Məhkəmə qərarları › İş №2-1(114)-1844/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1844/2020

06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1844/2020 06.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə şəhəri Nizami rayon filialına qarşı əvvəlki illərə görə sosial müavinətin fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə şəhəri Nizam rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, döyüşlərdə iştirak etmiş, 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmış və xx.xx.2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən ona əlillik təyin edilmiş, hal-hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İ qrup əlil və prezident təqaüdçüsüdür. O, cavabdehdən əvvəlki illər üçün xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə baxış iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İ dərəcəli əlillik müəyyən edilmiş və həmin tarixdən də ona İ dərəcə əlil kimi 250 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunaraq hal-hazıra kimi ödənilir. İddiaçının təqaüdün təsis olunduğu xx.xx.2008-ci ildən müavinətin ödənilməsini tələb etməsi «Sosial Müavinətlər Haqqında» Qanuna ziddir. Dövlət Tibbi Sosial Ekspert Komissiyasının rəyi xx.xx.2008-ci ildən müəyyən olunduqdan sonra təqaüd təyin edildiyindən, əlilliyin səbəbi «müharibə əlili» olmadığından təqaüdün təyinatının xx.xx.2019-cu il tarixdən aparılmasını qanunvericiliyə uyğun hesab edir. Məhkəmə araşdırmasının predmetini xx.xx.2019-cu il tarixli, 2788003AABT0 nömrəli müayinə barədə məlumat, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1644 nömrəli qərarı, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə şəhər Nizami rayon filialının xx.xx.2020-ci il tarixli elektron imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafisəi ilə əlaqədar İ dərəcə əlillik təyin edilməsi işin mübahisəsiz halıdır. Cavabdeh orqan ona həmin tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsini təmin etmişdir. İşin mübahisəli halı prezident təqaüdünün təyin olunmasından əvvəlki, yəni xx.xx.2008-ci ildən xx.xx.2016-cı il tarixə olan müddətə münasibətdə ödənilməsi ilə bağlıdır ki, həmin hal da qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER-TSE-01 seriyalı ******* saylı təkrar müayinədən keçən əlillər üçün arayışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən İ qrup ümumi xəstəliklə müddətsiz əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2788003AABT0 nömrəli müayinə barədə məlumatdan görünür ki, İddiaçı müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar birinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ərizə ilə DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinə müraciət edərək, prezident təqaüdünün 2008-ci ildən iyul 2016-cı ilədək ödənilməyən fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsini xahiş etmiş, lakin inzibati orqan ərizəyə cavab olaraq xx.xx.2020-ci il tarixli elektron məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında» 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və X2 (TSERAS) yaradılmışdır. Əlilliyə görə sosial müavinət, təqaüd və ya əmək pensiyası əlillik müddətinə görə təyin edilərək ödənilir. Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlilliyi və ya sağlamlıq imkanlarının məhdudluğu barədə Tibbi-Sosial Ekspert Komissiyasının müayinələrinə dair TSERAS-dan əldə olunan məlumata əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən müddətsiz Azərbaycan Respublikasının ərazi mütövlüyünün müdafiəsi ilə əlaqədar İ dərəcə əlillik təyin edilmiş, Nazirliyin «Sosial ödənişlər» altsisteminin məlumat bazasına əsasən iddiaçıya müddətsiz 250 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödənilir. «Sosial müavinətlər haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunlarına və digər normativ hüquqi aktlara əsasən əlillik müəyyən edilməyən müddətdə əlilliyə görə sosial müavinət, təqaüd və ya əmək pensiyası təyin olunması nəzərdə tutulmamışdır. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun:- - 9.1-ci maddəsinə əsasən Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: - 9.1.2-ci maddəsinə əsasən əlilliyə görə müavinət-əlillik müddətinə əsasən təyin edilir. «Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə «Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü» təsis edilmiş və onun aylıq məbləği Fərmanın 1-ci bəndinə uyğun olaraq müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 11.2.1-ci maddəsinə əsasən əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin şəxslər müharibə əlilləri hesab olunurlar. İddiaçıya xx xxxx 2019-cu il tarixdən «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» İ dərəcəli əlillik təyin edilmiş və əlilliyə görə hazırda 250 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir. İddiaçı hazırki iddiasında həmin təqaüdün xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün hesablanaraq ona ödənilməsini xahiş edir. Cavabdeh inzibati orqanın mövqeyi ondan ibarətdir ki, “Müharibə əlillərinə” Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında xx xxxxxxxx 2008-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən həmin təqaüd qanun qüvvəyə mindikdən Təqaüdü almaq hüququnun yaranması tarixi Tibbi Sosial Ekspert Komissiyasının təyin etdiyi əlillik səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğunu göstərən xx xxxx 2019-cu il tarixli qərarının qüvvəyə mindiyi tarix hesab edilir və təqaüdün ödənilməsi həmin tarixdən həyata keçirilir. Məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İ dərəcə əlillik təyin edildiyindən qanunvericiliyin tələbinə əsasən cavabdehin əvvəlki illərə görə fərq məbləğinin tam şəkildə ödənilməsindən imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fond publik hüquqi şəxsinin Gəncə şəhəri Nizami rayon filialına qarşı Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252)apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar