Məhkəmə qərarları › İş №2-1(114)-1816/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1816/2020

29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1816/2020 29.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayonu Mənzil- İstismar Hissəsinə qarşı mənzil kirayə müqaviləsinin bağlanması ilə əlaqədar inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayonu Mənzil- İstismar Hissəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 10 nömrəli mənzilə dair onun adına mənzilin kirayə müqaviləsinin bağlanması və maliyyə şəxsi hesab vərəqəsinin açılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, Qazax şəhəri, 3 saylı hərbi şəhərcik, H. Arif küçəsi, bina 2, mənzil 10 Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayonu Mənzil-İstismar Hissəsinin balansındadır. Mənzil 1 (bir) otaqlı olmaqla 20,0 kv.m yaşayış sahəsindən ibarətdir. Bu ünvana iddiaçı və onun mərhum əri mayor X1, 2007-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin rəsmi razılıq məktubu əsasında (xx.xx.2007-ci il tarixli, 280 nömrəli məktub) yerləşmişdir. Həmin vaxtdan bu günə kimi ailə üzvlərilə birlikdə adı çəkilən mənzildə yaşayırlar. X2 xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında, xx.xx.1996-cı il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müxtəlif həbi hissələrdə hərbi xidmət keçmiş, xx.xx.2015-ci il tarixdə qəflətən “Ürəyin xroniki işemiya" xəstəliyindən (ölüm hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədardır) vəfat etmişdir. İddiaçının əri yaşadıqları mənzili hərbi xidmətdə olduğu müddətdə müxtəlif səbəblərdən vaxt tapıb sənədləşdirə bilməmişdir. İddiaçı sözügedən mənzilə dair onun adına kirayə müqaviləsinin bağlanması və maliyyə şəxsi hesab vərəqəsinin açılması üçün Gəncə rayon Mənzil- İstismar Hissəsinə dəfələrlə şifahi və yazılı müraciətlər etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək ünvan 1, mənzil 10 ünvanında yerləşən mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması ilə əlaqədar inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, qeyd olunan ərizə məhkəməmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.1999-cu il tarixli, Vİ-ЖГ 459404 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 və X5 birgə nikaha daxil olmuş, arvada “Şıxıyeva” soyadı verilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2007-ci il taixli 280 nömrəli məktubunda bildirilir ki, N saylı hərbi hissə komandanlığı N saylı hərbi hissənin hərbi qulluqçqsu kapitan X3 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi ilə təmin olunmasına etiraz etmir. -xx.xx.2015-ci il tarixli AZ-İ 755804 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2015-ci tarixdə “Ürəyin xroniki işemiya” xəstəliyindən vəfat etmişdir. -Qazax RİHB-nin Orta Salahlı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2016-cı il tarixli, 11-21/98 nömrəli arayışından görünür ki, X3 adına vəfat edən günə qədər Qazax rayon Orta Salahlı kəndində heç bir yasşayış evi və həyətyanı torpaq sahəsi olmamışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 36 nömrəli arayışından görünür ki, keçmiş hərbi qulluqçunun ailə üzvü kimi İddiaçı həqiqətən 2007-ci ildən müvəqqəti olaraq sənədsiz N nömrəli hərbi hissənin mənzil fonduna aid Qazax-3 nömrəli hərbi yaşayış şəhərciyində-ünvan 3 ünvanında yaşayır, ailə üzvləri X7 və X4 ibarətdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli N nömrəli arayışında bildirilir ki, mərhum 1968-ci il təvəllüdlü mayor X6 xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixə qədər keçmiş SSRİ SQ sıralarında, xx.xx.1996-cı il tarixdən xx.xx.2007-ci il tarixə qədər N nömrəli hərbi hissənin, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə qədər N nömrəli hərbi hissənin, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixə qədər N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçmiş, xx.xx.2015-ci il tarixdə qəfildən “ürəyin xroniki işemiya” xəstəliyindən vəfat etmişdir. -Qazax Rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli, 11- 17/602 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Qazax şəhəri Mənzil İstismar Sahəsinin balansında olan mənzildə yaşamamaqla onun adına komunal mənzil yoxdur. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 51 nömrəli arayışından görünür ki, İddiaçı 2007-ci ildən müvəqqəti olaraq sənədsiz N nömrəli hərbi hissənin mənzil fonduna aid “ünvan 4 ünvanında yaşamaqla mənzil və kommunal xidmətlərə görə kirayə haqqı ödəyir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayonu Mənzil-İstismar Hissəsinin xx.xx.2020-ci il tarixli 741 nömrəli məktubundan görünür ki, mövcud qanunvericiliyə əsasən yaşayış sahəsi ilə ilk novbədə zabit, gizir heyəti təmin edildiyindən və İddiaçı mülki şəxs olduğundan yaşadığı mənzilin onun adına sənədləşdirilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının əri X6 xx.xx.1996-cı il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçmiş, hərbi qulluqçu kimi ona ailə üzvləri ilə birlikdə 2007-ci ildən müvəqqəti olaraq N nömrəli hərbi hissənin mənzil fonduna aid Qazax-3 nömrəli hərbi yaşayış şəhərciyində-ünvan 3 ünvanında yerləşən xidməti mənzil verilmiş, X6 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Hazırda iddiaçı keçmiş hərbi qulluqçunun ailə üzvü kimi həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması məsələsinə baxılmasını tələb etsə də cavabdeh orqan “İnzibati İcraat haqqında” Qanunun tələblərinə zidd olaraq yaşayış sahəsi ilə ilk növbədə zabit, gizir heyətinin təmin edildiyini, iddiaçının isə mülki şəxs olduğunu əsas gətirərək onun ərizəsinin təmin edilməsindən imtina etməsi barədə məktubla cavab verməklə kifayətlənmişdir. Məhkəmə cavabdehin qeyd olunan imtinası ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun:- -12.1-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. -28-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir. Qeyd olunan normanın məzmunundan aydın olur ki, hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir. İş materialları ilə də təsdiq olunur ki, iddiaçı və onun ailə üzvləri uzun müddətdir ki, sözügedən mənzildə yaşayırlar və həmin mənzil onların yeganə yaşayır yeridir. Mövcud mənzil qanunvericiliyinin tələblərinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:- -48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. -20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. -24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -28-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin ərizəsi inzibati icraatın başlanması üçün əsaslardan biridir. -57.4-cü maddəsinə əsasən bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: -61.1-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Qeyd olunan normaların məzmunundan göründüyü kimi inzibati orqan yaşayış sahəsinə ehtiyacı olan şəxsin müraciətinə əsasən inzibati icraat başlamalı, müraciəti ətraflı araşdırmalı və müvafiq qərar qəbul etməlidir. Buna baxmayaraq hazırki iş üzrə cavabdeh qeyd edilən tələblərə zidd olaraq heç bir araşdırma aparmadan iddiaçıya qısa məzmunlu məktubla cavab vermişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına, iş materiallarına və öz daxili inamına əsaslanaraq hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. ünvan 1, mənzil 10 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanması ilə əlaqədar inzibati aktın qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayonu Mənzil-İstismar Hissəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar