/2-03/1227/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Gəncə şəhəri, N.Nərimanov küçəsi, 153 nömrəli ev İddiaçı adına olmuş, sonradan həmin ev özgəninkiləşdirilərək onun qardaşı X2 adına sənədləşdirilmişdir. Qeyd edilən evin yaşayış sahəsi 74,8 kv.metrdir və həmin evdə yaşayış yeri üzrə 6 nəfər qeydiyyatdadır. -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli 5-1/1-M-11-068/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota götürülməsi üçün Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:- -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -51.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Təqdim edilmiş sübutlardan və iddiaçının iddia ərizəsindən də görünür ki, sonuncu ona məxsus olan mənzili qardaşına bağışlamış, nəticədə yaşayış sahəsindən məhrum olmuşdur. Mövcud qanunvericilikdə isə bu hala, yəni yaşayış sahəsinə ehtiyacı olan hesab edilmə ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlara niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. İddiaçının isə evini bağışlamasından, yəni yaşayış sahəsindən məhrum olmasından qanunvericiliklə nəzərdə tutulmuş müddət keçməmişdir. Odur ki, istinad olunan qanunvericiliyin tələblərinə əsasən, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçının cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1809/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1809/2023
13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver