Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1845/2021 05.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 18.08.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri “Qaraməmmədli” ərazisindən fərdi yaşayış evi tikintisi üçün ona verilmiş 400,0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhər XDS İK-nın 21.05.1990-cı il tarixli 06 nömrəli protokolundan çıxarışa və şəhər Memarlıq şöbəsinin 21.06.1990-cı il tarixli layihəsinə əsasən “Qaraməmmədli” ərazisindən fərdi yaşayış evi tikintisi üçün iddiaçıya 400,0 kv.m torpaq sahəsi verilmiş, iddiaçı həmin torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü” 1 saylı nümunənin hazırlanması üçün müraciət edib sənəd almışdır. Sözügedən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçının nümayəndəsi X2 iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 09.09.2021-ci il tarixli, **********82 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin sənəd üzrə torpaq sahəsindən az olduğu, hal-hazırda azalmış hissənin başqa vətəndaş tərəfindən istifadə edildiyi və torpaq sahəsinə dair mübahisə olduğu müəyyən edilmiş, bu səbəbdən də iddiaçının müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə şəhər X4 İcraiyyə Komitəsinin 21.05.1990-ci il tarixli 6 saylı qərarından çıxarışdan görünür ki, 1985-ci ildən mənzil növbəsində duran İddiaçı fərdi yaşayış evi tikdirmək üçün Qaraməmmədli ərazisindən 400.0 kv.m torpaq sahəsi verilmişdir. -X5 Filialının 25.08.2014-cü il tarixli, 569/5 nömrəli arxiv arayışından görünür ki, Gəncə şəhər X4 İcraiyyə Komitəsinin 21.05.1990-ci il tarixli 6 saylı protokoluna əsasən İddiaçı fərdi yaşayış evi tikdirmək üçün Qaraməmmədli ərazisindən 400.0 kv.m torpaq sahəsi ayrılmışdır. -surəti işə əlavə edilmiş Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 28.08.2013-cü il tarixli 316 nömrəli arayışından görünür ki, İddiaçı Gəncə şəhər X4 İcraiyyə Komitəsinin 21.05.1990-ci il tarixli 6 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün Qaraməmmədli ərazidən, B kvartalı, sahə nömrə 1-də ümumi sahəsi 400.0 kv.m torpaq sahəsi ayrılmışdır. -surəti işə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin 15.09.2014-cü il tarixli, TS-14-249 nömrəli rəyindən görünür ki, İddiaçı isifadəsində olan 400,0 kv.m torpaq sahəsi üçün “Torpaq sahəsinin plan və ölçüsü” 1 saylı nümunənin hazırlanmasına adıçəkilən şöbə etiraz etməmişdir. -surəti işə əlavə edilmiş A 533735 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Gəncə şəhər XDS İK-nın 21.05.1990-cı il tarixli 06 nömrəli protokol qərarından çıxarışa və şəhər Memarlıq şöbəsinin 21.06.1990-cı il tarixli layihəsinə əsasən İddiaçıq qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400,0 kv.m torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və X6 kitabında 28.01.2015-ci il tarixli 3432 nömrə ilə uçota alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 02.08.2021-ci il tarixli, **********04 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Gəncə şəhər XDS İK-nın 21.05.1990-cı il tarixli 06 nömrəli protokol qərarından çıxarışa əsasən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya 400,0 kv.m torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi ilə bağlı A 533735 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi faktiki torpaq sahəsinin sənəd üzrə torpaq sahəsindən az olması, hal-hazırda azalmış hissənin başqa vətəndaş tərəfindən istifadə edilməsi və torpaq sahəsinə dair mübahisə olması qeyd olunmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh orqan iddiaçıda olan sənədin (A 533735 nömrəli Torpaq sahəsinin planı və ölçüsü) mötəbərliyini mübahisələndirməmiş, yalnız faktiki torpaq sahəsinin həmin sənəddə əks olunmuş torpaq sahəsindən az olması səbəbindən iddiaçının ərizəsinin təmin edilməsindən etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Müvafiq qərarla iddiaçıya verilmiş torpaq sahəsinin bir hissəsinin başqa şəxs tərəfindən istifadə olunduğuna görə sənəddə göstəriləndən faktiki olaraq az həcmdə olması sənəddə qeyd edilmiş həcmdə, eyni zamanda həmin koordinatlara və konfiqurasiyaya uyğun olaraq əmlak üzərində hüquqlarının Dövlət reyestrində qeydə alınmasına mane olan hal hesab edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Gəncə şəhər XDS İK-nın 21.05.1990-cı il tarixli 06 nömrəli protokol qərarına əsasən iddiaçıya veilmiş 400,0 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Gəncə şəhər XDS İK-nın 21.05.1990-cı il tarixli 06 nömrəli protokol qərarına əsasən İddiaçı verilmiş 400,0 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1845/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1845/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver