Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-182/2024 06.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7 və X12) torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum əri X4 adına olan X10 kitabında xx.xx.2008-ci il tarixdə 630 nömrə ilə qeydə alınmış 600 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul etməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci ilarixli 11 saylı qərarı ilə iddiaçının mərhum yoldaşı X5 fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsı verilmışdır. O, həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün ərizə ilə 3 saylı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 və X12 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, mərhum əri Ziyad Babayevin adına verilmiş plan və ölçü sənədi ilə müəyyən edilmiş sahənin qeydə alınmasını tələb edir. Üçüncü şəxs X7 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, o özünə məxsus torpaq sahəsindən istifadə edir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə və digər üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Daşkəsən rayon Quşçu Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 nömrəli qərarından görünür ki, bələdiyə fondunun alqı-satqı predmeti olan yasayış məntəqəsinin torpaq sahəsindən həyatyanı məqsədi ilə 0.06 hektar torpaq sahəsinin X1 qərara alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2012-ci il tarixli, 583 nömrəli “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Daşkəsən rayon Quşçu Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 nömrəli qərarına əsasən satılmış 0.06 ha torpaq sahəsinə görə X8 tərəfindən bələdiyyənin müvafiq bank hesabına pul ödənilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli qəbzin surətindən görünür ki, X8 tərəfindən Daşkəsən rayon Quşçu bələdiyyəsinin müvafiq bank hesabına torpaq satışı ilə bağlı 39,60 manat məbləğində pul köçürülmüşdür. -surəti işə əlavə edilmiş xx.xx.2008-ci il tarixli A 048196 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, sənəd X5 Daşkəsən rayon Quşçu Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 nömrəli qərarına əsasən satılmış 0.06 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli, 3-21-3-33/2-3053/2023 nömrəli bildirişindən görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində уеrləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsin 3 saylı Gəncə Ərazisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-9912/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinindən görünür ki, X4 adına verilmiş xx.xx.2007-ci il tarixli A 048196 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə koordinatlar xx.xx.2021-ci il qeydiyyat tarixli **********46 reyestr nömrəli çıxarışla X3 mülkiyyətinə verilmiş 0.0203 ha torpaq sahəsinin və xx.xx.2022-ci il qeydiyyat tarixli **********38 reyestr nömrəli çıxarışla X9 mülkiyyətinə verilmiş 0.0407 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən olundu. Bələdiyyə tərəfindən verilmiş yerquruluşu planında, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və eyni zamanda qonşu torpaq sahələri barədə hər hansı məlumat qeyd edilmədiyindən, həmin torpaq sahəsinin dəqiq yerləşmə mövqeyinin təyin edilməsi mümkün deyildir. Belə olan halda sualın cavablandırılması da, mümkün olmamışdır. Mübahisəli əraziyə baxış keçirilərkən İddiaçı qızı X6 iştirak etmişdir. X2 mübahisələndirərək naturada təqdim etdiyi 725.0 kv.m torpaq sahəsi, X4 adına verilmiş xx.xx.2007-ci il tarixli A 019035 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə koordinatlar baxımından üst-üstə düşmür. X2 mübahisələndirərək naturada təqdim etdiyi 725.0 kv.m torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, Gəncə şəhəri Kəpəz bələdiyyəsinin ərazi xəritəsinin elektron baza materiallarında, bələdiyyə mülkiyyətinə aid olmaqla həyətyanı məqsədlər üçün nəzərdə tutulan torpaq sahəsidir. Həmin torpaq sahəsi üzərində mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən Çıxarış sənədi qeydə alınmamışdır. Sözügedən 725.0 kv.m torpaq sahəsinin 187.0 kv.m hissəsi üzərində yarımtikili mövcuddur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -3.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Cavabdehin imtinasının əsası kimi Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı qərarının Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmaması, həmçinin sənəd üzrə torpaq sahəsinin bir hissəsinin başqa şəxslərə (X7 və X12) məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi, eyni zamanda torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı bələdiyyə mülkiyyətinə aid torpağa düşməsi qeyd olunmuşdur. Məhkəmə cavabdehin imtinasına nəzərən qeyd edir ki, Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı qərarının Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmaması bu sahədə səlahiyyətli qurumun qüsuru kimi qiymətləndirilməlidir, başqa sözlə bu hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan əlavə qeyd edilməlidir ki, cavabdehin imtinasında qeyd etdiyi kimi torpaq sahəsinin üçüncü şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi halı da mövcud deyildir. Belə ki, iş üzrə alınmış mütəxəssis rəyi ilə müəyyən olunur ki, X4 adına verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə koordinatlar xx.xx.2021-ci il qeydiyyat tarixli **********46 reyestr nömrəli çıxarışla X3 mülkiyyətinə verilmiş 0.0203 ha torpaq sahəsinin və xx.xx.2022-ci il qeydiyyat tarixli **********38 reyestr nömrəli çıxarışla X9 mülkiyyətinə verilmiş 0.0407 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Həmçinin, sözügedən mütəxəssis rəyi ilə müəyyən olunur ki, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla həyətyanı məqsədlər üçün nəzərdə tutulan torpaq sahəsidir. Göründüyü kimi, cavabdehin imtinasında qeyd olunan arqumentlər əsassızdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2008-ci il tarixli A 048196 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə əks olunmuş 600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X4 adına qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2008-ci il tarixli A 048196 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə əks olunmuş 600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X4 adına qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-182/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-182/2024
06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver