Məhkəmə qərarları › İş №2-1(114)-1814/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1814/2025

15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1814/2025 15.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X19) “doğum haqqında bərpa akt qeydinin müəyyən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Üçüncü şəxs X19 və onun nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X19) “doğum haqqında bərpa akt qeydinin müəyyən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1496 nömrəli arayışa əsasən, X20 və X4 nikahı haqqında xx.xx.2012-ci il tarixdə 445 nömrəli akt qeydi tərtib olunmuş, nikahın qeydə alındığı yer Cavabdeh olmuş, nikah bağlandıqdan sonra ərə “Musayev”, arvada “Musayeva” siyadı verilmişdir. Nikaha E.B.Musayevin xx.xx.2021-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2021-ci ildə 1417 nömrəli akt qeydi ilə Cavabdehndə dövlət qeydiyyatına alınmışdır.

2. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1496 nömrəli arayışa əsasən, X20 xx.xx.2021-ci il tarixdə ölmüş, ölüm haqqında xx.xx.2021-ci il tarixdə 1417 nömrəli akt ilə qeydi tərtib olunmuç, ölümün səbəbi “kəskin və ya yarımkəskin qaraciyər çatışmazlığı”, ölümün qeydə alındığı yer Cavabdehdir.

3. Şəmkir rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 8İ-2552 reyestr nömrəsi ilə təsdiq edilmiş **********552 nömrəli ərizəyə əsasən, Rusiya Federasiyası ünvanında qeydiyyatda olan Musayev (Musaev) Teyyub (Teiiub) Eyyub oğlu (azyaşlı olması səbəbindən Musayev (Musaev) Teyyub (Teiiub) Eyyub oğlunun tapşırığı ilə onun əvəzinə sənədi imzalayan Musayeva (Musaeva) Elza (Elza) Fanisovna) atası X20 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, o, yazdığı bu ərizə ilə nəzərə çatdırır ki, onun ölümündən sonra, nə də ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq qalan miras əmlakı qəbul edir.

4. Şəmkir rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən, 8İ-2553 reyestr nömrəsi ilə təsdiq edilmiş, **********553 nömrəli ərizəyə əsasən, Rusiya Federasiyası ünvanında qeydiyyatda olan Musayev (Musaev) Babək (Babek) Eyyub oğlu (azyaşlı olması səbəbindən Musayev (Musaev) Babək (Babek) Eyyub oğlunun tapşırığı ilə onun əvəzinə sənədi imzalayan Musayeva (Musaeva) Elza (Elza) Fanisovna) atası X20 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, o, yazdığı bu ərizə ilə nəzərə çatdırır ki, onun ölümündən sonra, nə də ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq qalan miras əmlakı qəbul edir.

5. Şəmkir rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən, 8İ-2554 reyestr nömrəsi ilə təsdiq edilmiş, **********554 nömrəli ərizəyə əsasən, Rusiya Federasiyası ünvanında qeydiyyatda olan Musayev (Musaev) Bəşir (Bashir) Eyyub oğlu (azyaşlı olması səbəbindən Musayev (Musaev) Bəşir (Bashir) Eyyub oğlunun tapşırığı ilə onun əvəzinə sənədi imzalayan Musayeva (Musaeva) Elza (Elza) Fanisovna) atası X20 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, o, yazdığı bu ərizə ilə nəzərə çatdırır ki, onun ölümündən sonra, nə də ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq qalan miras əmlakı qəbul edir.

6. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1383 nömrəli arayışa əsasən, X19 xx.xx.1991-ci il tarixdə Rusiya Federasiyasının Tversk vilayətində anadan olmuş, bu barədə xx.xx.2021-ci il tarixdə Cavabdehndə 13 №-li doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur.

7. İddiaçı iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1991-ci ildə Rusiya Federasiyasının Tversk vilayətində anadan olmuş üçüncü şəxs X19 ilə bağlı olaraq Cavabdehndə xx.xx.2021-ci ildə aparılmış 13 saylı doğum haqqında bərpa akt qeydini, yəni atalıq qeydini X15 münasibətdə ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə üçüncü şəxs X11 ona və yetkinlik yaşına çatmamış uşaqlarına qarşı qaldırmış olduğu “mirasın qəbul olunması faktının müəyyən edilməsi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair” iddiası Şəmkir Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(076)-2228/2022 saylı qətnaməsi ilə təmin olunmuş, o, həmin qətnamədən apellyasiya qaydasında şikayət vermişdir. İddiaçı qeyd edir ki, hazırda həmin şikayət Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əlizamin Abdullyevin icraatındadır. Məhkəmə baxışı zamanı məlum olmuşdur ki, üçüncü şəxsin məhkəməyə təqdim etdiyi doğum haqqında şəhadətnamənin heç bir hüquqi əsası yoxdur. Belə ki, üçüncü şəxsin məhkəməyə təqdim etmiş olduğu doğum haqqında şəhadətnamədə göstərilir ki, üçüncü şəxsin atalığın etirafı faktı Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(044)-376/2021 saylı məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Həmin məhkəmə baxışı zamanı həm iddiaçını təmsil edən vəkillər, həm də məhkəmə tərəfindən Gəncə şəhər Nizami Rayon Məhkəməsinə sorğu verilmiş, məhkəmənin icraatında belə bir işin olmadığı və qətnamə qəbul olunmadığı bildirilmişdir. Bundan sonra üçüncü şəxs Şəmkir Rayon Məhkəməsində atalığın etirafı faktının müəyyən olunması tələbinə dair iddia qaldırmış və sonra həmin iddiadan imtina etmişdir. Bundan sonra iddiaçı özü üçüncü şəxsə qarşı doğum akt qeydinin qismən ləğv olunması tələbinə dair iddia qaldırmış, iddia tələbi ilə bağlı qərardad qəbul olunmuş, belə ki, ona Gəncə İnzibati Məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. Çünki cavabdeh orqan heç bir hüquqi əsas olmadan, üçüncü şəxs tərəfindən təqdim olunan qətnamənin mötəbərliyi yoxlanılmadan, doğum akt qeydində düzəliş etmişdir. Üçüncü şəxsin həmin doğum şəhadətnaməsini təqdim etməklə, iddiaçıya qarşı qeyd olunan iddia tələbini qaldırması, qanun üzrə vərəsə olaraq həm onun, həm də azyaşlı uşaqlarının hüquqlarına toxunmuşdur. Buna görə də iddiaçı cavabdeh orqana müraciət edib, üçüncü şəxsin doğum akt qeydində atalıqla bağlı etmiş olduğu qeydi ləğv etməsini xahiş etmiş, cavabdeh isə qeydi ləğv etməkdən imtina etmişdir. Buna görə də hazırkı iddia tələbi ilə bağlı o, məhkəməyə müraciət edir. İddiaçının istəyi odur ki, məhkəmə üçüncü şəxs X11 doğum akt qeydində cavabdeh tərəfindən aparılmış 16 aprel 2021-ci il tarixli, 13 saylı düzəlişi ata qeydinə münasibətdə ləğv etməsini vəzifə olaraq cavabdehin üzərinə qoysun. Belə ki, iddiaçının mərhum əri xx.xx.2021-ci ildə vəfat etmiş, ancaq doğum akt qeydində isə düzəliş xx.xx.2021-ci ildə aparılanda onun mərhum ərim sağ idi. İddiaçı bildirir ki, mərhum əri özünü üçüncü şəxsin atası hesab etsə idi, yəqinki, özü cavabdehə ərizə verib, üçüncü şəxsin atası olduğunu etiraf edərdi.

9. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X19 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

10. Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-06 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş 5400 1 0013 16042021 nömrəli doğum haqqında akt qeydinə əsasən, X19 xx.xx.1991-ci il tarixdə Rusiya Federasiyası, Tversk vilayətində anadan olmuş, “ata haqqında məlumat” qrafasında X20, “ana haqqında məlumat” qrafasında X5 göstərilmiş, “məlumat verənin soyadı, adı, atasının adı və imzası” qrafasında X19 qeyd edilməklə müvafiq imza atılmış, xx.xx.2021-ci il tarixli AZ-İV 565622 nömrəli şəhadətnamə verilmişdir.

11. Gəncə Şəhər Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2(044)-376/2021 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-376/2021 nömrəli qətnaməsinə əsasən, X6 ilə X21 arasında xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 77 nömrəli akt qeydi ile rəsmiləşdirilmiş nikah pozulması, nikah pozulduqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X17 anası X1 himayəsində himayəsində saxlanılması, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(044)-2946/2020 nömrəli qərardadı ləğv edilməsi, 08 feveral 2021-ci il tarixdən başlayaraq X7 xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq (tutularaq) X3 ödənilməsi, iddia tələbi alimentə aid qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi, 10 manat dövlət rüsumu isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi, qətnamənin “alimentlə bağlı hissəsi” dərhal icraya yönəldilməsi qət edilmişdir.

12. Şəmkir Rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-159/2-421/2025 nömrəli məktuba əsasən, 2020-2021-ci illər ərzində X19 və onun valideynləri X20 və X5 tərəfindən “atalığın müəyyən edilməsi” tələbi ilə bağlı müraciət qeydə alınmamışdır.

13. Gəncə Şəhər Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, xx-xx/2025 nömrəli məktuba əsasən, X11 özü və ya onun valideynləri X20 və X5 tərəfindən 2020-2021-ci illər ərzində atalığın müəyyən edilməsi iddia tələbi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edilməmişdir.

14. Məhkəməyə təqdim edilmiş sənədlərə əsasən: - Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2228/2025 nömrəli qətnaməsinə əsasən, iddia təmin edilmiş, mərhum X9 miras qalmış ünvan 5 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 97.2 kv.m olan fərdi yaşayış evindən, Şəmkir şəhəri ərazisində yerləşən 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və Şəmkir şəhəri ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakların digər vərəsələrlə yanaşı iddiaçı X22 tərəfindən də qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras əmlaklardan İddiaçı payı 6/10 hissədə, X11 payı 1/10 hissədə, X10 payı 1/10 hissədə, X12 payı 1/10 hissədə və X13 payı 1/10 hissədə müəyyən edilməsi qət edilmişdir. - Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-170/2024 nömrəli qərardadına əsasən, ərizəçi X11 (maraqlı şəxs Cavabdeh) atalığın etiraf edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. - Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-170/2024 nömrəli qərardadı ilə, ərizəçi X11 atalığın etiraf edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraatına xitam verilmişdir. - Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-170/2024 nömrəli qərardadına əsasən, ərizəçi X11 “atalığın etiraf edilməsi faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-170/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Nümayəndə1 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. - Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1948/2024 nömrəli qərardadına əsasən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(076)-2648/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

15. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsində qeyd olunanlara oxşar izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun nümayəndəsi (vəkili) iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişlər.

18. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, şifahi məhkəmə baxış iclasına onların iştirakı olmadan baxılması xahiş edilmişdir.

Əsaslandırıcı hissə:

19. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

21. Normanın məzmununda göründüyü kimi ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbə vərəsə sayılırlar. İş materiallarında olan sənədlərə əsasən iş üzrə İddiaçı miras qoyanın (X20) arvadı, üçüncü şəxs X19 isə miras qoyanın (X20) mübahisə predmeti olan doğum akt qeydinə əsasən oğludur. Azərbaycan Respublikası MM-nin 1159.1.1-ci maddəsinin tələbinə əsasən, iddiaçı və üçüncü şəxs birinci növbə vərəsələridir. Belə olan halda üçüncü şəxsin adına müvafiq müvafiq doğum sənədinin olması iddaçının miras qoyandan alacağı miras kütləsinin həcminə mənfi formada (müvafiq miras kütləsinin azalmasına səbəb olur) təsir göstərir. Həmçinin. miras qoyan (X20) tərəfindən üçüncü şəxsə münasibətdə atalığın etiraf edilməsinə dair heçbir sübut mövcud deyildir. Bu səbəblərdən də məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir.

22. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

23. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

24. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Maddə 160. Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 166. Doğumun qeydə alınması qaydası 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. 166.2-1. Doğum faktının müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

25. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir.

26. Beləliklə, doğumun qeydiyyatı barədə Ailə Məcəlləsinin və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur.

27. Məhkəmə soğusu nəticəsində əldə edilmiş X16 aid xx.xx.2021-ci il tarixli doğum akt qeydinə əsasən, X19 xx.xx.1991-ci il tarixdə Rusiya Federasiyasının Tversk vilayətində anadan olmuş, bu barədə xx.xx.2021-ci il tarixdə Cavabdehndə 13 №-li doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. Doğum akt qeydinin Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-376/2021 nömrəli qətnaməsi əsasında müəyyən edildiyi qeyd edilmişdir.

28. Məhkəmənin müvafiq sorğularına alınmış cavablara əsasən. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-376/2021 nömrəli qətnaməsinin mövcud olmadığı, həmçinin 2020-2021-ci illər ərzində üçüncü şəxsin özü, eləcə də onun valdeynləri tərəfindən atalığın etiraf edilməsi ilə bağlı məhkəməyə müraciət edilmədiyi müəyyən edilmişdir.

29. Bütün bu hallar inzibati orqanın əslində mövcud olmayan məhkəmə qətnaməsinə əsasən, X16 aid doğum akt qeydində X14 adını üçüncü şəxsin atası kimi qeyd etmişdir.

30. Bu vəziyyət onu deməyə əsas verir ki, cavabdeh tərəfindən üçüncü şəxsin doğum akt qeydində ata qrafasında müvafiq qeydiyyat aparmasının hüquqi əsası olmamışdır.

31. Habelə, cavabdeh qurum tərəfindən doğumun qeydə alınmasına əsas olmuş sənədlər aşkar olunmadığından və onun mövcudluğu müəyyən edilmədiyindən aparılmış doğum qeydin mötəbərliyinə ciddi şübhələr yaranmışdır.

32. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, üçüncü şəxs X19 barəsində Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 13 nömrəli doğum akt qeydinin atalıq qeydi X15 münasibətdə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin.

Üçüncü şəxs xx.xx.1991-ci il təvəllüdlü X19 barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 13 nömrəli doğum akt qeydinin atalıq qeydi X15 münasibətdə ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar