Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1810/2021 19.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, Cavabdehin nümayəndəsi X15 iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxslər Qazax rayon İcra Hakimiyyəti, X13, X9, X4) qarşı qərarın və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10, X7 və X2 (bundan sonra mətndə üçüncü şəxslər) Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə onların torpaq sahələrinə dair hissədə və torpağın mülkiyyətə verilməsinə dair JN-233A (KOD ********) nömrəli şəhadətnamənin onların torpaq sahəsinə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayon Məhkəməsinin icraatında olan mülki işlə bağlı vəsatətləri əsasında 02.08.2021-ci il tarixdə Qazax Rayon Məhkəməsindən JN-233A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni alan zaman məlum olmuşdur ki, onlara məxsus olan torpaq sahəsi Qazax rayon Aqrar İslaha Komissiyasının 08.09.1997-ci il tarixi 10 nömrəli qərarı ilə onların qanuni istifadəsində olan və illərlə əkib-becərdikləri, dəmir torla çəpər çəkdikləri torpaq sahəsinin bir hissəsi üçüncü şəxslərin adına işlənərək şəhadətnamə verilərkən torpaq sahəsi yolun tam sərhəddindən deyil, yoldan boş sahə buraxılaraq, onların torpaq sahəsinə doğru sürüşdürülmüş və nəticədə onların torpaq sahələri üçüncü şəxslərin mülkiyyətinə keçmişdir. Onlar islahat dövründən torpaq sahəsinin dəmir setka ilə sərhədlərini müəyyən etmiş və həmin sərhədlə də bölgülərini apararaq istifadə etmişlər. Üçüncü şəxslər həmin torpaq sahəsini X1 sonra ilkin olaraq alqı-satqı müqaviləsini məhkəmədən götürəndə şəhadətnamə və qərardan 02 avqust 2021-ci il tarixdə məlumatları olmuşdur. Həmin qərar və şəhadətnamə ilə üçüncü şəxslərə verilən torpaq sahəsi onlara məxsus torpaq sahələri ilə üst-üstə düşən 184 kv.m hissədə əsassız və qanunsuzdur. Ona görə də Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə onların torpaq sahələrinə dair hissədə və torpağın mülkiyyətə verilməsinə dair JN-233A (KOD ********) nömrəli şəhadətnamənin onların torpaq sahəsinə düşən hissədə ləğv edilməsini xahiş etmişlər. Məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X19 iddia tələbinə etiraz edərək bildirmişdir ki, üçüncü şəxslərin mübahisəli torpaq sahəsini satdığı X8 iddiaçılar İddiaçı2 və X12 qarşı Qazax Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehlər tərəfindən zəbt olunmuş Qazax rayonunun Çaylı kəndində yerləşən torpaq sahəsinin 11 metr eni 13 metr uzunluğu hissəsinin zəbtdən azad edilərək ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Qazax Rayon Məhkəməsi 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə X3 iddiası təmin edilmiş, bundan narazı olan cavabdehlər İddiaçı2 və X6 Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verərək Qazax Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin tam həcmdə rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Ona görədə iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs Qazax rayon İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, digər üçüncü şəxslər isə iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik hüquq sahəsində qüvvədə olan) qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını yoxlamalıdır. İddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Hazırki işin araşdırılan hallarından isə görünür ki, iddiaçının hazırki tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-233A (KOD ********) nömrəli şəhadətnamədən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Qazax rayonu Çaylı kəndinin ərazisindən X10, X7 və X2 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən verilmiş 12.03.2020-ci il tarixli 63 nömrəli Arxiv Arayışından görünür ki, X22 Komissiyasının 17.01.1998-ci il tarixli 10/AK-ı qərarı ilə İddiaçı1 X23 və Emalı müəssisəsi üzrə bir ədəd silos quyusu dəyəri ******* (bir milyon iki yüz qırx min) manat tam ödənilməklə əmlak payı hesabına verilmiş, lakin iddiaçılar həmin silos quyusunun yerləşdiyi torpaq sahəsinin İddiaçı1 mülkiyyətinə verilməsinə dair məhkəməyə heç bir hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Göründüyü kimi iddiaçıların sözügedən torpaq sahəsinə hər hansı bir hüququ müəyyən olunmur. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, iddiaçıların mübahisələndirilən torpaq sahəsinə hər hansı bir hüququ müəyyən olunmadığından iddia mümkün sayılmamalıdır. Beləliklə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxslər Qazax rayon İcra Hakimiyyəti, X13, X9, X4) qarşı Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə onların torpaq sahələrinə dair hissədə və torpağın mülkiyyətə verilməsinə dair JN-233A (KOD ********) nömrəli şəhadətnamənin onların torpaq sahəsinə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1810/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1810/2021
19.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver