Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-181/2022 09.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X3 və X11) dövlət aktlarının ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, JN-201 və JN-202 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 93 saylı, Azərbaycan Respublikası Torpaq Komitəsinin xx.xx.1996-cı il tarixli 17-0/497 nömrəli və Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının şəhər nümayəndəsinin xx.xx.1996-cı il tarixli 148 saylı Sərəncamına, eləcə də xx.xx.1996-cı il tarixli “Torpaqdan istifadə hüququna dair” akta əsasən mərhum arvadı X4 fərdi qaydada ev tikdirmək üçün ara nişanları qoyulmaqla 0.06 hektar torpaq sahəsi verilmişdir. Rəsmi nikahda olmaqla, uzun illər birgə təsərrüfatı idarə etdiyi, yaşadığı həyat yoldaşı X6 2018-ci ildə vəfat etdikdən sonra həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları ona keçmişdir. Həmin torpağı dövlət onun ailəsinə vermişdir. Buna baxmayaraq üçüncü şəxslər X3 və X10 onlara verilmiş torpağa sonradan saxta yolla Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Torpağa mülkiyyət hüququna dair Dövlət aktı almışlar. Hansı ki, eyni torpaq sahəsinə dair iki şəxsin adına hüquqları təsdiq edən sənədin mövcud olması yolverilməzdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisəli sahə boşdur, üzərində heç bir tikili yoxdur, həmin sahəyə 1996-cı ildə 1 il kartof əkmiş, sonrakı illər isə istifadə etməmişdir, 1997-ci ildən 2019-cu ilədək isə X7 adlı şəxs tərəfindən istifadə olunmuş, 2019-cu ildə onun həmin sahədən çıxarılması barədə məhkəmə qərar vermişdir. Üçüncü şəxs X11 məhkəmə iclasında iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçı ona məxsus sahəyə göz tikib, halbuki onun sahəsi başqa yerdədir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə və digər üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, digər üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli, **********80 nömrəli iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, 11 saylı Şəmkir Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən məlum olmuşdur ki, X5 adına Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0.21 ha pay torpaq sahəsi və X1 və ailə üzvlərinin adına 0.72 ha pay torpaq sahəsi ilə bağlı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Qanunvericiliyə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.1996-cı il tarixli “Torpaqdan istifadə hüququna dair” aktla müəyyən olunur ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin şəhər nümayəndəsinin xx.xx.1996-cı il tarixli 148 nömrəli sərəncamına əsasən X4 fərdi qaydada ev tikdirmək üçün ara nişanları qoyulmaqla 0.06 hektar torpaq sahəsi verilmişdir. DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı nəzərdə tutuduğu ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aiddir və həmin torpaq sahəsinin konkret olaraq nə sxemi, nə də naturada fiziki sərhədi yoxdur, sözügedən ərazi elektron baza xəritəsində X2 məxsus JN-201 saylı və X8 məxsus JN-202 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktları ilə verilmiş torpaq sahəsidir. Həmçinin hazırda mübahisələndirilən JN-201 və JN-202 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktları ilə müəyyən olunur ki, sözügedən dövlət aktları Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə X5 mülkiyyətinə verilmiş 0.21 ha pay torpaq sahəsi və X1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.72 ha pay torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Beləliklə müəyyən olunur ki, xx.xx.1996-cı il tarixli “Torpaqdan istifadə hüququna dair” aktda iddiaçının mərhum arvadı X4 0.06 ha torpaq sahəsinin verilməsi qeyd edilsə də, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd mövcud deyildir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi qərar əsasında Gədəbəy rayonu Yenikənd kəndi ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı müvafiq sənədlər əsasında Gədəbəy rayonu Yenikənd kəndi ərazisindən 0.06 ha torpaq sahəsinin mərhum arvadına verilmiş torpaq sahəsi olduğunu iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından ayrılmış torpaq sahəsinin iddia olunan torpaq sahəsi ilə üst-üstə düşübdüşmədiyini də müəyyən etmək mümkün deyildir. Beləliklə müəyyən olunur ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin onun arvadına ayrılmış sahə ilə eyni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ da istisna olunur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı dövlət aktlarının ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-181/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-181/2022
09.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver