Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-181/2024 13.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Daşkəsən rayon Kəmərqaya bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Daşkəsən rayon Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı ilə Kəmərqaya bələdiyyə fondunun alqı-satqı predmeti olan yaşayış məntəqəsinin torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.08 hektar torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır.
2. DT və XK-nin Daşkəsən rayon şöbəsinin TŞ-07-1169 nömrəli arayışında qeyd edilir ki, İddiaçı satılmış torpaq sahəsi Daşkəsən-Gədəbəy dağlıq zonasına aiddir. Həmin torpaq sahəsi Daşkəsən rayonunun İİ qiymət zonasında olmaqla cəmi 0.08 hektar və normativ qiyməti 52.80 azn olmaqla, bələdiyyə mülkiyyətinə aiddir.
3. DT və XK-nin Daşkəsən rayon şöbəsi verdiyi rəyində Daşkəsən rayon Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış 800 kv.m torpaq sahəsinin sonuncunun istifadəsində olmaqla, Daşkəsən rayonunun İİ qiymət zonasında yerləşdiyi bildirilmiş və həmin sahəyə Torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanmasına etiraz edilməmişdir.
4. Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən Daşkəsən rayon Kəmərqaya kəndinin yerquruluşu planından çıxarış tərtib edilmişdir.
5. İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə 313357 nömrəli qəbzlə bələdiyyənin hesabına 52.80 manat vəsait ödənilmişdir.
6. Bələdiyyə ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə torpaqların alğı-satqısına dair akt bağlanmış və həmin akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2007-ci il tarixdə 1169 nömrə ilə qeydiyyata alınmışdır.
7. X5 kitabnda xx.xx.2011-ci il tarixdə 1468 nömrə ilə uçota alınmış A №121693 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, həmin sənəd Daşkəsən rayon Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarına əsasən Daşkəsən rayonu Kəmərqaya kəndində yerləşən 800 kv.m torpaq sahəsi ilə İddiaçı adına tərtib edilmişdir.
8. "xxxx" ASC-nin X6 Təchizatı və Satışı İdarəsinin xx.xx.2022-ci il tarixli 01-01/A- 025/080 nömrəli arayışında göstərilmişdir ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evindən 5 metr məsafədən 35/6 kV-luq “PQ-50” yarımstansiyasından çıxan 6 kV-luq “TV-2” hava xətti keçir. Həmin evin qeydiyyata alınmasına X4 etiraz etmir.
9. Daşkəsən rayonu Kəmərqaya bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 18 nömrəli məktubundan görünür ki, İddiaçı ev və torpaq sahəsinin sənədləşməsinə bələdiyyə etiraz etmir.
10. İddiaçı Daşkəsən rayonu Kəmərqaya qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-A-0065-8/2023 nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin Daşkəsən rayonu Kəmərqaya bələdiyyəsi tərəfindən satılmasının göstərilməsinə baxmayaraq Ərazi İdarəsinin baza və elektron xəritə məlumatlarına əsasən torpaq sahəsinin Daşkəsən rayon Kəmərqaya qəsəbə inzabati ərazisinə deyil, Gəncə şəhər inzibati ərazisinə aid olduğu müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası qeyri-mümkün hesab edilmişdir.
11. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 11092/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin xəritə məlumatlarına əsasən İddiaçı adına tərtib olunmuş A121693 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədində qeyd edilən koordinatlara əsasən 800 kv.m torpaq sahəsinin xx.xx.2007-ci il tarixdə Gəncə şəhərinin inzibati ərazi vahidinə aid olduğu müəyyən edilmişdir.
12. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Daşkəsən rayonu Kəmərqaya Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün 800.0 kv.m torpaq sahəsinə dair İddiaçı adına tərtib olunmuş A№ 121693 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Nizami bələdiyyəsinin elektron xəritə materiallarına istinadən, bələdiyyə mülkiyyətində olan, yaşayış mənqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahəsidir. 2) Daşkəsən rayonu Kəmərqaya Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün 800.0 kv.m torpaq sahəsinə dair İddiaçı adına tərtib olunmuş A№ 121693 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir. 3) Həmin torpaq sahəsi üzərindən yüksək təzyiqli qaz kəməri, hava məkanından isə yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olundu. Həmin torpaq sahəsinin, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı öbyektlərin mühafizə zonalarına düşməsi barədə İdarənin elektron baza materiallarında məlumat aşkarlanmadı. 4) Həmin torpaq sahəsi hazırda Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Nizami bələdiyyəsinin elektron xəritə materiallarına istinadən, Gəncə şəhəri inzibati ərazi vahidinə aiddir. Daşkəsən rayonu Kəmərqaya kəndi ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş 1999-cu il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə əsasən sözügedən torpaq sahəsi Daşkəsən rayonu Kəmərqaya kəndi ərazisində yerləşmir. Həmin torpaq sahəsi “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli 518-İVQ nömrəli Qanununa əsasən Gəncə şəhərinin ərazisinə keçən ərazi deyildir. II. Məhkəmədə icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən rayonu (hazırda Gəncə şəhəri, Qızılqaya qəsəbəsi) Kəmərqaya kəndi ərazisində ona satılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və bu haqda müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. Tələb onunla əsaslandırılmışdır ki, o, Daşkəsən rayonu Kəmərqaya kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tabeliyində 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Onun müraciətinə baxılması haqda cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubla torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. O hesab edir ki, imtina tam olaraq əsassız və qanunsuz olmaqla onun hüquqlarını pozur. Belə ki, imtina məktubu onunla əsaslandırılmışdır ki, Daşkəsən rayonu Kəmərqaya bələdiyyəsi tərəfindən ona satılan torpaq sahəsi Daşkəsən rayonu deyil, Gəncə şəhərinin ərazisinə aiddir. Bununla bağlı qeyd edir ki, o, torpaq sahəsini 2007-ci ilin sentyabr ayında almışdır. Həmin vaxt aldığı torpaq sahəsi Daşkəsən rayonu Kəmərqaya bələdiyyəsinə aid torpaq sahəsi idi. O, torpaq sahəsində ev tikdirmiş və hazırda da həmin evdə yaşayır. Sonradan ərazi dəyişikliyi olması səbəbindən Kəmərqaya bələdiyyəsindən aldığı torpaq sahəsi 2012-ci ildə Gəncə şəhərinin (keçmiş Nizami rayonu ərazisinə) ərazisinə birləşdirilmişdir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. III. İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
17. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
18. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
19. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
20. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
21. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
23. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə müvafiq olaraq Daşkəsən rayon Kəmərqaya bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
25. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı və üçüncü şəxsin nümayəndəsi isə məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər.
26. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
27. Cavabdehin orqanın məhkəməyə yazılı etirazı daxil olmuşdur.
28. Etiraz onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı Daşkəsən rayonu, Kəmərqaya qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli ********** nömrəli müraciətinə baxılmış və iddia ərizəsində göstərilən hallar araşdırılmışdır. Bildirilir ki, aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin Daşkəsən rayonu Kəmərqaya bələdiyyəsi tərəfindən satıldığı göstərilməsinə baxmayaraq Ərazi İdarəsinin baza və elektron xəritə məlumatlarına əsasən torpaq sahəsinin Daşkəsən rayonu, Kəmərqaya qəsəbə inzibati ərazisinə deyil, Gəncə şəhər İnzibati ərazisinə aid olduğu müəyyən edilmişdir. Vətəndaş İddiaçı müraciətinin təmin olunmasına nail olmaq məqsədi ilə Ləğv edilmiş DTXK tərəfindən verilmiş AN ******* nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən koordinatlara əsasən sözügedən ərazinin Gəncə şəhərinə, Daşkəsən rayonu Kəmərqaya kəndindən və yaxud Göygöl rayon ərazisindən keçib-keçməməsi ilə bağlı məlumatın verilməsi üçün aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-yə sorğu göndərilmiş və həmin MMC-nin arxivində mövcud olan xəritə materialları Ərazi İdarəsinə təqdim edilmişdir. Təqdim olunnmuş xəritə materilları əsasında aparılmış kameral araşdırma zamanı mübahisəli torpaq sahəsinin Gəncə şəhər inzibati ərazisinə aid olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
29. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, tələbin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Daşkəsən rayon Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı; - DT və XK-nin Daşkəsən rayon şöbəsinin TŞ-07-1169 nömrəli arayışı; - DT və XK-nin Daşkəsən rayon şöbəsinin rəyi; - Daşkəsən rayon Kəmərqaya kəndinin yerquruluşu planından çıxarış; - 313357 nömrəli qəbz; - xx.xx.2007-ci il tarixli torpaqların alğı-satqısına dair akt; - A №121693 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədi; - X6 Təchizatı və Satışı İdarəsinin xx.xx.2022-ci il tarixli 01-01/A-025/080 nömrəli arayışı; - Daşkəsən rayonu Kəmərqaya bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 18 nömrəli məktubu; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-A-0065-8/2023 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 11092/2023 nömrəli cavab məktubu; - Mütəxəssis rəyi. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
31. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
32. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Daşkəsən rayon Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı ilə Kəmərqaya bələdiyyə fondunun alqı-satqı predmeti olan yaşayış məntəqəsinin torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.08 hektar torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. DT və XK-nin Daşkəsən rayon şöbəsi İddiaçı satılmış torpaq sahəsinin Daşkəsən-Gədəbəy dağlıq zonasına və Daşkəsən rayonunun İİ qiymət zonasına aid olmaqla, bələdiyyə mülkiyyətinə aid olması barədə rəy və arayış vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən Daşkəsən rayon Kəmərqaya kəndinin yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 52.80 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2007-ci il tarixdə 1169 nömrə ilə qeydiyyata alınmışdır. Bundan sonra həmin torpaq sahəsinə dair İddiaçı adına A№121693 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədi tərtib edilərək, X5 kitabnda xx.xx.2011-ci il tarixdə 1468 nömrə ilə uçota alınmışdır.
33. İddiaçı Daşkəsən rayonu Kəmərqaya qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-A-0065-8/2023 nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin Daşkəsən rayonu Kəmərqaya bələdiyyəsi tərəfindən satılmasının göstərilməsinə baxmayaraq Ərazi İdarəsinin baza və elektron xəritə məlumatlarına əsasən torpaq sahəsinin Daşkəsən rayon Kəmərqaya qəsəbə inzabati ərazisinə deyil, Gəncə şəhər inzibati ərazisinə aid olduğu müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası qeyri-mümkün hesab edilmişdir.
34. Cavabdeh orqanın sözügedən torpaq sahəsinə dair iddiaçının hüquqlarını qeydə almaqdan imtinası və iddiaya yazılı etirazı ilə müəyyən edilir ki, mübahisəli 0.08 ha torpaq sahəsi Daşkəsən rayonu Kəmərqaya bələdiyyəsinin qərarına əsasən ayrılmasına baxmayaraq, həmin dövrdə torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən Gəncə şəhəri inzibati ərazi vahidliyinə düşür.
35. Məhkəmə iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi 0.08 ha torpaq sahəsinin ona ayrıldığı vaxt hansı rayonun inzibati ərazi vahidinə aid olmasının müəyyənləşdirilməsi məqsədilə mütəxəssis rəyinin alınmasını qərara alımış və bununla bağlı tərtib edilmiş mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəylə müəyyən edilir ki, 1) Daşkəsən rayonu Kəmərqaya Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün 800.0 kv.m torpaq sahəsinə dair İddiaçı adına tərtib olunmuş A№ 121693 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Nizami bələdiyyəsinin elektron xəritə materiallarına istinadən, bələdiyyə mülkiyyətində olan, yaşayış mənqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahəsidir; 2) Daşkəsən rayonu Kəmərqaya Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün 800.0 kv.m torpaq sahəsinə dair İddiaçı adına tərtib olunmuş A№ 121693 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir; 3) Həmin torpaq sahəsi üzərindən yüksək təzyiqli qaz kəməri, hava məkanından isə yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olundu. Həmin torpaq sahəsinin, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı öbyektlərin mühafizə zonalarına düşməsi barədə İdarənin elektron baza materiallarında məlumat aşkarlanmadı; 4) Həmin torpaq sahəsi hazırda Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Nizami bələdiyyəsinin elektron xəritə materiallarına istinadən, Gəncə şəhəri inzibati ərazi vahidinə aiddir. Daşkəsən rayonu Kəmərqaya kəndi ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş 1999-cu il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə əsasən sözügedən torpaq sahəsi Daşkəsən rayonu Kəmərqaya kəndi ərazisində yerləşmir. Həmin torpaq sahəsi “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli 518-İVQ nömrəli Qanununa əsasən Gəncə şəhərinin ərazisinə keçən ərazi deyildir.
36. Göründüyü kimi, cavabdeh orqanın hüquqların qeydiyyatından imtinasının əsasını Daşkəsən rayon Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsinin həmin dövrdə Gəncə şəhər inzibati ərazisinə düşməsi halı təşkil etmişdir ki, məhkəmə tərəfindən aparılan araşdırma zamanı həmin hal mütəxəssis rəyi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 11092/2023 nömrəli məktubu ilə öz təsdiqini tapmışdır (bu qərarın 11 və 12-ci bəndləri).
37. Bu isə o deməkdir ki, Daşkəsən rayon Kəmərqaya bələdiyyəsi sözügedən 0.08 ha torpaq sahəsinə dair qərar qəbul edən zaman da o, Gəncə şəhər ərazisinə aid torpaq sahəsi olmuşdur.
38. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (m. 8.0.1) qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, yəni etibarlı inzibati aktlar hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
39. Hazırkı halda isə Daşkəsən rayon Kəmərqaya bələdiyyəsi səlahiyyəti olmadığı halda, mülkiyyətində olmayan torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli 09 nömrəli qərar - etibarsız inzibati akt qəbul edərək, mübahisəli 0.08 ha torpaq sahəsini iddiaçıya satmışdır.
40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt.
41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
42. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair Daşkəsən rayon Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı etibarsız inzibati akt olduğundan həmin qərar mübahisəli 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab edilə bilməz.
43. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.
45. Cavabdeh orqanın hüquqların dövlət qeydiyyatını həyata keçirməsi üçün isə ərizəçi tərəfindən ona “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslardan biri təqdim edilməlidir. Daşkəsən rayon Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı isə etibarsız inzibati akt olduğundan və iddiaçı tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab edilə bilən etibarlı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən məhkəmə hesab edir ki, cavabdeh orqanın daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinası əsaslı olmuşdur.
46. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə:
48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülşən Əliyeva