Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1842/2020 16.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialına qarşı yaşa əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1971-ci ildən əmək fəaliyyətinə başlamış, 2004-cü ilə qədər müxtəlif iş yerlərində işləmişdir. Yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh orqana müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Şöşə zavoduna 1995-ci ildə işə qəbul edildikdən sonra 2-3 il müəssisə fəaliyyət göstərmişdir, müəssisə rəhbəri ona müəssisə fəaliyyətə başlayana qədər gözləməyini bildirmiş, lakin zavod 1998-ci ildən sonra fəaliyyət göstərməmiş, həmçinin həmin vaxtdan sonra əmək haqqı da almamışdır, yalnız 2004-cü ildə işdən çıxması barədə əmr verilmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının 1995-ci ildən 2004-cü ilədək Gəncə şüşə zavodunda işlədiyi dövrü yerində qarşılıqlı yoxlamaq mümkün olmadığına görə tələb olunan 25 il sığorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -İddiaçı məxsus xx.xx.1971-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, sonuncu xx.xx.1995-ci il tarixdə Gəncə şüşə zavoduna işə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə işdən azad edilmişdir. -İddiaçı məxsus xx.xx.1985-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, sonuncu xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. -Gəncə şəhər Statistika İdarəsinin xx.xx.2020-ci il tarixli 1/199 nömrəli məktubundan görünür ki, İstehsalat Gəncə şüşə zavodu 1995-1998-ci illərdə fəaliyyət göstərmiş, 1999-2004-cü illərdə isə fəaliyyət göstərməsi ilə bağlı hər hansı rəsmi məlumat təqdim edilməsi müəyyən edilməmişdir. -Dövlət X2 xx.xx.2020-ci il tarixli, 904/3 nömrəli məktubundan görünür ki, Gəncə şüşə zavodunun arxiv sənədləri arxiv filialına təhvil verilməmişdir. -AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2020ci il tarixli, **********5 nömrəli bildirişindən görünür ki, İddiaçı tələb olunan azı 25 il sığorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı tələb olunan azı 25 il sığorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iş stajı əmək kitabçası əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Lakin cavabdeh orqan iddiaçının 1995-ci ildən 2004-cü ilədək Gəncə şüşə zavodunda işlədiyi dövrü yerində qarşılıqlı yoxlamaq mümkün olmadığına görə həmin dövrləri onun sığorta stajına daxil edilməsindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə şüşə zavodunun arxiv sənədləri arxiv filialına təhvil verilməmişdir. Bu hal isə iddiaçının ziyanına şərh edilməməlidir. Belə ki, müvafiq sorğular nəticəsində müəyyən olunmuşdur ki, Gəncə şüşə zavodu həqiqətən 1995-1998-ci illərdə fəaliyyət göstərmişdir. İddiaçının qeyd olunan müəssisədə işləməsi ona məxsus əmək kitabçası ilə də təsdiq olunur. Həmçinin məhkəmə iclasında iddiaçı qeyd olunan müəssisədə 1995-1998-ci illərdə işləyib əmək haqqı aldığını, sonrakı dövrlərdə işləmədiyini, yalnız 2004-cü ildə işdən çıxması barədə əmr verildiyini etiraf etmişdir. Deməli iddiaçının Gəncə şüşə zavodunda yalnız 1995- 1998-ci illərdə işlədiyi müddət sosial sığorta stajına daxil edilməlidir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Cavabdehin imtina məktubu ilə də müəyyən olunmuşdur ki, sonuncu 1995-ci ildən 2004-cü ilədək Gəncə şüşə zavodunda işlədiyi dövrü yerində qarşılıqlı yoxlamaq mümkün olmadığına görə həmin dövrləri onun sığorta stajına daxil edilməsindən imtina etmiş, hərbi xidmət müddəti ilə bağlı hər hansı münasibət bildirməmiş, deməli hərbi xidmət müddətinin sosial sığorta stajı kimi cavabdeh tərəfindən qəbul edilməsi bu işin mübahisəsiz halı olmuşdur. Beləliklə iddiaçının iş stajını təsdiq edən əmək kitabçasına və hərbi biletinə əsasən xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək 3 il 11 gün, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək 2 il 8 gün, xx.xx.1977-ci il tarixdən xx.xx.1995-ci il tarixədək 18 il 5 ay 7 gün, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək 2 il 5 ay 7 gün olmaqla ümumilikdə 25 il 11 ay 3 gün sığorta stajı mövcuddur. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur ki, hazırki halda əmək kitabçasında qeyd olunan sığorta stajı, eləcə də hərbi xidmət müddəti nəzərə alındıqda onun tələb olunan sığorta stajı yaranmış olur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1842/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1842/2020
16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver