Məhkəmə qərarları › İş №2-1(114)-1825/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1825/2022

31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1825/2022 31.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi barədə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi, təhsil illərinin staja daxil edilməsi və ikinci qrup əlilliyin yenidən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2014-сü il tarixdə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Təhsil illəri əlilliyə görə əmək pensiyası təyin edilərkən sığorta stalına hesablanmamışdır. Əlavə olaraq iddiaçı xx.xx.2020-ci il tarixdə əlilliyinin müddəti bitmiş və qeyd edilən müddətdən sonra yeni təyinat tarixinədək, yəni xx.xx.2021ci il tarixədək əlilliyə görə əmək pensiyasının ödənilməsi dayandırılmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edlimişdir. Həmçinin iddiaçının müvafiq razılığı ilə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı və nümayəndəsi nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə etmişlər. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının əlilliyinin müddəti xx.xx.2020-ci il tarixdə bitmiş xx.xx.2021-ci tarixdə tibbi nəzarətə götürülmüş xx.xx.2021-ci il tarixdə 3-cü qrup müddətsiz əlilliyin müəyyən edilməsi ilə bağlı qərar qəbul edilmiş və qeyd edilən tarixdən müvafiq olaraq əlilliyə görə əmək pensiyası hesablanaraq ödənilməkdədir. Əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edildiyi tarix həmin şəxsin qeyd edilən tarixdən etibarən əlilliyə görə əmək pensiyasının ödənilməsi üçün əsasdır. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası qanununun “Əlilliyin müəyyən edilməsi” başlıqlı 3.3-1-ci yarımbəndinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçı əlilliyi isə əlillik müddəti bitdikdən sonra 6 ərzində deyil 11 ay sonra bərpa edilmişdir. Odur ki, tələb əsassızdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -07 aprel 2022-ci il tarixli, **********9 məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-sosial ekspertiza və reabilitasiya agentliyinin 11 nömrəli Tibbi-sosial ekspert komissiyasının xx.xx.2021-ci il tarixli (əlavə müalicəyə ehtiyacının olması), 19 nömrəli Tibbi-sosial ekspert komissiyasının xx.xx.2021-ci il (göndərişin natamam doldurulması) və xx.xx.2021-ci il tarixli (göndərişin natamam doldurulması) qərarları ilə əlillik verilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1 Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əliliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciəti əsasında əlilliyinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-sosial ekspertiza və Reabilitasiya Agentliyi TSEKləri tərəfindən əlilliyin verilməsindən imtina edilməsi barədə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə qərarlar qəbul edilmişdir. Belə ki, iddiaçıya 11 ay ərzində yenidən əlillik dərəcəsinin verilməsi iddiaçının səhvi və səhlənkarlığı ucbatından baş verməmiş, həmin müddət ərazində iddiaçı 4 dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-sosial ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, nəhayət xx.xx.2021-ci il tarixdə əlillik dərəcəsi verilmişdir. Odur ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi qənaəti həm də onunla əsaslandırır ki, iddiaçının əlillik dərəcəsinin müddəti bitsə də növbəti təyinat zamamı onun yenidən əlil kimi qiymətləndirilməsi onu deməyə əsas verir ki, növbəti əlillik dərəcəsinin verilmə anınadək iddiaçı əvvəkli fizioloji durumda (əlil) olmuş, yalnız bu durumun formal olaraq dəyərləndirilməsi zərurəti yaranmış, dəyərləndirmənin gecikməsi isə iddiaçının səhlənkarlığı ucbatından deyil, başqa faktorlardan asılı olmuşdur. Qeyd olunan hal iddiaçının pensiya təminatı ilə bağlı hüquqlarını məhdudlaşdırmamalıdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar