Məhkəmə qərarları › İş №2-1(114)-1811/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1811/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1811/2021 29.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhəri Nizami rayon bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 04.09.2013-cü il tarixli 1383 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Gülüstan yaşayış ərazisindəki 28 nömrəli binanın cənub tərəfində yerləşən 300,0 kvadratmetr torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir. 08.05.2021-ci il tarixli, AN ******* nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nə əsasən Gəncə şəhər Nizami rayon bələdiyyəsi tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən 0,271 ha torpaq sahəsi satılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 14 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Tofiq Bağırov, 20A yerləşən 0.0271 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması müraciətinin icrası torpaq sahəsinin üzərində mübahisə olması səbəbindən mümkün olmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Gəncə şəhəri, Nizami rayonu, Tofiq Bağırov 20A-da yerləşən 0,0271 ha (Gəncə şəhəri, Gülüstan yaşayış ərazisindəki 28 nömrəli binanın cənub tərəfində yerləşən 300,0 kvadratmetr) torpaq sahəsinin adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyəti başçısının 04.09.2013-cü il tarixli 1383 nömrəli sərəncamı ilə onun müraciəti əsasında Gəncə şəhəri Gülüstan yaşayış ərazisindəki 28 nömrəli binanın cənub tərəfində (Gəncə şəhəri, Nizami rayonu, Tofiq Bağırov 20A) yerləşən 300,0 kvadratmetr torpaq sahəsində tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir. Həmin sözügedən torpaq sahəsinə onunla Gəncə şəhəri Nizami rayon bələdiyyəsi arasında Gəncə şəhər 5 saylı notariat kontorunda 08.05.2021-ci il tarixdə AN0932071 nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Bundan sonra o, həmin torpaq sahəsinin onun adına qeydiyyata alınmasına dair 08.05.2021-ci il tarixdə 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin ərizəsi öz müsbət həllini tapmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyəti başçısının 04.09.2013-cü il tarixli 1383 nömrəli sərəncamı ilə ona verilən Gəncə şəhəri Gülüstan yaşayış ərazisindəki 28 nömrəli binanın cənub tərəfində (Gəncə şəhəri, Nizami rayonu, Tofiq Bağırov 20A) yerləşən 300,0 kvadratmetr torpaq sahəsi ilə 08.05.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayonu bələdiyyəsindən aldığı 0,271 kv.m torpaq sahəsi eynidir. Odur ki, Gəncə şəhəri, Nizami rayonu, Tofiq Bağırov 20A-da yerləşən 0,0271 ha (Gəncə şəhəri, Gülüstan yaşayış ərazisindəki 28 nömrəli binanın cənub tərəfində yerləşən 300,0 kvadratmetr) torpaq sahəsinin adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Cavabdeh orqana məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Məhkəmə iddia növünün müəyyən edilməsi ilə bağlı qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır və iddiaçı inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətin – torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. İş materiallarından məlum olur ki, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 04.09.2013-cü il tarixli 1383 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Gülüstan yaşayış ərazisindəki 28 nömrəli binanın cənub tərəfində yerləşən 300,0 kvadratmetr torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmiş, 08.05.2021-ci il tarixli AN ******* nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nə əsasən Gəncə şəhər Nizami rayon bələdiyyəsi tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən 0,271 ha torpaq sahəsi satılmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair 13.09.2021-ci il tarixli sərəncam göndərilmiş və qanunvericiliyə uyğun iddia ərizəsi tərtib edilərək təqdim olunması üçün 29 sentyabr 2021ci il tarixədək vaxt verilmişdir. Məhkəmənin sərəncamı 17.09.2021-ci il tarixdə iddiaçının ünvanı üzrə təqdim olunmuş, iddiaçı hazırkı məhkəmə iclasında iştirak etməyinə baxmayaraq məhkəmənin müraciətində qeyd olunanlara dair iddia ərizəsindəki nöqsanlar aradan qaldırılmamışdır. Odur ki, iddiaçı tərəfindən dəqiqləşdirilərək məhz hansı hüquqmüəyyənedici sənəd əsasında və neçə kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması tələb olunan iddia ərizəsi təqdim edilmədiyindən hazırki iddia tələb mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhəri Nizami rayon bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar