Məhkəmə qərarları › İş №2-1(114)-1833/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1833/2020

26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1833/2020 26.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göygöl rayon filialının vəkalətnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göygöl rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, **********8 nömrəli məktubu ilə İddiaçı əmək kitabçasında uyğunsuzluqlar aşkarlandığı, əmək kitabçası 1974-cü ilə aid olsa da, əmək kitabçasının doldurulduğu tarix xx xxxx 1972-ci il göstərildiyi, əmək kitabçasında eyni şəxsin imzalarında uyğunsuzluq müəyyən olunduğu üçün ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinə qarşı onun xx.xx.1972xx.xx.1995-ci illərdə işlədiyi illərin və təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək onun xx.xx.1972-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Zod qızıl mədənində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göygöl rayon filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, lakin işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Hesab edir ki, onun hüquqları pozulur. Odur ki, xx.xx.1972-ci il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göygöl rayon filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.1954-cü ildə Ermənistan, Vardenis rayonu, Zod kəndində anadan olub və 1988-ci ilə kimi ailəsi ilə orada yaşayıb. Orada ailə qurub və uşaqları da Zodda anadan olub. 1972-ci ildən 1988-ci ilə kimi Vardenis rayonunda yerləşən Zod qızı mədənində işləyib. Onun həmin mədəndə işləməsini sübüt edən əmək kitabçası vardır. Əmək kitabçasını işə daxil olanda təqdim etməmiş yadnız işdən çıxdıqdan sonra müıəssisə tərəfinjən doldurulub verilmişdir. 1988-ci ildən sonra Qazaxıstana getmiş və oarada işləmişdir. İllərdir hüququ yaranmasına baxmayaraq ona yaşa görə əmək pensiyasının təyin olunmasında imtina edilir. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh inzibati orqanın etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə əmək pensiyası hüququ yaranmışdır. Vətəndaş xx.xx.2018-ci il tarixdə əmək pensiyası üçün müraciət etmiş, lakin əmək kitabçasında uyğunsuzluqlar aşkar edildiyinə görə xx.xx.2018ci il tarixdə ərizəsinə imtina verilmişdir. Vətəndaşın hüququ yarandığı tarixdə əmək pensiyası üçün tələb olunan sosial sığorta stajı 12 il olmuşdur. Ancaq vətəndaş 1972-ci ildə əmək fəaliyyətinə başlamasına baxmayaraq, əmək kitabçası 1974-cü ilə aid olduğu üçün iş stajının düzgünlüyü şübhə doğurmuş, bununla əlaqədar olaraq əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Vətəndaş sonradan Fonda müraciət etmiş və ona sosial müavinət təyin edilmişdir. Hal-hazıradək sosial müavinət almaqdadır. Əmək kitabçasında göstərilənlərə əsasən vətəndaşın 20 il 2 ay 29 gün sosial sığorta stajı vardır. xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə islasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı ilə heç bir qohumluq əlaqəsi yoxdur. O, 1967-1986-cı illərdə Zod qızıl mədənində işləmişdir. İddiaçı da onunla birgə mədəndə fəhlə işləmişlər. O, 1986-cı ildə Zod qızıl mədənində işdən çıxdıqdan sonra məkbətdə işləmiş, 1988-ci ilin oktyabr ayında onlar Ermənistandan getmişlər. Əmək kitabçasını işdən çıxanda yazdırmış, işə qəbul olunan zaman əmək kitabçası verilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, onun iddiaçı ilə heç bir qohumluq əlaqəsi yoxdur. O, bir neçə il iddiaçı ilə birgə Vardenis rayonunda Zod qızıl mədənində işləmişdir. 1971-ci ildən Zod qızıl mədənində işləmiş, 1974-cü ildə hərbi xidmətə çağırıldığı üçün işdən çıxmış, hərbi xidmətdən qayıtdıqdan sonra yenə də Zod qızıl mədənində işləməyə davam etmiş 1988-ci ilədək Zod qızıl mədənində işləmişdir. İşə qəbul olunan zaman əmək kitabçası verilməmiş, 1988-ci ildə işdən çıxdıqdan sonra Zod qızıl mədəni tərəfindən əmək kitabçası doldurulub verilmişdir. İddiaçı ilə 1988-ci ilə kimi birlikdə işləmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, 045341 nömrəli attestatın təsdiqlənmiş surəti, “Doğum haqqında” xx.xx.1977-ci il tarixli, İ-SL 388008 nömrəli, xx.xx.1984-cü il tarixli, İV-SL 432609 nömrəli, xx.xx.1979-cu il tarixli, İİ-SL 420334 nömrəli və xx.xx.1987-ci il tarixli, Vİ- SL 274300 nömrəli şəhadətnamələrin surətləri, xx.xx.1967-ci il tarixli, 4572 nömrəli, xx.xx.1980-ci il tarixli, PT-0819748 nömrəli və xx.xx.1972-ci il tarixli, PT-1220077 nömrəli əmək kitabçalarının təsdiqlənmiş surətləri, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göygöl rayon filialının iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********8 nömrəli imtina məktubu və iddiaçının pensiya işinin təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Cavabdeh inzibati orqanın imtina məktubundan məlum olduğu kimi iddiaçının təqdim etdiyi sənədlərdə əksini tapmış xx.xx.1972-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Zod qızıl mədənində işlədiyi dövrü cavabdeh əmək stajı kimi qəbul etməmiş və bu mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında uyğunsuzluqlar aşkarlanmışdır. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Zod qızıl mədənində işlədiyi dövr xx.xx.1972-ci il tarixli, PT-1220077 nömrəli əmək kitabçasında və şahid ifadələrində öz təsdiqini tapmışdır. Belə ki, işdə olan iddiaçıya məxsus xx.xx.1972-ci il tarixli, PT-1220077 nömrəli əmək kitabçasından məlum olur ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Zod qızıl mədənində işləmişdir. Lakin, iddiaçının əmək kitabçası işə qəbul olunan zaman deyil, işdən çıxdıqdan sonra tərtib edilərək iddiaçıya təqdim edilmişdir. Məhkəmə iddiaçının Zod qızıl mədənində əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X5) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. İddia tələbinin hüquq yarandığı tarixdən pensiya təyin edilməsi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: 1. fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; 2. hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 2014-cü il tarixli 27 mart qərarında qeyd edilir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə etibarını artırır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. İş materiallarından məlum olur ki, iddiaçı xx xxxxx 1954-cü ildə doğulmuş, xx xxxxx 2017-ci il tarixdə 63 yaşı tamam olmuşdur. Məhkəmə hesab edir ki, xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” qanunun 7. maddəsinin tələbləri iddiaçıya münasibətdə mövcud olduğundan, yəni iddiaçının pensiya hüququ yarandığı xx.xx.2017-ci ildə 12 ildən artıq sosial sığorta stajı olduğundan pensiya hüququ yaranmışdır. İddiaçının pensiya hüququnun 63 yaşından yaranması və 12 ildən artıq sosial sığorta stajının tələb edilməsi cavabehin məhkəməyə təqdim etdiyi sənədlərdə də öz təsdiqini tapmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx xxxxxxx 2020-ci il tarixli qərardadında qeyd etmişdir ki, sosial hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra özünəməxsus səciyyəvi xüsusiyyətlər mövcuddur və bu hal, onların özəl hüquqi təbiətini Konstitusiyada təsbit olunmuş digər şəxsi, iqtisadi, siyasi və mədəni hüquqlardan fərqləndirir. Sosial təminat hüququnun xüsusi hüquqi təbiəti isə ilk növbədə ondan irəli gəlir ki, Konstitusiyada eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Qeyd olunan xüsusiyyət, həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir. Sosial təminat sahəsindəki münasibətlərin dinamikliyi və cəmiyyətin inkişafından irəli gələn tez-tez dəyişən ehtiyaclar bu sahədə qanunvericiliyin normalarının dəyişkən olmasına səbəb ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur (77,83 və 84. bəndlər). Beləliklə, məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olan pensiya qanunvericiliyinə uyğun olaraq xx.xx.1972-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Zod qızıl mədənində işlədiyi illər sosial sığorta stajına daxil edilməklə, cəmi 12 ildən artıq sığorta stajı olduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1988-cüi il tarixədək Zod qızıl mədənində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göygöl rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar