Məhkəmə qərarları › İş №2-1(114)-1848/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1848/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1848/2024 31.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi olan vəkili Vəkil Məhəmməd oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Naftalan rayon qeydiyyat şöbəsinə qarşı “ölüm haqqında şəhadətnamədə düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Ölüm haqqında AZ-İ 258927 nömrəli şəhadətnaməyə əsasən X6 xx.xx.2008-ci ildə vəfat etmişdir. 83 nömrəli doğum haqqında akt qeydinə əsasən Qaraev Vahid xx.xx.1953-cü ildə anadan olmuşdur, atası X9, anası isə X2. Naftalan rayon qeydiyyat şöbəsi İddiaçı Mamed oğlu xx xxxx 1954-cü ildə Naftalna şəhərində anadan olmuşdur, atası X9, anası isə X3 və bu barədə Naftalan rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1954-cü il tarixdə 83 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Naftalan rayon qeydiyyat şöbəsinə (bundan sonra mətndə - cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla 1926-cı ildə Cəbrayıl rayon Veysəlli kəndində doğulmuş X4 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, eyni zamanda “Azərbaycan Respublikası Milli Arxiv idarəsi “ nə sorğu verilmiş və akt qeydi aşkar olunmamşdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 01 mart tarixli 52 nömrəli Qərarın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Həmin “Qərar”ın 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı işlərə baxır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə mərhum atası X7 ölüm şəhadətnaməsində ki, adında düzəliş edib Məhəmməd adının Mamed kimi yazılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun doğum şəhadətnaməsində atasının adı Mamed, ölüm şəhadətnaməsində isə Məhəmməd yazılmışdır. Ona görə də atasının adına “Muğan" bağçılıq yoldaşlığında yerləşən torpaq sahəsini adına keçirə bilmir. O, bu barədə qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ərizəsi təmin etmədilər. Ona görə də məhkəmə qaydası ilə mərhum atasının ölüm şəhadətnaməsində düzəliş edib atasının adının Məhəmməd əvəzinə Mamed kimi yazılması vəzifəsi qoyulmalıdır. İddiaçı nümayəndəsi olan vəkili Vəkil Məhəmməd oğlunun və cavabdehin nümayəndəsi X5 məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi olan vəkili Vəkil Məhəmməd oğlu iddianı müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmasına dair qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi akt qeydinin bərpa edilməsdir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... İddiaçının atasının ölüm haqqında şəhadətnaməsində adı Məhəmməd kimi qeyd edilmiş olsa da, iş materiallarına əlavə edilmiş digər sənədlərdə iddiaçının atasının adı Mamed kimi qeyd edilmişdir. Bu da, iddiaçının atasının ölüm haqqında şəhadətnaməsində adının qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçının atasının ölüm haqqında şəhadətnaməsində səhvə yol verilmiş, iddiaçının atasının adı düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə mərhum atası X7 ölüm şəhadətnaməsində adında düzəliş edilib Məhəmməd adının Mamed kimi yazılması öhdəliyi qoyulmalıdır. Belə ki, Cavabdeh tərəfindən təqdim olunan arayışda qeyd edilmişdir ki, X11 barəsində xx.xx.1954-cü il tarixdə 83 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur.Beləliklə, 83 nömrəli doğum haqqında akt qeydindən də görünür ki, iddiaçının atasının adı Mamed kimi qeyd edilmişdir, odur ki, Ölüm haqqında AZ-İ 258927 nömrəli şəhadətnamədə iddiaçının atasının adı Mamed kimi qeyd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X7 ölüm şəhadətnaməsində adında düzəliş edilib Məhəmməd adının Mamed kimi yazılması öhdəliyi Naftalan rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar