Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-182/2021 02.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş idarəsinin xx.xx.2020ci il tarixli, 1/M-11999 saylı məktubu ilə Mərkəzi Arxivin xx.xx.2016-cı il tarixli 9/2-3373 nömrəli arayışına əsasən N nömrəli hərbi hissənin nizami hissə üzrə əmrlər kitabında may 1994-cü il tarixdə İddiaçı xidməti barədə məlumat olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtina edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, Qarabağ hadisələri ilə əlaqədar 1993-cü ilin əvvəllərində Bərdə rayon hərbi komissarlığı tərəfindən yenidən hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 78 nömrəli əmrinə əsasən rabitə bölüyünün şəxsi heyət siyahısına daxil edilərək bütün növ təchizatla təmin edilmişdir. Həmin hərbi hissədə xidmət edərkən hərbi hissənin tərkibində mart 1993-cü il – may 1994-cü illər ərzində Ağdərə, Ağdam və digər bölgələrdə ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, atəşkəs elan olunduqdan sonra isə ordudan tərxis olunmuşdur. Ona görə də, hesab edir ki, Qarabağ müharibəsinin iştirakçısı olduğundan və qeyd etdiyi müddətdə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etdiyindən ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2016-cı il tarixli 9/2-3373 nömrəli arayışında İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısına daxil edilməsi qeyd edilsə də, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və komandirin may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissədən azad edilməsi barədə məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. Bu səbəbdən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, xx.xx.1994cü il tarixli əmrlə qısamüddətli məzuniyyətə göndərilsə də, həmin tarixdən sonra hərbi hissəyə qayıtmamışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020ci il tarixli, 1/M-11999 nömrəli məktubu; - AA******* nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - Bərdə rayon Yenidaşkənd kənd ərazi inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 352 nömrəli yaşayış yeri haqqında arayışı; - Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli 16/1884 nömrəli məktubu; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Məhkumluq barədə arayışların verilməsi üzrə xidmətin xx.xx.2017-ci il tarixli M-5364 nömrəli arayışı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2016-cı il tarixli, 9/2-3373 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 400 nömrəli arayışı. Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xidmətdə olduğu müddətdə N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 248 №-li əmrilə qısamüddətli məzuniyyətə göndərilmiş, hərbi hissəyə qayıtmadığından həmin hərbi hissənin xx.xx.1994-cü il tarixli, N №-li əmrilə hərbi hissəni özbaşına tərk etdiyi üçün bütün növ təminatları dayandırılımış və ştatdan kənar çıxarılmış, yəni qanuni əsaslarla ehtiyata buraxılmamışdır. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 260 nömrəli əmrindən çıxarışdan görünür ki, rabitə bölüyünün əsgəri İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün bütün növ təminatları dayandırılaraq ştatdan kənar edilmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2016-cı il tarixli, 9/2-3373 nömrəli arxiv arayışının məzmunundan görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və komandirin may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissədən azad edilməsi barədə məlumatın aşkar olunmamışdır. Eləcə də, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 9/2-10145 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 248 nömrəli əmrində rabitə bölüyünün hərbi qulluqçusu İddiaçı qısamüddətli məzuniyyətə göndərilməsi barədə məlumat olsa da, hərbi hissəni özbaşına tərk etdiyi üçün rabitə bölüyünün hərbi qulluqçusu İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 260 nömrəli əmri ilə bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilmişdir. Məhkəmə hesab edir ki, inzibati orqanın iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis edilməməsinə əsaslanan imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeydinə əsasən bu maddənin birinci hissəsinin üçünücü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin x xxxxxx 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-182/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-182/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver