Məhkəmə qərarları › İş №2-1(114)-1836/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1836/2021

05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1836/2021 05.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N saylı hərbi hissədə N avqust 1993-cü il tarixdən 25.026.1997-ci il tarixədək hərbi xidmətdə olmasını nəzərə alaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nərgiz Abbaszadə 05 noyabr 2021-ci il tarixdə məhkəməyə vəsatət göndərərək bildirmişdir ki, iddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən təkrarən baxılmış və 29 oktyabr 2021-ci il tarixli qərarla (protokol № 803) iddiaçıya Müharibə veteranı adı və vəsiqəsinin verilməsi qərara alınmışdır. Ona görədə inzibati iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsni xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi Nərgiz Abbaszadə tərəfindən məhkəməyə göndərilmiş vəsatəti nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı X1 cavabdehin nümayəndəsinin vəsatətini nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi vəsatətdən görünür ki, hazırkı mübahisə ilə bağlı cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunmuş və işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Hazırkı mübahisədə cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia tələbi cavabdeh tərəfindən təmin olunduğundan iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar