Məhkəmə qərarları › İş №2-1(114)-1821/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1821/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1821/2024 12.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gədəbəy rayon Polis şöbəsinə qarşı şəxsiyyət vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Gədəbəy Rayon Polis İdarəsinə qarşı ona Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Doğum haqqında xx.xx.2022-ci il tarixli AZ-İ 195189 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1945-ci il tarixdə Gədəbəy rayonu Arabaçı kəndində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1945-ci il tarixdə 34 nömrə ilə qeyd edilmişdir.

2. Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 419 nömrəli arxiv arayışına əsasən Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Şahdağ kənd İƏD üzrə nümayəndəliyinin Arabaçı kəndi üzrə 1996-2000-ci illərə dair 1 nömrəli Təsərrüfatbaşına kitabın 20-ci şəxsi hesabında qeydiyyatda olmaqla onun adına təsərrüfat qeyd edilmişdir və torpaq qrafasında 0.25 ha torpaq sahəsi qeyd edilmişdir.

3. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Şahdağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 309 nömrəli arayışına əsasən İddiaçı Gədəbəy RİH başçısının Şahdağ kənd İƏD üzrə nümayəndəliyinin Çiçəkli kəndində qeydiyyatdadır.

4. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/2-A-44965/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə DİN-in BPQMİ-də və Gədəbəy Rayon Polis Şöbəsində məlumat müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələblərinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) şəxsin ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmaması onun vətəndaşlıq mənsubiyyətinin tanınmaması üçün əsasdır. Odur ki, Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunmaq, yaxud vətəndaşlığa qəbulla bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməyi məqsədəmüvafiqdir.

5. İddiaçı şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsinə müraciət etmiş, cavabdeh inzibati orqan isə xx.xx.2023-cü il tarixli 3-13-74/2-T- 16074/2023 nömrəli cavab məktubu ilə müraciətdən imtina edərək imtinasını onunla əsaslandırmışdır ki, eyni məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən Gədəbəy Rayon Polis Şöbəsinə daxil olmuş müraciəti əsasında aparılmış araşdırma zamanı Gədəbəy Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətində yaşayış yeri üzrə qeydiyyatını təsdiq edən sənəd aşkar olunmadığı üçün onun şəxsiyyət vəsiqəsi ilə təmin olunması qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir.

6. Məhkəmənin sorğusuna Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Şahdağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-44/2-28/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı RİH başçısının Şahdağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 04 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 51-ci səhifəsinə, 317 nömrəli şəxsi hesaba əsasən qeyd edilmişdir. Vətəndaş İddiaçı uzun müddətdir ki, ərazidə yaşamır. Yaxın qohumlarının dediyinə görə Bakı şəhərində yaşayır. Vətəndaş təsərrüfatbaşına kitabda X1 qeyd edilmişdir.

7. Məhkəmənin sorğusuna Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 34 nömrəli cavab məktubundan görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Şahdağ kənd İƏD üzrə nümayəndəliyinin Arabaçı kəndi üzrə 1996-2000-ci illərə dair 1 nömrəli Təsərrüfatbaşına kitabın 20-ci şəxsi hesabında qeydiyyatda olmaqla onun adına təsərrüfat qeyd olunmuşdur.

8. Məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli ******* nömrəli qərarı ilə xx.xx.1945-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir.

9. Məhkəmənin sorğusuna Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 3- 13-74/2-9217/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tanınmadığı üçün onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunması qanunla yolverilməzdir. II. Məhkəmədə icraat

10. İddiaçı cavabdeh Gədəbəy Rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona, yəni xx.xx.1945-ci il tarixd doğulan İddiaçı şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yəni X4 xx.xx.1945-ci il tarixdə Gədəbəy rayonu, Arabaçı kəndində anadan olmuşdur. Onun doğumunu təsdiq edən xx.xx.1945-ci il tarixdə verilmiş, 34 saylı AZ-İ 195189 nömrəli doğum haqqında şəhadətnamə də vardır. Doğum şəhadətnaməsindən də göründüyü kimi, atası və anasının milliyəti azərbaycanlıdır. Həmçinin ona xx.xx.1981-ci il tarixdə Sovet Sosialist Respublikası İttifaqı vətəndaşının XVİİ-JQ№ 605618 saylı pasportu da verilmişdir. Həmin pasportda da onun yaşayış yeri Gədəbəy rayonu göstərilmişdir. Həmçinin, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Şahdağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 309 saylı arayışı da onun Gədəbəy RİH başçısının Şahdağ kənd İƏD üzrə nümayəndəliyinin Çiçəkli kəndində qeydiyyatda olduğunu sübut edir. O, şəxsiyyət vəsiqəsi almaq üçün Gədəbəy Rayon Polis Şöbəsinə müraciət etmişdir. Lakin oradan ona bildirmişlər ki, aparılmış araşdırma zamanı Gədəbəy Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətində yaşayış yeri üzrə qeydiyyatını təsdiq edən sənəd aşkar olunmadığı üçün onun şəxsiyyət vəsiqəsi ilə təmin olunmağı qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. İmtinada göstərmişlər ki, qeydiyyatını təsdiq edən sənəd yoxdur. Lakin onun qeydiyyatını təsdiq edən sənədləri ora təqdim etmişdir. Belə ki, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Şahdağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 309 saylı arayışı və Sovet Sosialist Respublikası İttifaqı vətəndaşının XVİİ-JQ№ 605618 saylı pasportu da onun Gədəbəy RİH başçısının Şahdağ kənd İƏD üzrə nümayəndəliyinin Çiçəkli kəndində qeydiyyatda olduğunu sübut edir. Bildirir ki, yuxarıda qeyd etdikləri sübutlara görə də bu imtina tam əsassızdır və onun bir azərbaycan vətəndaşı kimi hüquqlarını pozur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddia tələbim qanuni və əsaslı olduğundan təmin edilərək cavabdehin imtinasının əsassız hesab edilərək ona şəxsiyyət vəsiqəsi verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməlidir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

14. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.

15. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

16. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

17. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

18. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

20. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

21. İddiaçı hazırkı tələbində ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən vəsiqənin verilməsini xahiş edir.

22. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna görə: Maddə 1. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi). Maddə 4. Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir.

23. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.5-ci maddəsinə əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən müəyyənləşdirilir.

24. Məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli ******* nömrəli qərarı ilə xx.xx.1945-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir.

25. İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən tanınmadığı üçün onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunması qanunla yolverilməzdir.

26. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tanınmadığından o, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi tələbi ilə bağlı subyektiv hüquqa malik deyildir.

27. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

28. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

29. Məhkəmə onu da qeyd edir ki, hazırkı iddianın mümkün sayılmaması iddiaçının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin onun barəsində Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınmasından imtina qərarını mübahisələndirmək hüququnu istisna etmir. Belə ki, iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınacağı halda, onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi mümkündür.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

31. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar