Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1818/2025 29.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15n 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6, X7 və X8) ““torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15n 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X4 xx.xx.2007-ci il tarixdə 319 nömrə ilə qeydə alınmış bağ evi tikmək üçün verilmiş 400 kv.m torpaq sahəsinin plan ölçüsünün kadastr planının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun mərhum yoldaşı X2 adına bağ evi tikmək üçün verilmiş 400 kv.m torpaq sahəsinə xx.xx.2007-ci ildə 319 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi kadastr verilmişdir. Həmin torpaqda onların razılığı ilə başqa bir şəxs ev tikmişdir. Bu gün bu evi tikən şəxs evinə sənəd ala bilmir. Ona görə də, mərhum yoldaşının adına olan torpaq sahəsinin plan ölçü sənədinin koordinatının ləğv edilməsinə zəruri ehtiyac vardır. İddiaçı bununla bağlı 3 saylı Ərazi idarəsinə müraciət etmiş, cavabdeh orqan icra hakimiyyətinə müraciət etməsini bildirmişdir. İcra hakimiyyətində isə məhkəməyə müraciət etməsi bildirilmişdir. Göründüyü kimi 3 saylı Gəncə Ərazi idarəsi torpaq sahəsinin plan ölçüsünü özü ləğv etməli olduğu halda onu icra hakimiyyətinə yönləndirmişdir. Ona görə də, iddiaçı hesab edir ki, cavabdehin üzərinə onun mərhum yoldaşının adına X11 kitabında xx.xx.2007-ci ildə 319 nömrə ilə uçota alınmış 400 kv.m torpaq sahəsinin plan ölçüsünün ləğv edilməsi vəzifəsi qoyulmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1818/2025 nömrəli qərardadı ilə X6, X7 və X8 üçüncü şəxslər qismində məhkəmə icraatına adi qaydada cəlb edilmişlər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15n 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, mərhum X2 vərəsəsi İddiaçı X4 məxsus Gəncə şəhərində yerləşən torpaq sahəsinə əsasən verilmiş AN-013540 saylı torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi barədə 3-21-3-33/1-Ə-01xx-xx/2024 müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15n 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. AN-013540 saylı torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi üçün Gəncə şəhəri İcra Hakimiyyətin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunduğu kimi aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, Kirovabad şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 11 saylı qərarına və Həmkarlar Təşkilatının xx.xx.1988-ci il tarixli protokoluna əsasən, 400 kv.m torpaq sahəsinə dair ləğv edilmiş DT və XK tərəfindən X2 adına A№ 013540 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin verilməsinə əsas olmuş sənədlər Kirovabad şəhər XDS İK tərəfindən verilmişdir. Hal-hazırda həmin qurumun hüquqi varisi İcra Hakimiyyətidir. Həmin sənədlər ləğv edilmədiyinə görə “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin ləğv edilməsi barədə müraciətin icrası mümkün olmamışdır. Bu səbəbdən Ərazi İdarəsi tərəfindən ərizənin icrası mümkün olmamış və vətəndaşa xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-Ə-01xx-xx/2024 nömrəli cavab məktubu ünvanlanmışdır. Ərazi İdarəsi hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi. İşin halları xx.xx.2007-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanmasına dair rəydən görünür ki, ayrılmış torpaq sahəsinin istifadə vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, Kirovabad şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 11 saylı protokolundan çıxarışa və həmkarlar təşkilatının xx.xx.1988-ci il tarixli qərarına əsasən verilmiş 400,0 kv. metr torpaq sahəsi Sevinc qəsəbəsində olmaqla Ə.Y.Ələkbərovanın istifadəsindədir. Ayrılmış torpaq sahəsi Gəncə şəhərinin 6-cı qiymət zonasında yerləşir. Ona görə Ə.Y.Ələləkbərovanın istifadəsində olan 400,0 kv. metr torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü” 1 saylı nümunənin hazırlanmasına DT və XK-si Gəncə şəhər şöbəsi etiraz etmir. A № 013540 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, həmin sənəd Kirovabad şəhər XDS İK-nın xx.xx.1988-ci il tarixli, 11 saylı qərarına və Həmkarlar Təşkilatının xx.xx.1988-ci il tarixli protokoluna əsasən, X2 adına Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən 400 kv.m torpaq sahəsində bağ evi tikmək üçün tərtib edilmiş və X11 kitabında xx.xx.2007-ci il tarixdə 319 nömrəsi ilə uçota alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15n 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, AN – 013540 saylı torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi üçün Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunduğu kimi aiddiyyəti üzrə məhkəməyə müraciət edilməsi qanunamüvafiq hesab olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15n 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən, X4 ayrılmış Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsinə dair A№ 013540 saylı plan və ölçü sənədinin tərtib edilməsinə əsas olmuş sənədlər Ərazi İdarəsinə təhvil verilmədiyindən sənədlərin məhkəməyə göndərilməsi mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15n 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən 400 kv.m həyətyanı torpaq sahəsinə dair A № 013540 (319) nömrəli 05 noyabr 2007-ci il tarixli torpaq sahəsinin plan və ölçüsü (kadastr planı) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kirovabad şəhər XDS İK-nin 23 avqust 1988-ci il tarixli 11 saylı qərarına və Həmkarlar Təşkilatının 20 noyabr 1988-ci il tarixli protokoluna əsasən X2 adına işlənilmişdir. Məlumat üçün bildirilmişdir ki, torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə ölmüş X5 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək yoxlama aparılmış və ölüm akt qeydindən başqa heç bir məlumat aşkar olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X15 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, aparılmış araşdırma zamanı X2 adına olan AN-013540 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş materialları ilə müəyyən olunur ki, Kirovabad şəhər XDS İK-nın xx.xx.1988-ci il tarixli, 11 saylı qərarına və Həmkarlar Təşkilatının xx.xx.1988-ci il tarixli protokoluna əsasən, X2 adına Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən 400 kv.m torpaq sahəsində bağ evi tikmək üçün A № 013540 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və X11 kitabında xx.xx.2007-ci il tarixdə 319 nömrəsi ilə uçota alınmışdır. İddiaçı hazırda qeyd olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsini xahiş edir. İddiaçı tələbini belə əsaslandırır ki, həmin torpaq sahəsini onlar mərhum yoldaşının sağlığında başqa şəxsə satmışlar. Hazırda həmin şəxs torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyir, lakin mərhum həyat yoldaşının adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin mövcudluğu buna imkan vermir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 4.1 və 5.1-ci bəndlərinə əsasən, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda mübahisələndirdiyi “Torpaq sahəsinin planı və ölçüsü” sənədi iddiaçının heç bir hüququnu pozmur, həmin sənəd müvafiq qərara əsasən tərtib edilmiş və iddiaçının hüququna hər hansı müdaxilə edilməmişdir. Eyni zamanda həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsinə əsas olan Kirovabad şəhər XDS İK-nın xx.xx.1988-ci il tarixli, 11 saylı qərarı və Həmkarlar Təşkilatının xx.xx.1988-ci il tarixli protokolu hazırda qüvvədədir. Məhkəmə tərəfindən həmin qərar və protokolun ləğv edilməsi müəyyən olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15n 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6, X7 və X8) ““torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15n 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6, X7 və X8) ““torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva