Məhkəmə qərarları › İş №2-1(114)-1841/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1841/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1841/2020 02.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Ağstafa rayon filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Ağstafa rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Ağstafa rayon filialına qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Ağstafa Mənzil İstismar Sahəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1983-cü ildə əmək fəaliyyətinə başlamış, müxtəlif yerlərdə işləmişdir. İddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi məqsədilə DSMF-nin Ağstafa rayon şöbəsinə müraciət etsə də, cavabdeh orqan onun xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Ağstafa Mənzil İstismar Sahəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Ağstafa rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Ağstafa Mənzil İstismar Sahəsi 2006-cı ildə iddiaçının hesabına sosial sığorta haqqı ödənişi etməyib. Belə ki, iddiaçının işdən azad olunması barədə əmrdən də göründüyü kimi, işdən çıxma əmri oktyabr ayında verilsə də o, avqust ayından işə getməmişdir, həmçinin cəmi 2 ay əmək haqqı almışdır. Ağstafa Mənzil İstismar Sahəsi iddiaçının əmək haqqından onun kartına sosial sığorta haqqı ödəmədiyinə görə ona pensiya təyin edilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Ağstafa rayon Dövlət Arxivinin xx.xx.2020-cu il tarixli, 82 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Ağstafa rayon Mənzil İstismar Sahəsinə işə qəbul olunmuş, xx.xx.2006-cı il tarixdə tutduğu vəzifədən azad edilmiş, işlədiyi dövr üzrə iyul və avqust aylarında əmək haqqı almışdır. -İddiaçı məxsus xx.xx.1983-cü il tarixli, ИТ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, sonuncu xx.xx.2006-cı il tarixdə 10 nömrəli əmrlə Ağstafa rayon Mənzil İstismar Sahəsinə işə qəbul olunmuş, xx.xx.2006-cı il tarixdə 15 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. -AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Ağstafa rayon filialının xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, pensiya alt proqramında İddiaçı fərdi hesabında pensiya kapitalı qeyd edilmədiyindən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, pensiya alt proqramında İddiaçı fərdi hesabında pensiya kapitalı qeyd edilmədiyindən cavabdeh orqan ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Cavabdeh orqanın yuxarıda qeyd olunan əsaslaiddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun yuxarıda qeyd olunan normalarının məzmunundan da aydın olur ki, sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hesablanır. Həmin 25 illik stajın və eləcə də 2018-ci ilin 1 iyul tarixinədək qeydə alınan pensiya kapitalının qanunvericiliyin tələbləri əsasında indeksləşdirilməsi aparıldıqdan sonra formalaşan ümumi pensiya kapitalı əsasında pensiya təyin olunur. İş materilları ilə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2006cı il tarixədək Ağstafa rayon Mənzil İstismar Sahəsində işləmiş, işlədiyi dövr üzrə iyul və avqust aylarında əmək haqqı almışdır. Qeyd olunanlar Ağstafa rayon Dövlət Arxivinin xx.xx.2020-cu il tarixli, 82 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapmışdır. Həmçinin qeyd olunan arxiv arayışında iddiaçıya hesablanmış əmək haqqından 3% DSMF-nin hesabına tutulacaq məbləğ əks olunmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi mərkəzi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizəsi işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir. Cavabdeh orqan iddiaçının fərdi hesabında pensiya kapitalı qeyd edilmədiyini əsas gətirsə də, nəzərə almamışdır ki, işəgötürənin iddiaçının əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqqını müvafiq hesaba ödəməməsi iddiaçının ziyanına şərh edilməməlidir. Belə ki, “Sosial sığorta haqqında” Qanun Azərbaycan Respublikasında sosial sığorta sahəsində münasibətləri tənzimləyir, sosial sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələri kimi müəyyən edilmişdir. Məhkəmə qeyd ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ildən sonrakı dövrə aid olduğu üçün yuxarıda sadalanan normalar nəzərə alınmalı və arxiv arayışında göstərilən müddət iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iş stajını təsdiq edən arxiv arayışına əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Ağstafa rayon Mənzil İstismar Sahəsində işlədiyi müddət ərzində iyul-avqust ayları üzrə aldığı əmək haqqı onun fərdi hesabında pensiya kapitalı kimi nəzərə alınmalı və mövcud qanunvericiliyə əsasən əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı kimi hesablanmalıdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Ağstafa rayon filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar