Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1841/2021 02.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi Filialı) qarşı 01 noyabr 2003-cü il tarixə qədər yaranmış və silinməli olan borcun silinməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə iddiaçı) 27.03.1998-ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə dövlət reyestrində qeydiyyata alınmış kommersiya hüquqi şəxsdir. Cəmiyyətin 22.09.2014-cü il tarixli qərarı ilə X1 Heyətinin sədri təyin olunmuş, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən həm də qanuni təmsilçidir. İddiaçı 14.06.2021-ci il tarixli 15 nömrəli məktubla Döclət Vergi Xidmətinə müraciət edərək cəmiyyətin Dövlət Sosial Müdafiə Fonduna 01.11.2003-cü il tarixinə olan borclarının silinməsinə göstəriş verilməsini xahiş etmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçının 23.06.2021-ci il tarixli **********153900 nömrəli müraciətinə baxılmış və müraciətdə göstərilən məsələlər hərtərəfli araşdırıldıqdan sonra əlavə məlumat veriləcəyi bildirilmişdir. İddiaçı 14.08.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 noyabr 2003-cü il tarixə qədər yaranmış və silinməli olan borcun silinməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 13.09.2021-ci il tarixdə iddiaçının nümayəndəsi X4 dəqiqləşmə barədə ərizə verərək, iş üzrə cavabdehin əsl cavabdeh olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra mətndə - cavabdeh) ilə əvəz olunmasını və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi Filialını üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 13.09.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraata qəbul olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 23 fevral 2007-ci il tarixli 34/1-95 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddia tələbi qismən, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə aid hissədə təmin edilmiş "xxxx" ASC-nin dövlət büdcəsinə yaranmış borcunun silinməsi üçün müəssisənin adının Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən siyahılara daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuş, 02.11.2007-ci il tarixli, 34/1-95/3 saylı qərardadla qətnamədə edilən yanlışlıq düzəldilmiş və ona 1 saylı Yerli İqtisad Məhkəməsinin 23 fevral 2007-ci il tarixli 34/1-95 saylı qətnaməsinin «Qət etdi» hissəsində göstərilən "xxxx" ASC-nin dövlət büdcəsinə yaranmış borcunun silinməsi üçün müəssisənin adının DƏİEU Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən siyahılara daxil edilməsi, həmçinin Dövlət Sosial Müdafiə Fonduna göndərilən siyahılara daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin üzərinə qoyulması kimi başa düşülməsi düzəlişi edilmişdir. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 16 may 2007-ci il tarixli 225a/İİ-79 saylı qətnaməsi ilə 1 saylı Yerli İqtisad Məhkəməsinin 23 fevral 2007-ci il tarixli 34/1-95 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının «Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatlar nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında» 24 oktyabr 2000-ci il tarixli Qanuna və həmin Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli 497 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalara (Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2003-cü il tarixli 8 nömrəli, 27 may 2005-ci il tarixli 236 nömrəli və 6 iyul 2006-cı il tarixli 426 nömrəli Fərmanları ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) əsasən «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı» çərçivəsində 2 mart 1988-ci il tarixdə özəlləşdirməyə açılmış "xxxx" ASC-nin Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 23 fevral 2007-ci il tarixli 34/1-95 saylı qətnaməsinin icrası məqsədilə 01.11.2003-cü il tarixinə dövlət büdcəsinə yaranmış və üzləşmə aktı ilə təsdiq edilmiş əlavə dəyər vergisi 2359 manat 49 qəpik, mənfəət vergisi üzrə hesablanmış müamilə üzrə 414 manat 79 qəpik, əmlak vergisi üzrə 5184 manat 86 qəpik, ona hesablanmış müamilə üzrə 1040 manat 09 qəpik, torpaq vergisi üzrə 11631 manat 14 qəpik, ona hesablanmış müamilə üzrə 5977 manat 54 qəpik, sadələşdirilmiş vergi üzrə 536 manat 96 qəpik, ona hesablanmış müamilə üzrə 66 manat 96 qəpik, dövlət yol fondu üzrə 2412 manat 04 qəpik, ona hesablanmış müamilə üzrə 3220 manat 87 qəpik, dövlət rüsumu üzrə 992 manat 56 qəpik, vaxtı keçmiş kreditor borcu üzrə 419 manat, ona hesablanmış müamilə üzrə 229 manat 74 qəpik, cəmi - 34586 manat 04 qəpik (otuz dörd min beş yüz səksən altı manat dörd qəpik) borc məbləğinin silinməsi qərara alınmış və silinmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondu qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmədiyi üçün silinməli olan borclar bu günə qədər silinməmişdir. Cavabdehə rəsmi müraciət edərək bütün zəruri sənədləri təqdim edərək borcun silinməsini xahiş etmişlər, lakin cavabdeh tərəfindən imtina edildiyinə görə məsələnin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddiaçının ərizəsində istinad etdiyi Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin 34/1-95 nömrəli 23 fevral 2007ci il tarixli qətnaməsindən və 34/1-95/3 nömrəli 02 noyabr 2007-ci il tarixli qərardadından görünür ki, məhkəmə “Gəncə-Nəqliyyat-05" ATSC-nin dövlət büdcəsinə yaranmış borcunun silinməsi üçün müəssisənin adının Daşınmaz Əmlakın İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Vergilər Nazirliyinə, həmçinin Dövlət Sosial Müdafiə Fonduna göndərilən siyahıya daxil edilməsi öhdəliyini Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin üzərinə qoymuşdur. Göründüyü kimi məhkəmə borcun silinməsi vəzifəsini DSMF-nin Nizami rayon şöbəsinin üzərinə qoymamış, ümumiyyətlə, borcun silinməsi tələbinə baxmamış, ərizənin DSMF-yə aid olan hissəsini baxılmamış saxlamış, öhdəliyin icrasını isə Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin üzərinə qoymuşdur. Belə olan halda məhkəmənin qeyd olunan qərarını icra etməli olan orqan DSMF-nin Nizami rayon şöbəsi yox, Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi olmuşdur. Həmçinin qeyd olunan qərar iddiaçının 01 noyabr 2003-cü il tarixinə qədər olan borclarının silinməsi tələbinə əsasən çıxarılmışdır. Azərbaycan Respublikası DSMF-nin Gəncə şəhəri Nizami rayon şöbəsi "xxxx" ASC-nin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi üçün 2 saylı yerli İqtisad Məhkəməsinə müraciət etmiş, Azərbaycan Respublikası 2 saylı yerli İqtisad Məhkəməsinin 28 iyun 2007-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-nin fəaliyyəti dayandırılaraq onun əmlakının satılması yolu ilə 37390 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının DSMF-nin Gəncə şəhəri Nizami rayon şöbəsinə ödənilməsi qərara alınmışdır. Qətnamənin əsaslandırma hissəsinin məzmunundan görünür ki, məhkəmənin təmin etdiyi 37390 manat məbləğində borc 2003-2006-cı illər üzrə formalaşmış borcdur. Belə ki, məhkəmə qərarını əsaslandırarkən “Gəncə Nəqliyyat-05" ASC-nin 2003-2006-cı illər üzrə AR DSMF vəsaitləri üzrə haqq-hesab cədvəlləri və tərəflərin izahatlarının "xxxx" ASC tərəfindən məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilmədiyini göstərdiyini qeyd edir. Buradan o nəticəyə gəlinir ki, iddiaçının hal-hazırda məhkəmədən silinməsini tələb etdiyi borc, məhz 2 saylı yerli iqtisadi Məhkəməsinin 28 iyun 2007-ci il tarixli qərarında qeyd olunan, "xxxx" ASC tərəfindən ödənilməli olan borc məbləğidir. Yəni həmin borc məbləği iddiaçının ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 34/1-95 nömrəli 23 fevral 2007-ci il tarixli qətnaməsindən və 34/1-95/3 nömrəli 02 noyabr 2007-ci il tarixli qərardadının əhatə etmədiyi borc məbləğidir. Belə olan halda iddiaçının silinməsini tələb etdiyi borc məbləği həmin qərarlara istinad edilərək silinə bilməz. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X5 etirazda yazılanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Üçüncü şəxs 01.10.2021-ci il tarixli **********5 nömrəli məktubunda bildirmişdir ki, ’’Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları, sığortaedənlərin müvafiq icra hakimiyyət orqanının uçot sistemində mövcud olan 2015-ci il 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borcları tam məbləğdə silinir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanunun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən 1 yanvar 2019-cu il tarixindən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini 15.10.2014-cü il tarixli **********098500 nömrəli Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarış, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 15.10.214-cü il tarixli nizamnaməsi, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 23.02.2007-ci il tarixli 34/1-95 nömrəli qətnaməsi, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 16.05.2007-ci il tarixli 225A/İİ-79 nömrəli qətnaməsi, Azərbaycan Respublikası 2 saylı Yerli İqtisad Məhkəməsinin 28.06.2007-ci il tarixli 13/21-13 nömrəli qətnaməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 30.08.2007-ci il tarixli **********274900 nömrəli borcun silinməsi barədə məktubu, 26.07.2007-ci il, 12.04.2010-cu il və 28.04.2010-cu il tarixli üzləşmə aktları, iddiaçının 14.06.2021-ci il tarixli 15 nömrəli məktubu, cavabdehin 23.06.2021-ci il tarixli **********153900 nömrəli müraciətin araşdırılması barədə məktubu, 17.09.2021-ci il tarixli **********282200 və 28.10.2021-ci il tarixli **********774300 nömrəli etirazı, iddiaçının şəxsi hesab vərəqəsindən çıxarış təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, iddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, tələb əsassızdır. İşin faktiki hallarından görünür ki, iddiaçı 01.11.2003-cü il tarixədək dövlət büdcəsinə yaranmış borcların silinməsi ilə bağlı 2007-ci ildə Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsində iddia qaldırmışdır. Həmin məhkəmənin 23.02.2007-ci il tarixli 34/1-95 nömrəli qətnaməsi ilə qismən təmin edilərək Cəmiyyətin dövlət büdcəsinə yaranmış borcun silinməsi üçün müəssisənin adının Daşınmaz Əmlakın İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə, (34/1- 95/3 nömrəli 02.11.2007-ci il tarixli qərardada əsasən) həmçinin Dövlət Sosial Müdafiə Fonduna göndərilən siyahılara daxil edilməsi öhdəliyi Daşınmaz Əmlakın İdarə edilməsi üzrə Dövlət Komitəsinin cavabdehin üzərinə qoyulmuşdur. Hazırda iddiaçı qeyd olunan məhkəmə aktlarına istinad edərək məhkəmə qətnaməsinin icra edilərək 01.11.2003-cü il tarixədək məcburi dövlət sosial sığora ayırmaları üzrə borcun silinməsini xahiş edir. Göründüyü kimi tərəflərin arasında yaranmış mübahisə, iddiaçıya 01.11.2003-cü il tarixədək hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcun silinməsi barədədir. Bu iddia tələbinin hüquqi əsasları kimi aşağıdakı hüquq normaları nəzərdən keçirilməlidir. “Sosial sığorta haqqında” Qanunun 11-ci maddəsinə əsasən, sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. 14.3.1-ci maddəsinə əsasən, sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 21-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 93.1-ci maddəsinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun: 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. 3.0-cı maddəsinə görə bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. İşdəki 28.10.2010-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinin müdiri N.M.Əhmədov, Maliyyə uçot sektorunun müdiri-baş mühasib A.İ.Əliyev, Gəlirlər sektorunun müdiri A.M.Cəlilov, "xxxx" ASC-nin müdiri R.H.Qasımov, Baş mühasib İ.B.Məmmədov tərəfindən tərtib edilmiş və hər iki idarənin möhürü ilə təsdiqlənmiş üzləşmə aktının surətindən görünür ki, cəmiyyətin 01.11.2003-cü il tarixədək DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinə yaranmış borc məbləği 36.887,66 manat olmuş, həmin borcun silinməsi məqsədə uyğun olmuşdur. İşdəki “Sığortaedən "xxxx" ASC-nin (VÖEN **********_ 2006-01.10.2018-ci illərdə hesablanıb, ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələrin dinamikası barədə Məlumat”dan görünür ki, 36.887,66 manat məbləğində borc Dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət proqramı çərçivəsində 2010-cu ildə silinmişdir. Qeyd olunan məlumatdan aydın olur ki, cəmiyyətin 01.10.2018-ci il tarixədək məcburi 32.618,64 manat, penya və maliyyə sanksiyaları üzrə 7.278,62 manat, cəmi 39.697,26 manat borcu vardır. Yuxarıda göstərilən və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06.03.2018-ci il tarixli 1042-VQ nömrəli Qanuna əsasən 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə, 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydasının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) və məcburi dövlət sosial sığortası qaydasının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış və ödənilməmiş borcların silinməsi barədə məlumatlarda iddiaçı qurumun məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borc dövrü göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının 01.04.2018ci il tarixədək məcburi dövlət sosial sığorta haqları üzrə 32.618,64 manat, penya və maliyyə sanksiyaları üzrə 7.278,62 manat borcu vardır ki, həmin məbləğdən 5.579,49 manat məcburi dövlət sosial sığorta haqları üzrə borc 01.01.2006-cı il tarixədək, 7.278,62 manat isə 01.01.2015-ci il tarixədək hesablanmış maliyyə sanksiyası və penya borcdur. Həmçinin 01.11.2003-cü il tarixədək yaranmış borc məbləği isə 2010-cu ildə müvafiq dövlət sosial müdafiə fondu orqanı tərəfindən silinmişdir. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, iddiaçı yalnız 01.11.2003-cü il tarixədək yaranmış borcun silinməsi ilə bağlı əvvəl inzibati orqana, daha sonra məhkəməyə müraciət etdiyindən məhkəmə də yalnız həmin tələb həcmində işə baxıb qərar qəbul edə bilmişdir. Məhkəmə araşdırması zamanı isə aydın olur ki, iddiaçının silinməsini tələb etdiyi 01.11.2003-cü il tarixədək yaranmış borc artıq mövcud deyildir. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi Filialı) qarşı 01 noyabr 2003-cü il tarixə qədər yaranmış və silinməli olan borcun silinməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1841/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1841/2021
02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver