Məhkəmə qərarları › İş №2-1(114)-1832/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1832/2025

13.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1832/2025 13.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun əlillik dərəcəsindən imtina edilməsi barədə rəyin ləğv edilməsi və pensiyasının bərpa olunması barədə məcburetmə qərarı çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx xxxxxxx 1975-ci ildə anadan olmuş və Daşkəsən rayon hərbi komisarlığı tərəfindən xx.xx.1994-cü il tarixdə hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində qulluq etmişdir. N aprel 1994-cü il tarixdə döyüş əməliyyatı zamanı sağ diz oynağından dəlib-keçən güllə və sol saidin ön səthindən odlu qəlpə yarası almışdır. İlk tibbi yardım bölgədə olan hərbi hospitalda göstərildikdən sonra Azərbaycan Respublikası Elmi Tədqiqat Travmatologiya və ortopediya institutuna təxliyyə edilmişdir. 23 aprel 1994-cü il tarixdən 03 iyun 1994-cü il tarixədək orada “Sağ diz oynağının dəlib-keçən güllə yarası” diaqnozu ilə stasionar müalicə almışdır. xx.xx.1994-cü il tarixdə N saylı hərbi hissədə, xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Müdafiə Nazirliyinin MHP-da stasionar müalicələr almışdır. Daha sonra xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi, xx.xx.2019-cu il tarixdən xx.xx.2017-ci il tarixə kimi, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi stasionar, həmçinin 2021-ci il tarixdə müxtəlif tarixdə ambulator müalicələr olunmuşdur. 15 mart 2008-ci il tarixdən Tibbi Sosial Ekspert Komissiyasının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, diz oynağının açıq yarası, sağ diz oynağının dəlib-keçən güllə yaralanmasından sonrakı diz oynağının əzələ vətər mənşəli açıcı kontrakturası. Sol mil-bilək oynağının içəri səthinin odlu silah yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Hərbi travma, Azərbaycan Respubilkasının müdafiəsi zamanı alınmışdır. Sağ gözün pteriqumu diaqnozu ilə ona ikinci dərəcə əlillik təyin edilmişdir. İİ qrup əlillik dərəcəsi təyin ediləndən sonra hər il müayinə və müalicələr olunmuşdur. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təyin edilmiş müddətlərdə komissiya tərəfindən müayinə olunmuş və komissiya əlillik dərəcəsini təsdiq etmişdir. Lakin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli sonuncu müayinəsindən sonra əlillik dərəcəsindən imtina edilmişdir. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas verir, göstərilmişdir. Həmin rəydə TSEK: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ diz oynağının dəlib keçən güllə yarasından sonrakı çapıqtoxuma. Hərəkətin və yerişin pozulmaları, yeriş dayaq funksiyasının pozulması, axsama diaqnozu göstərilmişdir. Həmin rəy əsasında pensiyası dayandırılmışdır. İddiaçı Tibbi-Sosial Ekspert Komissiyasının əlillik dərəcəsi verilməsindən imtina edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə və sənədlərlə müraciət etmişdir. Lakin onun ərizəsi nəzərə alınmamış, pensiyası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bərpa edilməmişdir. Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaçıya göndərdiyi 08 avqust 2024-cü il tarixli, 3-17-412-H-21537\2024 nömrəli məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində daxil olmuş ərizəyə baxılmışdır. Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəsissələrinin göndərişləri əsasında qiymətləndirilir. Dövlət tibb müəsissəsinin göndərişi və müraciəti əsasında iddiaçı xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun səhhətində ağırlaşmaların davam etməsinə, yaxşılaşmaların olmamasına düzgün qiymət verilməməsi hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin üzürlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək iddianın təmin olunmamasını xahiş etdi. İşin halları İddiaçı xx.xx.2008-ci il tarixdən 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Sağ diz oynağının dəlib keçən güllə yarasından sonra əmələ gələn əzələ-vətər konstruksiyası. Sol üst bilək oynağının içəri səthinin odlu silah yaralanmasından (N0494) sonra bərkimiş dəri çapığı. Yerişin nəzərəçarpan dərəcədə pozulması” diaqnozu ilə İİİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdən 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Sağ diz oynağının dəlib keçən güllə yarasından sonra əmələ gələn əzələ-vətər konstruksiyası. Sol üst bilək oynağının içəri səthinin odlu silah yaralanmasından (N0494) sonra bərkimiş dəri çapığı. Yerişin nəzərəçarpan dərəcədə pozulması” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2015-ci il 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Diz oynağının açıq yarası. Sağ diz oynağının dəlib-keçən güllə yaralanmasından sonrakı diz oynağının əzələ-vətər mənşəli açıcı kontrakturası. Sol mil-bilək oynağının içəri səthinin odlu silah yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ diz oynağının dəlibkeçən güllə yaralanmasından sonrakı vəziyyət (xx.xx.1994). Dərinin digər hipertrofik dəyişiklikləri, Sol mil-bilək oynağının içəri səthinin odlu silah yaralımasından (xx.xx.1994) sonrakı bərkimiş dəri çapığı” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2023cü il tarixdə “İddiaçı üçün verilmiş xx.xx.20N-ci il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli sərəncamından görünür ki, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermək təklif olunmuş və iş üzrə prosessual müddətin bərpa edilməsi ilə bağlı əsaslandırılmış vəsatət vermək hüququ izah edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdeh tərəfindən onun əlillik dərəcəsindən imtina edilməsi barədə rəyin ləğv edilməsi və pensiyasının bərpa olunması barədə məcburetmə qərarı çıxarılmasını xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ diz oynağının dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət (xx.xx.1994). Dərinin digər hipertrofik dəyişiklikləri, Sol mil-bilək oynağının içəri səthinin odlu silah yaralımasından (xx.xx.1994) sonrakı bərkimiş dəri çapığı” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş üzrə iddia tələbinin dəqiqləşdirilməsi zərurəti olmuşdur. Həmçinin qeyd olunur ki, hazırkı iddia məcburetmə haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. xx.xx.2023-cü il tarixdə qəbul edilmiş əlilliyin təyin edilməsindən imtina haqqında qərar barədə iddiaçıya xx.xx.2023-cü il tarixdə məlumat verilmiş, hazırkı iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə göndərilmişdir. Belə olan halda iddianın verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Ona görə də iş üzrə prosessual müddətin bərpa edilməsi ilə bağlı vəsatət verilməsi zəruri olmuşdur. Qeyd edilənlərlə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə iddiaçıya xx.xx.2025-ci il tarixdə sərəncam göndərilərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermək təklif olunmuş və iş üzrə prosessual müddətin bərpa edilməsi ilə bağlı əsaslandırılmış vəsatət vermək hüququ izah edilmişdir. Lakin iddiaçı tərəfindən sərəncamda qeyd edilənlərlə bağlı hər hansı hərəkət edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsindən imtina edilməsi barədə qərarın ləğv edilməsi və pensiyasının bərpa olunması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin, iddiaçıya izah edilir ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar