Məhkəmə qərarları › İş №2-1(114)-1824/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1824/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1824/2020 04.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Bərdə Regional «ASAN Xidmət» Mərkəzi Qeydiyyat şöbəsinə qarşı X1 dəyişdirilərək «Fikrətzadə» kimi qeyd edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı1 və İddiaçı2 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Bərdə Regional «ASAN Xidmət» Mərkəzi Qeydiyyat şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdə doğulmuş X3 adlı uşaqlarının doğum haqqında şəhadətnaməsində soyadının dəyişdirilərək «Fikrətzadə» soyadı kimi qeyd edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar xx.xx.2017-ci il tarixdə Bərdə Regional «ASAN Xidmət» Mərkəzi Qeydiyyat şöbəsində nikahlarını 1530 nömrə ilə qeyd etdirməklə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2020-ci il tarixdə X3 adlı bir övladları doğulmuş və ona Bərdə Regional «ASAN Xidmət» Mərkəzi Qeydiyyat şöbəsindən doğum şəhadətnaməsi verilən zaman övladlarına ulu babasının soyadı ilə Bəxtiyarsoy soyadı verilmişdir. Ulu babaları Bəxtiyarın onlarda heç bir nişanəsi olmadığından uşağın soyadının dəyişdirilməsi üçün Tərtər rayon Qeydiyyat şöbəsinə müraciət edərək, uşağın soyadının dəyişdirilərək «Fikrətzadə» soyadının verilməsini xahiş etmişlər, lakin cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli 05/15-315/76 nömrəli məktubla əsassız olaraq imtina edilmişdir. İddiaçılara və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilsə də, iddiaçılar məhkəmə iclasına gəlməmişlər, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişdir. İddiaçıların və cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddə). Məhkəmə araşdırmasının predmetini xx.xx.2017-ci il tarixdə verilmiş 1530 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə, xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV 430107 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti və cavabdehin xx.xx.2020-ci il tarixli 05/15-315/76 nömrəli imtinası təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. İşin faktiki hallarından görünür ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2017-ci il tarixdə nikahlarını bağlamış, bu barədə Bərdə ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1530 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə «Bəxtiyarov», arvada «Bəxtiyarova» soyadı verilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə «X3» doğulmuş, bu barədə Bərdə ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 891 nömrə ilə qeyd aparılmışdır. İddiaçılar daha sonra Tərtər rayon Qeydiyyat şöbəsinə müraciət edərək X1 «Fikrətzadə» olaraq dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçıya ünvanladığı 05/15-315/76 nömrəli imtina məktubunda uşağın soyadının dəyişdirilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 53.1-ci maddəsinə görə, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3-cü maddəsinə görə, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. «Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən edilmişdir ki, həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalara görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir (6.1-ci bənd). Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir (6.2-ci bənd). Göründüyü kimi, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın soyadının yalnız digər valideynin soyadına uyğun dəyişdirilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur ki, bu da uşağın mənafeyi nəzərə alınmaqla yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının razılığı ilə mümkündür. İşin hallarından da görünür ki, iddiaçılar oğulları X1 öz soyadlarına uyğun deyil, «Fikrətzadə» kimi dəyişdirilməsini arzu edirlər ki, bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir, tələbin hüquqi əsası mövcud deyildir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının övladlarının soyadının dəyişdirilməsi qanunamüvafiq hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 və İddiaçı2 cavabdeh Bərdə Regional «ASAN Xidmət» Mərkəzi Qeydiyyat şöbəsinə qarşı övladları xx.xx.2020-ci il tarixdə doğulmuş X1 dəyişdirilərək «Bəxtiyarsoy» əvəzinə «Fikrətzadə» kimi qeyd edilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar