Məhkəmə qərarları › İş №2-1(114)-1843/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1843/2023

01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1843/2023 01.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı ordenlə təltif olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət edərək, İkinci Qarabağ müharibəsi zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi sücaət və qəhrəmanlıq göstərdiyinə görə onun ordenlə təltif olunması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırmaq öhdəliyinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin üzərinə qoyulması və onun ordenlə təltif olunması üçün adının Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılmış, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Laçın, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, "Laçının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. İddiaçı Cəbrayıl rayonunun işğaldan azad edilməsi zamanı üç adsız yüksəkliyi 3 nəfərlə işğaldan azad etmiş, həmçinin, Cəbrayıl rayonunda döyüşlər zamanı 35 nəfər şəxsi heyəti mühasirədən tək olaraq qurtarmış, bundan başqa, Laçın rayonunun işğaldan azad edilməsi zamanı rayonun "Şiş qaya" adlanan ərazisində mühasirədə qalmış 8-ci bölük şəxsi heyətini 2 nəfərlə şəxsi qəhrəmanlıq və şücaət göstərərək mühasirədən çıxarmışdır. Həmin vaxt onunla çiyinçiyinə döyüşmüş döyüşçü yoldaşları tağım komandiri X4, X5, X2 və digər döyüş yoldaşları buna şahid olmuşdur. Döyüş zonasına gələn Müdafiə nazirinin müşaviri polkovnik Abdulla Qurbani və Hərbi prokurorun birinci müavini, N nömrəli hərbi hissənin qərargah rəisi onun göstərdiyi şəxsi şücaəti və qəhrəmanlığı yüksək qiymətləndirərək ordenlə və digər dövlət mükafatları ilə təltif olunmağı üçün şəklini çəkib adının siyahıya salınması barədə göstəriş verdilər. Həmçinin, Hərbi prokurorun birinci müavini Hikmət müəllim bildirdi ki, o, ən ali orden və mükafatla təltif edilməyimə layiqdir. Artıq müharibədən 2 ildən çox vaxt keçmiş, lakin ordenlə təltif olunmamışdır. Bununla əlaqədar Müdafiə Nazirliyinə müraciət etmiş, müraciəti araşdırılması üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissə tərəfindən iddiaçıya ünvanlanmış məktubla müraciətinə cavab olaraq bildirilmişdir ki orden medalı ilə təltif olunması məqsədə uyğun hesab edilmir. İddiaçı hesab edir ki, cavabdehlərin imtinası qanunsuzdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-25-11/2-1083/2023 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, müvafiq normaların tələblərinə görə hərbi qulluqçunun orden və medallarla təltif edilməsi yalnız təqdimatın verilməsi ilə nəticələnmir və digər qurumların və komissiyanın, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin qiymətləndirilməsindən asılıdır və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaçıya "Laçının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə, "Qubadlının azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilməsi ilə bağlı rəyini bildirməklə, iddiaçı 4 medalla təltif edilmişdir. Odur ki, iddianın təmin edilməməsi xahiş olunur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2004-cü il tarixli, AO ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Laçın, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2004-cü il tarixli, AO ******* nömrəli hərbi biletdən görünür ki, Azərbaycan Respublikası medalının vəsiqələrindən görünür ki, İddiaçı "Laçının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2022-ci il tarixli, 8072 nömrəli məktubunda bildirilir ki, İddiaçı döyüş tapşırıqlarının icrası zamanı heç bir şücaət və qəhrəmanlıq nümunələri göstərmədiyinə görə orden medalı ilə təltif olunması məqsədəuyğun hesab edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Laçın, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, bu iştiraka görə "Laçının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. İddiaçı müharibədə şücaət və qəhrəmanlıq göstərdiyini bildirərək ordenlə təltif olunmasını tələb etsə də, cavabdehlər bundan imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi iddiaçının döyüş tapşırıqlarının icrası zamanı heç bir şücaət və qəhrəmanlıq nümunələri göstərmədiyinə görə orden medalı ilə təltif olunmasının məqsədəuyğun hesab etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Silahlı X1:- -20-ci bəndinə əsasən həvəsləndirmələr hərbi qulluqçuların tərbiyə edilməsi və hərbi intizamın möhkəmləndirilməsi üçün mühüm vasitədir. Hər bir komandir (rəis) bu Nizamnamə ilə ona verilən hüquqlar çərçivəsində tabeliyində olan hərbi qulluqçuların onların ağlabatan təşəbbüslərinə, səylərinə, rəşadətlərinə və yaxşı xidmət göstəricilərinə görə həvəsləndirməlidir. Komandir (rəis) hiss edirsə ki, ona verilən hüquqlar tabeliyində olan hərbi qulluqçunu həvəsləndirmək üçün kifayət deyil, o, özündən böyük rəisin səlahiyyəti ilə hərbi qulluqçunu həvəsləndirmək barədə vəsatət qaldıra bilər. -21-ci bəndinə əsasən alay (briqada) komandirləri, onlara bərabər və böyük komandirlər, əlahiddə tabor (3-cü dərəcəli gəmilər divizionu) komandirləri, həmçinin bu Nizamnamənin 12-ci maddəsinə əsasən müvafiq tabor (3-cü dərəcəli gəmi) komandirlərinin intizam səlahiyyətlərinə malik olan əlahiddə hissə komandirləri (rəisləri) öz tabeliklərində olan hərbi qulluqçuları hərbi borcu yerinə yetirərkən, göstərdikləri igidlik və rəşadətə, əla döyüş hazırlığı göstəricilərinə, yeni mürəkkəb texnikanı əla mənimsədiklərinə, qoşun hissələrinə nümunəvi rəhbərlik etdiklərinə, həmçinin Azərbaycan dövləti və Azərbaycan Respublikasının Silahlı Qüvvələri qarşısındakı görkəmli xidmətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 223 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında Təlimat”ın: -7-ci maddəsinə əsasən silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və quiluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərilir. -22-ci maddəsinə əsasən hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimatların birinci və ikinci nüsxələri birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. Müdafiə Nazirliyinin Kadrlar İdarəsinə daxil olmuş təltif sənədləri Müdafiə nazirinin əmri ilə yaradılmış təltif komissiyasına təqdim edilir. Təltif komissiyasında baxılaraq haqqında müsbət qərar qəbul edilmiş təltif sənədləri qərar qəbul olunması üçün Azərbaycan Respublikası Müdafiə nazirinə məruzə olunur. -23-cü maddəsinə əsasən haqqında müsbət qərar qəbul edilmiş təqdimatlar əsasında Müdafiə Nazirliyinin Kadrlar İdarəsində Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının Azərbaycan Respublikasının orden və medalları ilə (təltif səlahiyyəti Azərbaycan Respublikası Müdafiə nazirinə verilmiş medallardan başqa) təltif olunması barədə Azərbaycan Respublikası Prezidentinə Müdafiə nazirinin təqdimatı layihəsi hazırlanır." İstinad olunan müddəaların tələblərinə görə hərbi qulluqçuların təltif edilməsi barədə təqdimatların verilməsi səlahiyyəti məhdud şəxslərin dairəsinə aid edilmişdir. Şəxslərin təqdimatı hərbi hissənin rəislərinin rəyi ilə daha sonra digər rəylərin alınması üçün göndərilir. Müsbət olduğu halda, növbəti mərhələdə həmin sənədlər xüsusi yaradılmış təltif komissiyasına baxılmaq üçün təqdim edilir. Komissiya tərəfindən müsbət rəy qəbul olunduqda, qərar qəbul edilmək üçün Azərbaycan Respublikası Müdafiə nazirinə məruzə edilir. Orden və medallar ilə təltif olunması barədə sonuncu mərhələ olaraq Azərbaycan Respublikası Prezidentinə Müdafiə nazirinin təqdimatı layihəsi hazırlanır. Göründüyü kimi, hərbi qulluqçunun orden və medallarla təltif edilməsi yalnız təqdimatın verilməsi ilə nəticələnmir və digər qurumların və komissiyanın, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin qiymətləndirilməsindən asılıdır və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı İkinci Qarabağ müharibəsində xüsusi şücaət və qəhrəmanlıq göstərdiyini bildirərək ordenlə təltif olunmasını tələb etsə də, bu hal iş materiallarında olan müvafiq sübutlarla öz əksini tapmamışdır. Hazırki iddia üzrə faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən, iddiaçı isə bununla bağla hər hansı sübut təqdim etmədiyindən cavabdehlərin iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunauyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı ordenlə təltif olunması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar