Məhkəmə qərarları › İş №2-1(114)-1838/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1838/2025

29.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1838/2025 29.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1955-ci il tarixdə Xudat şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı Zeynalova soyadını qəbul edərək X3 ilə xx.xx.1975-ci ildə nikaha daxil olmuşlar. X2 xx.xx.2008-ci ildə əmək pensiyası təyin edilmişdir. AZ-İİ №438830 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 12142/2024 saylı qərara əsasən İddiaçı 542,35 manat məbləğində ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 3-14339/2024 saylı qərara əsasən X2 təyin edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hazırki məbləği 867,14 manat yenidən hesablanaraq 542,35 manat məbləğində müəyyən edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mərhum həyat yoldaşı Kafar Zeynalov vəfat edənə kimi aldığı 867,14 manat güzəştli pensiyanın, ailə başçısını itirdiyinə görə ona təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Xudat rayonunun Xudat kəndində anadan olmuş, hal-hazırda ünvan 3 ünvanda yaşayır. Onun həyat yoldaşı xx.xx.1953-cü il təvəllüdlü X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Mərkəzi Filialı tərəfindən 55 yaşı tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin etmişdir. Həyat yoldaşı X3 uzun illər Azərbaycan Dəmir Yolu İdarəsinin Gəncə Lokomotiv Deposunda ağır peşə hesab olunan işdə işləmişdir. K.Zeynalov xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra onun müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ailə başçısını itirdiyinə görə hüququm yarandığı tarixdən ona 594,17 manat pensiya təyin etmişdir. Pensiya təyin olunan kimi pensiyasından hər ay 52 manat həyat yoldaşının onların deməsinə görə həmin vaxtı güzəştli peşə hesab edilən işdə işləmiş 57 yaşı tamam olmuş şəxslər pensiyaya çıxdığı halda, K.Zeynalovun qanunsuz olaraq iki il əvvəl 55 yaşında pensiyaya çıxdığına görə ona son 3 ildə əlavə ödənilmiş 9792,47 manat puldan 3 il ərzində hər ay 52 manat onun pensiyasından tutulacağını, 3 ildən sonra isə qalan pulu isə könüllü dövlətə qaytarmadığı halda ondan məhkəmə qaydasında geri alınacaqlarını bildirmişlər. Məhrum həyat yoldaşı Kafar Zeynalov vəfat etməmişdən əvvəl 867,14 manat pensiya aldığı halda, cavabdeh orqan qanunsuz olaraq, həyat yoldaşının vəfat etməsindən istifadə edib, ona 594,17 manat pensiya təyin etmişdir. Cavabdeh orqan məhkəməyə xx.xx.2025-ci il tarixli etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı iddiaçının mərhum həyat yoldaşı X6 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən təyin edildiyi aşkar olunmuşdur. Eyni zamanda, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. X5 pensiya işinə əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 35 il 9 ay 28 gün təşkil edirdi. Bununla əlaqədar xx.xx.2006-cı il tarixədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 42,30 manat (35,83 il x 170 manat : 144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixə indeksləşdirilib 65,54 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınmış 2158,56 manat pensiya sığorta kapitalına uyğun 14,99 manat (2158,56:144) və 75,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2010- cu il tarixdə 155,53 manat (65,54+14,99+75,00) (indeksləşdirilməklə xx.xx.2016-cı il tarixə 210,28 manat) əmək pensiyası təyin edilməli olduğu halda, səhvən xx.xx.2008-ci il tarixdən 220,90 manat (indeksləşdirilməklə xx.xx.2016-cı il tarixə 357,17 manat) məbləğində artıq əmək pensiyası təyin edilərək mərhum Kafar Zeynalova ödənilmişdir. 25 Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bundan başqa, Qanunun 37.3.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununia əlaqədar olaraq, X5 xx.xx.2016-cı il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3631,68 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya (144 ay - 72) bölünərək 50,44 manat (3631,68:72) bölünərək qanuni əmək pensiyasının (210,28 manat) üzərinə əlavə edilərək 260,72 (50,44+210,28) manat (indeksləşdirilməklə xx.xx.2024-cü il tarixə 542,35 manat) ödənilməli olduğu halda, səhvən həmin tarixə ona 413,65 manat (indeksləşdirilməklə xx.xx.2023-cü il tarixə 867,14 manat) artıq əmək pensiyası ödənilmişdir. Kafar Zeynalovun vəfat etməsi ilə əlaqədar pensiya ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Hazırda iddiaçı 542,35 manat pensiya aldığı halda, pensiya məbləğinin əvvəlki məbləğdə, yəni, mərhum həyat yoldaşına münasibətdə səhv hesablanmış məbləğdə (867,14 manat) olmalı olduğunu iddia edir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, mərhum Kafar Zeynalova son üç il üzrə 9792,47 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda, həmin artıq ödənilmiş 9792,47 manat vəsaitdən iddiaçıya ödənilməli olan 594,17 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmişdir. Mərhuma K.Zeynalova artıq ödənilmiş qalan vəsait 9198,30 (9792,47-594,17) manat təşkil edir. Mərhum K.Zeynalova artıq ödənilmiş 9198,30 manat vəsaitin geri tələb edilməsi zərurəti ortaya çıxmışdır. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-12142/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-14339/2024 nömrəli qərarın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçının cavabdehə ünvanladığı ərizələri, cavabdehin imtinası, cavabdehin məktubu ilə məhkəməyə təqdim edilmiş pensiya işin və müavinət işinin materialları təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Qanun özündə pensiya təminatı sistemində əmək pensiyası hüquqları ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını) və həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də cavabdeh inzibati orqan tərəfindən artıq ödəmə ilə bağlı qərar qəbul edilən zaman iddiaçı inzibati icraata cəlb olunmamışdır.

1. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

2. Digər tərəfdən, sadalanan normlardan göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin hazırkı işdə inzibati orqanın iddiaçının barəsində qərar qəbul edən zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir.

3. Göründüyü kimi, inzibati orqanın qərarı ilə pensiyadan tutulmalar aparılması qanunvericilik aktlarında nəzərdə tutulmamışdır.

4. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş sosial müavinət məbləğinin tutulması barədə müavinət alan şəxsin razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq qərar qəbul edilmişdir. Ona görə də, həmin qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-12142/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-14339/2024 nömrəli qərarlar ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar