Məhkəmə qərarları › İş №2-1(114)-182/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-182/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-182/2025 25.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X15 və İddiaçı2 Musəddin qızı) qarşı Torpağın mülkiyyətə verilməsinə dair JN-186A KOD 50413068 nömrəli şəhadətnamədə qeyd olunan Şəmkir rayonu, Abbaslı kəndində yerləşən 0,28 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun şəhadətnamədə adları qeyd olunan X15 və X2 adları nəzərə alınmadan X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 50 nömrəli qərarı ilə X23, X18, X15 və X4 həyətyanı məqsədilə 0.28 ha torpaq sahəsi ayrılmış və bu barədə xx.xx.2006-cı il tarixli JN-186A KOD 50413068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.

2. Gəncə Şəhər İcra Hakimiyyəti X52 xx.xx.2018-ci il tarixli 34 nömrəli arayışında göstərilmişdir ki, X52 keçmiş sakini xx.xx.2000-ci il təvəllüdlü X7 xx.xx.2005-ci il tarixli 07/22 məktubuna əsasən xx.xx.2005-ci ildə X54 qəbul olunub və xx.xx.2006-cı il tarixdən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin sərəncamı ilə övladlığa verilmişdir.

3. 18.01.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı1, X28 və İddiaçı2 onlara məxsus Şəmkir rayonu, Abbaslı kəndində yerləşən 0,7051 ha torpaq sahəsini X1.

4. Gəncə Şəhər İcra Hakimiyyəti X52 xx.xx.2022-ci il tarixli 15 nömrəli arayışında göstərilmişdir ki, X52 keçmiş sakini xx.xx.1992-ci il təvəllüdlü X19 xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək X53 yaşayıb və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsinə əsasən uşaq evindən xaric edilib övladlığa verilmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli **********06 nömrəli məktubunda göstərilmişdir ki, Şəmkir rayonu, Abbaslı kəndində yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmadığı müəyyən edilmişdir.

6. İddiaçı1 cavabdeh orqana müraciət edərək, şəhadətnamədə düzəliş edilməsini xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2021-ci il tarixli **********14 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə məxsus olan Şəmkir rayonu, Abbaslı kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-186A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adları qeyd edilən X20 və X2 adının şəhadətnamədən çıxarılması 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir.

7. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 2569/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, arxivdə Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cı il tarixli 50 nömrəli qərarı mövcud deyildir. Həmin məktuba əlavə edilmiş Şəmkir rayonunun Abbaslı kəndində vətəndaşların xüussi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə 186-cı sırada X23, X21, X16 və X3 adına 0.21 ha torpaq sahəsi qeyd edilmişdir.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2- 6250/23 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçılar İddiaçı1 və X13 qeyd etdiyi torpaq sahəsinə dair ləğv edilmiş "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi" tərəfindən İddiaçı1 (Çimnaz) Əkbər qızına və digər payçılara verilmiş olan JN-186A, kod-50413068 saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"lərdə adlarını qeyd etdiyi vətəndaşların (payçıların) hər hansı birinin adının çıxarılması, dəyişdirilməsi və ya düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Həmçinin, adları qeyd etdiyi vətəndaşların (payçıların) hər hansı birinin adının çıxarılması və dəyişdirilməsi üçün aidiyyəti üzrə xüsusi icraat qaydasında ümumi məhkəməyə müraciət olunmalıdır. Hesab edirlər ki, iddiaçıların “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.

9. Məhkəmənin sorğusuna Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Abbaslı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-76-40/2-32 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı1 1997-1998-ci illər üzrə təsərrüfatında qeydiyyatda olan şəxslər haqqında məlumat vermək nümayəndəlik tərəfindən mümkün deyil, çünki 1997-1998-ci illər üzrə Təsərrüfatbaşına kitablar X45 filialında saxlanılır.

10. Ölüm haqqında xx.xx.2024-cü il tarixli Az-İİ№387043 nömrəli şəhadətnaməyə əsasən, İddiaçı1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 67 nömrəli cavab məktubuna əlavə edilmiş: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-122/06 nömrəli qətnaməsinə əsasən ərizə təmin edilmiş, 2000-ci ildə anadan olmuş X2 X8 övladlığa verilməsi, övladlığa verilmə qeydiyyata alınarkən 20 dekabr 2000-ci il tarixli AZ 098650 saylı Gədəbəy şəhərində qeydiyyata alınmış doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, doğum haqqında akt qeydiyyatında uşağın adının Nərmin, soyadının Qasımbəyli, ata qrafasında atasının adının X40, ana qrafasında anasının adının X17, doğulduğu yerin Ağdaş şəhərinin göstərilməsi qət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(043)-1174/2008 nömrəli qətnaməsinə əsasən ərizə təmin edilmiş, 28 oktyabr 1992-ci ildə anadan olmuş X9 X41 və X22 tərəfindən övladlığa götürülmüş hesab edilməsi, X9 doğum haqqında akt qeydinə dəyişiklik edilməklə, adının Nihat, soyadının Yusifov göstərilməklə, ata qrafasında X41, ana qrafasında isə X22, doğulduğu yerin Goranboy rayonunun Xoylu kəndi göstərilməsi qət edilmişdir.

12. Məhkəmənin sorğusuna Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-4249/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən S.Hüseynovun (Nağıyev), İddiaçı2 doğumu, M.Hüseynovun isə övladlarının doğumu haqqında məlumat aşkar edilmədi.

13. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-13F/2-69/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Şəmkir Filialında mühafizə olunan Şəmkir rayonu Abbaslı kəndi İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyin 2001-2005-ci illərə dair təsərrüfatbaşına kitabında 3713 №-li şəxsi hesabda X14 təsərrüfatı və aşağıdakı ailə üzvləri qeyd edilmişdir:

1. X23, ailə başçısı, təvəllüdü 1963-cü il

2. X21, qardaşı, təv. 1966-cı il, vəfat etməsi qeyd edilib.

3. İddiaçı2, bacısı, təv. 1969-cu il

4. X28, bacısı, təv. xx.xx.1974-cü il

5. X7, q/qızı, təv. xx.xx.2000-ci il Təsərrüfatda 0,21 hek. həyətyanı torpaq sahəsi qeydi var. Həmin təsərrüfatda Hüseynov (Nağıyev) Sərxan Müsəddin oğlunun adı aşkar edilmədi.

14. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4425/2024 nömrəli qətnaməsinə əsasən ərizə qismən təmin edilmiş, JN-186A KOD 50413068 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsinin mülkiyyətçisi kimi qeyd edilmiş X23 qeydinin xx xxxx 1963-cü ildə Şəmkir rayonunun Seyfəli kəndində doğulmuş və 28 oktyabr 2023-cü il tarixdə ölmüş İddiaçı1 aid (ona məxsus) olması faktı müəyyən edilmişdir.

15. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) İddiaçıların hazırda faktiki istifadəsində olan (naturada təqdim etdiyi) torpaq sahəsi xüsusi mülkiyyətə aiddir. Eyni zamanda iddiaçıların istifadəsində bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olub həyətyanı məqsədi üçün ayrılmış torpaq sahəsidir. Həmin torpaq sahəsinin üzərində yaşayış evi (və digər tikili) vardır, ev yaşayış üçün yararlı olduğu müəyyən edildi. 2) Həmin torpaq sahəsinin faktiki istifadə üzrə koordinatları Torpağın mülkiyyətə verilməsinə dair JN-186A KOD 50413068 nömrəli şəhadətnaməyə əsasən Şəmkir rayonu, Abbaslı kəndində yerləşən 0.28 ha (2801.3 kv.m) torpaq sahəsinin kompleks yerquruluşu layihəsində əks olunmuş koordinatları ilə uyğunluq təşkil edir. 3) Həmin torpaq sahəsinin hər hansısa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halları mövcud deyildir. II. Məhkəmədə icraat

16. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli 50 nömrəli qərarının X15, X5 aid hissədə (torpaq sahəsinin onların mülkiyyətinə verilməsi hissəsində) ləğv edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN-186A KOD 50413068 nömrəli şəhadətnaməyə onların adlarının qanunsuz daxil edilməsinin müəyyən edilməsi, adlarının şəhadətnamədən çıxarılması barədə, eləcə də aqrar islahat zamanı torpaq sahəsinin qanuni istifadəçilərinin (iddiaçılar da daxil olmaqla) adları qeyd edilməklə yeni şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Abbaslı kəndində yerləşən 0.28 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi atası X27 məxsus olmuş və daimi onun istifadəsində olmuşdur. X47 1985-ci ildə dünyasını dəyişmişdir. Bundan sonra təsərrüfat başçısı kimi anası Gülpəri Hüseynova qeydiyyata alınmışdır. 1994-cü ildə anası da dünyasını dəyişmişdir. Ondan sonra ailənin böyük övladı kimi böyük bacıları İddiaçı1 təsərrüfat başçısı kimi qeydiyyata alınmışdır. Aqrar islahat zamanı həmin torpaq sahəsi ailə üzvlərinə verilmişdir. Aqrar islahat zamanı ailə təsərrüfatında İddiaçı1, İddiaçı2, Sona Hüseynova, Musəddin Hüseynov ailə üzvləri kimi qeydiyyatda olmuşlar. Lakin torpaq sahəsinə görə onlara hər hansı sənəd təqdim edilməmişdir. 2004-cü ildə Musəddin Hüseynov, 2023-cü ildə isə Sona Hüseynova dünyasını dəyişmişdir. 2016-c1 ildə torpaq sahəsinin və evin qonşuları X49 Azərbaycan Respublikası oğluna satılması ilə bağlı razılıq əldə etmişlər. Razılıqlarına əsasan onunla birlikdə reyestr xidmətinə müraciət edərək sənədləri əldə etməli idilər. Lakin 2018-ci ildə X32 bizə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə təqdim etmiş və həmin şəhadətnaməni reyestr xidmətindən əldə etdiyini bildirmişdir. O, bunu onlardan xəbərsiz etmişdir. Onların bununla bağlı reyestr xidmətinə hər hansı yazılı şifahi müraciətləri olmamışdır. Qeyd edir ki, həmin şəhadətnamə düzgün tərtib edilməmişdir. Belə ki, həmin şəhadətnamədə aqrar islahat zamanı təsərrüfatda ailə üzvləri olaraq qeyd olunan şəxslərin adları salınmamışdır. Həmçinin aqrar islahat zamanı hələ anadan olmamış Gülpəri Hüseynovanın və onunla birlikdə uşaq evinə verilmiş və oradan övladlığa götürülmüş Sərxan Hüseynovun adı səhvən yazılmışdır. Həmçinin, Pənah Qarayev onların adından onların xəbərləri olmadan reyestr xidmətinə müraciət etmişdir. Cavabdeh orqan isə səlahiyyəti olmayan şəxsin müraciəti əsasında hansı əsasla şəhadətnaməni ona təqdim etməsi onlara məlum deyildir. Verilmiş şəhadətnamə də saxta yolla əldə edilməklə səhv tərtib edilmişdir. Şəhadətnamədəki səhvin düzəldilməsi ilə bağlı dəfələrlə cavabdeh orqana yazılı və şifahi müraciətlər etmələrinə, onların xəbərləri və məlumatları olmadan qeyri-şəxsə onlara məxsus şəhadətnamənin hansı əsasla verilməsinin izah edilməsini tələb etmələrinə baxmayaraq müxtəlif bahanələr gətirilərək onlara müsbət cavab verilməmişdir. Görünən odur ki, Pənah Qarayev 2016-cı ildən etibarən icazəsiz istifadə etdiyi torpaq sahəsinə əvəzsiz sahiblənmək və onları həmin mülkdən məhrum etmək məqsədilə belə bir yola əl atmış və saxtakarlıqlar törətmişdir. Bu səbəbdən də onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edirlər ki, aqrar islahat zamanı Gülpəri Hüseynova hələ mövcud olmadığından və Sərxan Hüseynov isə övladlığa verildiyindən onlar torpağın qanuni istifadəçiləri hesab edilə bilməzdi. Bu səbəbdən də aqrar islahat komissiyasının sözü gedən qərarı onlara aid hissədə ləğv edilməli, həmçinin şəhadətnamədən onların adları çıxarılmalı, yeni şəhadətnamə tərtib edilməli və aqrar islahat zamanı torpaq sahəsinin qanuni istifadəçilərinin adları qeyd edilməklə onlara yeni şəhadətnamə verilməlidir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

19. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadları ilə İddiaçı1 hüquqi varisi X24 ilə əvəz edilmiş, iddia tələbi “Torpağın mülkiyyətə verilməsinə dair JN-186A KOD 50413068 nömrəli şəhadətnamədən X15 və X2 adlarının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

20. Daha sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı2 iddiaçı qismində iştirakına xitam verilmiş, iddia tələbi “Torpağın mülkiyyətə verilməsinə dair JN- 186A KOD 50413068 nömrəli şəhadətnamədə qeyd olunan Şəmkir rayonu, Abbaslı kəndində yerləşən 0,28 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun şəhadətnamədə adları qeyd olunan X15 və X2 adları nəzərə alınmadan X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

21. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

22. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

23. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

24. Cavabdeh orqanın yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

25. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

26. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

27. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X15 və X10 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

28. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

29. İddiaçının vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

30. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

31. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2006-cı il tarixli JN-186A KOD 50413068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; - Gəncə Şəhər İcra Hakimiyyəti X52 xx.xx.2018-ci il tarixli 34 nömrəli arayışı; - 18.01.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi; - Gəncə Şəhər İcra Hakimiyyəti X52 xx.xx.2022-ci il tarixli 15 nömrəli arayışı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli **********06 nömrəli məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********14 nömrəli məktubu; - Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 2569/2023 nömrəli cavab məktubu; - Şəmkir rayonunun Abbaslı kəndində vətəndaşların xüussi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2- 6250/23 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Abbaslı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-76-40/2-32 nömrəli cavab məktubu; - Ölüm haqqında şəhadətnamə; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 67 nömrəli cavab məktubu; - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-122/06 nömrəli qətnaməsi; - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(043)- 1174/2008 nömrəli qətnaməsi; - Məhkəmənin sorğusuna Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-4249/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-13F/2-69/2024 nömrəli cavab məktubu; - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4425/2024 nömrəli qətnaməsi; - Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

32. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

33. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 50 nömrəli qərarı ilə X23, X18, X15 və X4 həyətyanı məqsədilə 0.28 ha torpaq sahəsi ayrılmış və bu barədə xx.xx.2006-cı il tarixli JN-186A KOD 50413068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.

34. Göründüyü kimi, iddiaçının anasına və onun ailə üzvlərinə aqrar islahat zamanı torpaq sahəsi ayrılarkən texniki səhvə yol verilmiş, İddiaçı1 ailə üzvləri olmayan X15 və X2 adları da ailə üzvləri kimi siyahıya salınmış, daha sonra torpaq sahəsinə dair şəhadətnamə tərtib edilən zaman da birgə mülkiyyətçi kimi X15 və X2 adları həmin torpaq sahəsinin mülkiyyətçiləri kimi qeyd edilmişdir.

35. İddiaçı1 cavabdeh orqana müraciət edərək, şəhadətnamədə düzəliş edilməsini xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2021-ci il tarixli **********14 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə məxsus olan Şəmkir rayonu, Abbaslı kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-186A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adları qeyd edilən X20 və X2 adının şəhadətnamədən çıxarılması 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir.

36. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası və hərəkətləri qanunauyğun olmamışdır.

37. Belə ki, məhkəmə sorğuları ilə əldə edilmiş sənədlərlə müəyyən edilir ki, üçüncü şəxslər X15 və X10 idddiaçının mərhum anası İddiaçı1 qardaşı övladları olmaqla, islahat zamanı uşaq evinə, oradan isə övladlığa verilməklə, İddiaçı1 təsərrüfatında yaşamamışlar.

38. 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahat haqqında” Qanununa görə: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər

1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

39. Göründüyü kimi, Şəmkir rayonu, Abbaslı kəndində aqrar islahat aparılan zaman X10 və X15 adlı şəxslər iddiaçının mərhum anası İddiaçı1 ailə üzvləri olmamış və onunla bir təsərrüfatda yaşamamışlar.

40. Belə olan halda məhkəmə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-186A KOD 50413068 nömrəli şəhadətnamədə mülkiyyətçilər siyahısında X10 və X6 adlarının qeyd edilməsi qanunsuz və əsassız olmuşdur və bu əsasla həmin şəhadətnamədə düzəliş edilməsinə dair iddiaçının tələbi haqlıdır.

41. Həmçinin, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4425/2024 nömrəli qətnaməsinə əsasən ərizə qismən təmin edilmiş, JN-186A KOD 50413068 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsinin mülkiyyətçisi kimi qeyd edilmiş X23 qeydinin xx xxxx 1963-cü ildə Şəmkir rayonunun Seyfəli kəndində doğulmuş və 28 oktyabr 2023-cü il tarixdə ölmüş İddiaçı1 aid (ona məxsus) olması faktı müəyyən edilmişdir.

42. Digər tərəfdən, məhkəmə tərəfindən iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi 0,28 ha torpaq sahəsinin mülkiyyət növünün, digər şəxslərin mülkiyyətində olan torpaq sahələr ilə üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi təyin edilmiş və əldə edilmiş rəylə müəyyən edilmişdir ki, iddiaçıların hazırda faktiki istifadəsində olan (naturada təqdim etdiyi) torpaq sahəsi xüsusi mülkiyyətə aiddir. Eyni zamanda iddiaçıların istifadəsində bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olub həyətyanı məqsədi üçün ayrılmış torpaq sahəsidir. Həmin torpaq sahəsinin üzərində yaşayış evi (və digər tikili) vardır, ev yaşayış üçün yararlı olduğu müəyyən edildi. Həmin torpaq sahəsinin faktiki istifadə üzrə koordinatları Torpağın mülkiyyətə verilməsinə dair JN-186A KOD 50413068 nömrəli şəhadətnaməyə əsasən Şəmkir rayonu, Abbaslı kəndində yerləşən 0.28 ha (2801.3 kv.m) torpaq sahəsinin kompleks yerquruluşu layihəsində əks olunmuş koordinatları ilə uyğunluq təşkil edir. Həmin torpaq sahəsinin hər hansısa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşmə halları mövcud deyildir.

43. Göründüyü kimi, sözügedən 0.28 ha torpaq sahəsi mübahisəsiz olaraq iddiaçının faktiki istifadəsindədir. Hazırda da həmin torpaq sahəsinin hər-hansı subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlərdəki torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır.

44. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

45. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

46. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

47. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

48. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

Nəticəvi hissə:

49. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-186A KOD 50413068 nömrəli şəhadətnamədə qeyd olunan Şəmkir rayonu, Abbaslı kəndində yerləşən 0,28 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun şəhadətnamədə adları qeyd olunan X15 və X2 adları nəzərə alınmadan X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar