Məhkəmə qərarları › İş №2-1(114)-1824/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1824/2023

12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1824/2023 12.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya təyin edilməsi və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməyən pensiyanın fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya təyin edilməsi və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməyən pensiyanın fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak etmiş, ağır yaralanmışdır. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən ona xəstəlik qərarı verildi və xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək ona 2-ci qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1994-cü ildə ona əlillik təyin edilmiş və lazım olan sənədlərlə təmin edildi. 2021-ci ilin noyabr ayında pensiya və təqaüdü dayandırıldı, bu zaman elektron sistemə əlillik vəziyyətinin yoxlanması məqsədilə baxış keçirən zaman ona məlum oldu ki, cavabdeh tərəfindən əlillik vəziyyəti əsassız olaraq heç bir məlumat verilmədən etibarsız hesab edilərək pensiya və təqaüdü dayandırılmışdır. Əlilliyin bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmiş, hər üç instansiya məhkəməsi iddiaçının xeyrinə qərar qəbul edərək onun əlilliyinin bərpa edilməsinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə etmişdir. Lakin bu vaxtadək Ali Məhkəmənin 2-1(102)-166/2023 nömrəli qanuni qüvvəsini almış Qərarı xx.xx.2023-cü il tarixdə icraya yönləndirilməsinə baxmayaraq icra edilmir, bu səbəbdən iddiaçıya pensiya və təqaüd ödənilməmiş qalır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati iddianın ilkin ümumi mümkünlük şərti mübahisənin inzibati hüquq münasibətləri ilə əlaqədar yaranmış olmasıdır. Lakin hazırkı halda inzibati mübahisə mövcud olmadığından iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz və buna görə iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Gəncə İnzibati Məhkəməsinin 2- 1(114)-798/2022 nömrəli, 25 may 2022-ci il qərarı ilə iddiaçıya 4110003AACEO nömrəli göndəriş əsasında təyin olunmuş ikinci dərəcə əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmış, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-432/2022 nömrəli, 9 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-166/2023 nömrəli qərarı ilə təmin edilməmişdir. Məhkəmə elekton sorğu sistemdəki məlumata əsasən qeyd edilən iş hazırda Gəncə Apellyasiya Məhkəməsindədir. Göründüyü kimi, hazırkı mübahisə yuxarıda qeyd olunan məhkəmə qərarının icrası ilə bağlı olan məsələdir. Məhkəmə aktının qanuni qüvvəyə mindiyi və ya icraat materiallarının (apellyasiya və kassasiya şikayəti verilmiş işlər üzrə) məhkəməyə daxil olduğu gündən sonra birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr təxirə salınmadan məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş vəzifələrini həyata keçirməlidirlər. Hazırkı halda qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarı yalnız icra yönəldikdən sonra iddiaçının pensiyası hesablanmalıdır. Odur ki, cavabdeh tərəfindən iddiaçının hüququna müdaxilə baş vermədiyindən iddianın mümkünlüyü baxımından hüququn pozulması halı da mövcud olmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.3 və 2.1ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərti ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya təyin edilməsi və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməyən pensiyanın fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar