Məhkəmə qərarları › İş №2-1(114)-1815/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1815/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1815/2024 01.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 publik hüquqi şəxsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Ağdam rayonu Qaradağlı bələdiyyəsi) qarşı “özünəməşğulluğa cəlb olunmaqla üç baş iribuynuzlu heyvan ilə təmin olunma” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2023-cü il tarixində ailəsini dolandırmaq üçün ehtiyacı olan iribuynuzlu heyvan ilə təmin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən özəməşğulluğa cəlb olunmaqla iribuynuzlu heyvan ilə təmin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 5 ildir ki, X1 Ağdam şöbəsinə özünüməşğulluğa cəlb olunmaq istəyən şəxs kimi müraciət etmişdir, həmin vaxt onunla birlikdə qeydə alınmış uyğun olmayan digər adamlara heyvan verilmişdir. Lakin ona heyvanın saxlanılması üçün tövlənin uyğun olmaması bəhanəsi ilə heyvan verilməmişdir. 06 aprel 2023-cü il tarixli Şəxsin özünüməşğulluğun təşkili üçün şəraitinin olub-olmamasını müəyyən etmək üçün ilkin monitorinq aktından görünür ki, iribuynuzlu heyvanı saxlamağı üçün onun şəraiti, həyətində şəxsi tövləsi belə var. Bu günə qədər X1 Ağdam şöbəsi tərəfindən başqa heyvan ilə təmin olunmamışdır. Bununla bağlı dəfələrlə cavabdeh orqana müraciət etmiş, müraciətinə heç bir cavab verilməmişdir. Cavabdeh orqan iddiaya qarşı etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Maldarlıq təsərrüfatı” biznes ideyası üzrə şəraitin olub-olmamasını müəyyən etmək üçün X2 və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə faktiki yaşadığı ünvanına ilkin baxış keçirilmiş, fotovideo çəkiliş və ilkin monitorinq aktı tərtib olunmuşdur. Göründüyü kimi monitorinq nəticələrinə əsasən İddiaçı heyvan saxlamaq üçün tövlə kimi təqdim etdiyi yer standartlara uyğun olmadığından, iddiaçının özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Maldarlıq təsərrüfatı” biznes ideyası proqram üzrə Agentlik tərəfindən keçirilən biznes təlimlərə cəlb olunması uyğun hesab edilməmişdir. Belə ki, iddiaçının tövlə kimi təqdim etdiyi yer əslində müxtəlif ev əşyaları saxlamaq üçün əl damı olmuşdur. Beləliklə, Qayda və Meyar tətbiq olunmaqla Agentlik tərəfindən İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Maldarlıq təsərrüfatı” biznes ideyası üzrə keçirilən biznes təlimlərə cəlb olunmaması barədə verilmiş qərar tam əsaslıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinə müdafiə edərək təmin olumasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək özünəməşğulluğa cəlb olunmaqla üç baş iribuynuzlu heyvan ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. “Məşğulluq haqqinda” qanuna görə: 24.1 -ci maddəsinə əsasən işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzədə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan iş axtaran şəxslərin özünüməşğulluğunun təşkili Agentlik tərəfindən keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir: 24.1.1. özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi; 24.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; 24.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; 24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi. 24.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqini (o cümlədən elektron monitorinqini) aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. 24.9. Özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, şəhid ailəsinin üzvlərinə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. Özünü məşğulluğun təşkili Qaydasına əsasən: 1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 24.11-ci maddəsinə əsasən hazırlanmışdır və işsiz, habelə həmin Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran (bundan sonra – işsiz və işaxtaran) şəxslərin özünüməşğulluğunun təşkili qaydasını müəyyən edir. 1.2. Özünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, şəhid ailəsinin üzvlərinə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. 7.1. İşsiz və işaxtaran şəxsin bu Qaydaya uyğun olaraq seçdiyi özünüməşğulluq istiqamətinin təşkili üçün ona “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada satın alınmaqla və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində qeydiyyata alınmaqla müqavilə əsasında natura şəklində material, avadanlıq və digər əmlak verilir. Özünüməşğulluğun təşkili ilə bağlı Təlimat-Prosedur-a əsasən: 1.1. Bu Təlimat-Prosedur “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.11-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 13 may tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili” Qaydasına uyğun olaraq özünüməşğulluğun təşkili ilə bağlı məsələləri əhatə edir.

4. Özünüməşğulluğun təşkili ardıcıllığı: Özünüməşğulluğun təşkili aşağıdakı ardıcıllıqla həyata keçirilir: 4.1.İşaxtaran və işsiz şəxsə özünüməşğulluğun təşkili ilə bağlı məlumat və məsləhət verilir; 4.2.Mərkəz şəxsin özünüməşğulluğunun təşkili edilməsi prosesinə başlanılmasını uyğun hesab edir; 4.3.Özünüməşğulluğun təşkili üzrə istiqamət bu Təlimat-Prosedura uyğun seçilir; 4.4.Özünüməşğulluğun təşkili üçün şəraitin olub-olmamasını, habelə bu TəlimatProsedurda nəzərdə tutulmuş digər meyarların təhlili üçün ilkin monitorinq keçirilir.

6. Özünüməşğulluq istiqamətinin seçilməsinə, təşkilinə köməklik göstərilməsi və özünüməşğulluğa cəlb etmə ilə bağlı ilkin monitorinq 6.1. Faktiki yaşadığı yer üzrə Mərkəzə müraciət etmiş, bu Təlimat-Prosedurun 3.3 və 5.3-cü bəndlərinə əsasən özünüməşğulluğa cəlb edilməyə uyğun hesab edilən şəxsin məlumatları monitorinq və səyyar yoxlama proqram təminatı vasitəsi ilə təhlil edilir. 6.2. Monitorinq və səyyar yoxlama proqram təminatı şəxsin təhsili, peşəsi (ixtisası), məşğulluq tarixçəsi, yaşı, cinsi və əmək zəmanəti (əmək qabiliyyətlilik dərəcəsi) və s.) ilə bağlı məlumatlarını, habelə özünüməşğulluğun təşkili üçün şəraitinin olub-olmamasını təhlil etməklə iddia olunan özünüməşğulluq istiqamətinin ona uyğunluğunu müəyyən edir. Bu zaman foto və video çəkiliş aparılır və proses müraciət edən şəxsin iştirakı ilə elektron daşıyıcıda (bu mümkün olmadıqda kağız daşıyıcıda) aktlaşdırılır. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi iddiaçının tövləsinin standartlara uyğun olmadığını qeyd etsədə, bu standartların nədən ibarət olduğunu qeyd etməmişdir. İş materiallarına əlavə edilmiş şəxsin özünəməşğulluğun təşkili üçün şəraitinin olubolmamasını müəyyən etmək üçün ilkin monitorinq aktı 06 aprel 2023-cü il tarixdə tərtib edilmişdir. Həmin monitorinq aktında şəxsin tövləsinin sahəsi 20 kv qeyd edilmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, tövlənin sahəsi minumum 9 kv olmalıdır. Məhkəmə araşdırması zamanı da tövlənin sahəsinin 20 kv olması məlum olmuşdur. Daha sonra isə cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, tövləyə baxış keçirdən zaman orada müəyyən əşyalar olmuşdur. Məhkəmə araşdırması zamanı da bu əşyaların məişətdə istifadə olunan daşınar əşyalar ( vedrə, ləyən) olduğu müəyyən olmuşdur ki, bununla da bağlı məhkəmə qeyd edir ki, həmin daşınar əşyaların tövlədə olması cavabdeh orqan tərəfindən iddiaçıya imtina verilməsi üçün əsas ola bilməzdir belə ki, birincisi həmin daşınar əşyalar tövlədən çıxardıla bilərdi və yaxud da həmin daşınar əşyalarda maldarlıq zamanı tövlədə isitfadə olunan əşyalardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı özünəməşğulluğa cəlb olunmaqla üç baş iribuynuzlu heyvan ilə təmin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar