Məhkəmə qərarları › İş №2-1(114)-1852/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1852/2021

07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1852/2021 07.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 12.07.1992-ci il tarixdən 12.05.1994-cü il tarixdə elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 123, N, N nömrəli hərbi hissələrdə bütün xidmətlərinin hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırmaların nəticəsi barədə qərar qəbul edilməsi, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmasının arxiv arayışının verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı 12.07.1992-ci il tarixdən 12.05.1994-cü il tarixdə elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 123, N, N nömrəli hərbi hissələrdə bütün xidmətlərinin hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırmaların nəticəsi barədə qərar qəbul edilməsi, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmasının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o SHXÇDX-nin Bərdə rayon şöbəsi tərəfindən 12.07.1992-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış və 20.01.1997-ci il tarixədək hərbi xidmət keçmişdir. Hal-hazırda Bərdə rayon hərbi komissarlığında hərbi qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan döyüşən hərbi hissələrin tərkibində 123, N, N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, N saylı hərbi hissə komandirinin 11.12.1993-cü il tarixli 249 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuş, 12.07.1992-ci il tarixdən 12 may 1994-cü il tarixə qədər (yəni atəşkəs elan edilənədək) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında fəal iştirak etmiş, buna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etsə də xidmət etdiyi dövr barədə arxiv arayışında dəqiq məlumat olmadığına görə Müharibə Veteranı adı və vəsiqəsini ala bilmir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və bunun nəticəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırıması təşkil edir. İş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivi iddiaçının xidmətinə dair mərkəzi arxivdə olan əmrlər əsasında araşdırma apararaq iddiaçıya arayış təqdim etmiş və mərkəzi arxiv tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, müvafiq araşdırılma aparılaraq iddiaçının xidmətinə dair arayış təqdim edilmişdir. Ona görədə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı 12.07.1992-ci il tarixdən 12.05.1994-cü il tarixdə elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 123, N, N nömrəli hərbi hissələrdə bütün xidmətlərinin hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırmaların nəticəsi barədə qərar qəbul edilməsi, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmasının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana ərizə ilə müraciət etməli cavabdeh inzibati orqan bundan imtina etdiyi halda məhkəməyə müraciət etməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyinə ünvanlanmış 24.08.2020-ci il tarixli 1/H-11297 nömrəli məktubundan görünür ki, İddiaçı Müharibə veteranı vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən sənədləri (hərbi biletin birinci səhifəsi notariat qaydada təsdiq olunmuş, qalan səhifələrinin yalnız surətini, şəxsiyyət vəsiqəsinin surətini, hərbi xidmət haqqında arxiv arayışını və s. sənədlər), hansı hərbi hissələrdə nə vaxt xidmət etməyini qeyd etməklə ətraflı ərizə ilə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya göndərildiyi təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərarın qəbul oluna biləcəyi göstərilmişdir. Lakin iddiaçının özünün şəxsən cavabdehə müraciət etməsi barədə iş materialların heç bir sənəd əlavə edilməmişdir. Bununla bağlı məhkəmə tərəfindən 15.09.2021-ci il tarixdə iddiaçıya sərəncam göndərərək, iddia ərizənizdə qeyd olunan tələblə bağlı ərizənin məhkəməyə müraciət edilməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etməsini təsdiq edən sənədin məhkəməyə təqdim olunması, həmçinin hüquqi marağına uyğun olaraq «müharibə veteranı» adı və vəsiqəsinin verilməsi barədə iddia ərizəsi ilə müraciət etməsi təklif olunmuşdur. Lakin sərəncamda göstərilən nöqsanlar iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Göründüyü kimi iddiaçı hazırki mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etməsini təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda iddia üzrə mümkünlük şərtlərindən biri mövcud olmadığına görə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunuəsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıya izah olunur ki, hazırki mübahisə ilə əlaqədar iddiaya cavab verməli olan aidiyyəti cavabdehə müraciət etməli, müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 12.07.1992-ci il tarixdən 12.05.1994-cü il tarixdə elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 123, N, N nömrəli hərbi hissələrdə bütün xidmətlərinin hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırmaların nəticəsi barədə qərar qəbul edilməsi, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmasının arxiv arayışının verilməsi tələbinə dair iddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar