Məhkəmə qərarları › İş №2-1(114)-1812/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1812/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1812/2021 21.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, üçüncü şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi) daimi istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 16.08.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 29.11.1996-cı il tarixli 303 saylı sərəncamı ilə X5 Göygöl rayonu ərazisindən verilmiş 61.0 ha torpaq sahəsi üzərində mülkiyyət, sahiblik və daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 29.11.1996-cı il tarixli 303 saylı sərəncamı ilə Xanlar rayonu X1 Birliyinin əkin sahəsindən 61.0 ha torpaq sahəsinin ayrılıb kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar olaraq müəssisə yaratmaq üçün iddiaçının atası X5 verilmişdir. Həmin sərəncam əsasında Xanlar rayon İcra Hakimiyyəti tərəfindən torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair P 001501 nömrəli dövlət aktı verilmişdir. Həmin vaxtdan etibarən iddiaçının atası qeyd olunan torpaq sahəsindən istifadə etməklə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmuş, həmçinin "xxxx" X7 yaratmışdır. İddiaçının atası 03.02.2019-cu il tarixdə vəfat etmişdir. 15.11.2014-cü il tarixdən etibarən iddiaçı "xxxx" X9 rəhbəri vəzifəsinə təyin olunmuş, atasının ölümündən sonra isə 25.08.2020-ci il tarixdən müəssisənin nizamnaməsinə dəyişiklik edilməklə vərəsəlik hüququ əsasında müəsisənin mülkiyyətçisi və təsisçisi olaraq müəyyən olunmuşdur. İddiaçı hazırda müəssisəyə rəhbərlik edir və həmin torpaq sahəsi də müəssisənin istifadəsindədir. İddiaçı atasından miras qalmış torpağa daimi istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh orqan onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmənin 18.08.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Həmçinin məhkəmənin 27.09.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Göygöl rayonunda yerləşən 61.0 ha torpaq sahəsi üzərində X3 daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması”na dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin imtina məktubu hərəkətsizlik xarakteri daşıyır, belə ki, cavabda torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi olduğu bildirilir, lakin sözugedən mübahisələr başa çatmış və məhkəmə qərarları mövcuddur. Üçüncü şəxsin nümayəndəsi X14 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, araşdırma zamanı mübahisəli torpaq sahəsi verilərkən Kənd Təsərrüfatı Nazirliyindən razılığı alınmadığı müəyyən edilmiş, həmçinin Xanlar Rayon İcra Hakimiyyəti başçısının 29.11.1996-cı il tarixli 303 saylı sərəncamı Xanlar Rayon İcra Hakimiyyəti başçısının 14.05.2004-cü il tarixli, 24 nömrəli sərəncamı ilə ləğv edilmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 08.19.2021-ci il tarixli, **********28 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı İddiaçı iddia etdiyi 61.0 ha torpaq sahəsinin 3 saylı Gəncə Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən "xxxx" X8 aid dövlət torpağı kimi işlənildiyi və həmin torpaq sahəsi ilə bağlı mübahisənin olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq “Torpağa müllkiyyət, sahiblik və daimi istifadə hüququna dair A 005101 saylı Dövlət Aktına əsasən Göygöl rayonu, Xəqani kəndində yerləşən 61.0 ha torpaq sahəsi üzərində X3 hüquqlarının dövlət qeydiyyatına alınmasına münasibət bildirilməsi üçün 28.07.2020-ci il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziriyinə məktub göndərilmiş, lakin nazirlik tərəfindən məsələyə münasibət bildirilməmişdir. Qeyd olunanları nəzərə alaraq ərizənin icrası mümkan olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 09.10.1996-cı il tarixli aktdan görünür ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 03.01.1996-cı il tarixli 03 nömrəli sərəncamına əsasən yaradılmış komissiya yerində baxış keçirərək X1 Birliyinin örüş sahəsindən 61.0 ha torpaq sahəsinin ayrılıb X6 verilməsi məqsədəuyğun hesab edilmişdir. -surəti işə əlavə edilmiş Xanlar Rayon İcra Hakimiyyəti başçısının 29.11.1996-cı il tarixli 303 saylı sərəncamından görünür ki, Xanlar rayonu X1 Birliyinin əkin sahəsindən 61.0 ha torpaq sahəsinin ayrılıb kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar olaraq müəssisiə yaratmaq üçün X6 verilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” P 001501 nömrəli dövlət aktından görünür ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 29.11.1996-cı il tarixli 303 saylı sərəncamına əsasən X1 Birliyinin ərazisindən cizgidə göstərilən sərhəd daxilində 61.0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X6 verilmişdir. -surəti işə əlavə edilmiş Xanlar Rayon İcra Hakimiyyəti başçısının 14.05.2004-cü il tarixli 24 saylı sərəncamından çıxarışdan görünür ki, 61.0 ha torpaq sahəsinin X6 verilməsinə dair Xanlar Rayon İcra Hakimiyyəti başçısının 29.08.1995-ci il tarixli 8 saylı sərəncamı ləğv edilmişdir. -surəti işə əlavə edilmiş Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 20.07.2011-ci il tarixli, 2-2-4(84)-409/2011 nömrəli qətnaməsindən görünür ki, "xxxx" üzrə X15 X2 MMC-nin "xxxx" X8 qarşı icarəyə verilmiş 61 ha torpaq sahəsinin qanuni mülkiyyətçisinə qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. -surəti işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Departamentinin 15.12.2016-cı il tarixli **********7503700 nömrəli arayışından görünür ki, İddiaçı Nürəddin oğlu "xxxx"X7n təsisçisinin 15.11.2014-cü il tarixli qərarına əsasən həmin tarixdən müəssisənin rəhbəri vəzifəsinə təyin olunmuşdur. -surəti işə əlavə edilmiş 29.04.2020-ci il tarixli 2V-287 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, 03.02.2019-cu il tarixdə ölmüş X4 vərəsəsi İddiaçı Nürəddin oğludur və şəhadətnamə ilə verilən miras əmlak "xxxx" X9də miras qoyana məxsus 10 (on) manat dəyərində olan nizamnamə kapitalındakı 100% paydan ibarətdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 30.07.2021-ci il tarixli, **********72 nömrəli məktubundan görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 29.11.1996-cı il tarixli 303 saylı sərəncamı ilə Xanlar rayonu X1 Birliyinin əkin sahəsindən 61.0 ha torpaq sahəsinin ayrılıb kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar olaraq müəssisiə yaratmaq üçün X6 verilməsi qərara alınmış və həmin torpaq sahəsinə dair “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” P 001501 nömrəli dövlət aktı tərtib edilmişdir. İddiaçı mərhum atasına verilmiş torpaq sahəsi üzərində daimi istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi iddia edilən 61.0 ha torpaq sahəsinin 3 saylı Gəncə Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən "xxxx" X8 aid dövlət torpağı kimi işlənməsi və həmin torpaq sahəsi ilə bağlı mübahisənin olması qeyd olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə cavabdehin etirazına münasibətdə qeyd edilməlidir ki, iddia olunan torpaq sahəsi ilə bağlı mübahisənin olması qeyd olunsa da, iş materialları ilə təsdiq olunur ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 20.07.2011-ci il tarixli, 2-2-4(84)-409/2011 nömrəli qətnaməsi ilə "xxxx" üzrə X15 X2 MMC-nin "xxxx" X8 qarşı icarəyə verilmiş 61 ha torpaq sahəsinin qanuni mülkiyyətçisinə qaytarılması tələbinə dair iddiası təmin edilməmiş, qeyd olunan qətnamədən apelyasiya şikayəti verilməmişdir. Göründüyü kimi iddia olunan torpaq sahəsinə dair tərəflər arasındakı mövcud mübahisəyə məhkəmə qaydasında baxılaraq yekun qərar verilmişdir, deməli hazırki halda həmin torpaq sahəsi üzərində mübahisədən söhbət gedə bilməz. Bundan əlavə qeyd edilməlidir ki, sözügedən torpaq sahəsi X6 ayrılarkən müvafiq aidiyyəti orqanların razılığının alınması iş materiallarına əlavə edilmiş 09.10.1996-cı il tarixli aktla öz təsdiqini tapır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 14.05.2004-cü il tarixli 24 saylı sərəncamı ilə X6 torpaq verilməsi ilə bağlı 29.11.1996-cı il tarixli 303 saylı sərəncam deyil, 29.08.1995-ci il tarixli 8 saylı sərəncam ləğv edilmişdir. Odur ki, üçüncü şəxsin nümayəndəsinin sözügedən sərəncamın ləğv olunması ilə bağlı arqumenti də əsassız hesab edilməlidir. Həmçinin müəyyən olunmuşdur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 29.11.1996-cı il tarixli 303 saylı sərəncamı ilə Xanlar rayonu X1 Birliyinin əkin sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar olaraq müəssisiə yaratmaq üçün X6 ayrılmış 61.0 ha torpaq sahəsi təyinatı üzrə hazırda da "xxxx" X10 tərəfindən kənd təsərrüfatı bitkilərinin becərilməsi üzrə istifadə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da məhkəmə hesab edir ki, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Beləliklə göründüyü kimi mövcud qanunvericiliyin tələblərinə əsasən Xanlar Rayon İcra Hakimiyyəti başçısının 29.11.1996-cı il tarixli 303 saylı sərəncamına əsasən X3 istifadəsinə verilmiş 61.0 ha torpaq sahəsi üzərində onun daimi istifadə hüquqları dövlət qeydiyyatına alına bilər. Həmçinin qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Odur ki, P 001501 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” dövlət aktında qeyd olunmuş 61.0 ha torpaq sahəsi üzərində X3 daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. P 001501 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” dövlət aktında qeyd olunmuş 61.0 ha torpaq sahəsi üzərində X3 daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar