Məhkəmə qərarları › İş №2-1(114)-1852/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1852/2022

15.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1852/2022 15.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehn Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarının ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehn Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********06000 saylı “Vergi, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC dekorativ və tikinti daşlarının kəsilməsi, emalı və naxışlanması sahəsində fəaliyyət göstərən şirkətdir. İddiaçı öz fəaliyyəti ilə əlaqədar satıcı "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli müqavilə əsasında həmin ilin iyun, iyul və avqust aylarında adıçəkilən şirkətdən dolğu materialı (qum və çınqıl qarışığı) almışdır. Lakin vergi orqanı 2021-ci ilin avqust ayında "xxxx" MMC ilə aparılan əməliyyatların riskli hesab olunması və həmin əməliyyatlar üzrə qaimələrin əvəzləşdirməyə əsas verməməsi səbəbi ilə bu qaimlərdəki məbləğlərin nəzərə alınmayacağı barədə vergi ödəyicisinə məktub göndərmişdir. Bundan sonra "xxxx" MMC "xxxx" MMC ilə həyata keçirdiyi əməliyyatları təsdiq edən bütün sənədləri (müqavilələr, qaimələr və s.) cavabdehə təqdim edərək adı çəkilən şirkətlə aparılan əməliyyatlar üzrə qaimələrin əvəzləşdirmədə nəzərə alınmasını xahiş etmişdir. Buna baxmayaraq cavabdeh müvafiq əməliyyatları yenə də nəzərə almamış, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı barəsində kameral vergi yoxlaması nəticəsində 26.060,61 manat əlavə vergi hesablamış və iddiaçının "xxxx" ASC-nin və "X5 Azərbaycan" QSC-nin Nərimanov filiallarında olan ƏDV depozit hesabları üzərinə sərəncam qoymuşdur. İddiaçı 2022-ci ilin fevral ayında onun barəsində qəbul edilmiş "vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması" haqqında 22 noyabr 2022-ci il tarixli, **********906000 nömrəli qərardan şikayət verərək əməliyyatların tarixlərini və təqdim olunan sənədləri nəzərə almaqla uyğunsuzluqların aradan qaldırılmasını, xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsini və hesablanmış vergilərin silinməsini cavabdehdən xahiş etmişdir. Həmin şikayətə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, " … cəmiyyət tərəfindən əldə edilmiş EBBG seriyalı 881043 nömrəli, EBBH seriyalı 118251 nömrəli və EBBF seriyalı 949073 nömrəli elektron qaimə- fakturalar riskli vergi ödəyicisi hesab edilən "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim edildiyi üçün qeyd edilən elektron qaimə-fakturalar üzrə əvəzləşdirmə aparıla bilməz. Əvvəla, "xxxx" MMC bu günədək heç bir şirkətlə, o cümlədən "xxxx" MMC ilə riskli əməliyyat aparmamışdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 3.1-ci bəndinə görə vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur. Göründüyü kimi, əməliyyat o halda riskli hesab edilir ki, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi, yaxud da aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə malların təqdim edilməsi halı aşkar olunsun. Hazırki işdə isə bu halların heç biri müəyyən olunmur. Belə ki, yuxarıda qeyd edildiyi kimi 2021-ci ilin iyun, iyul və avqust ayları ərzində "xxxx" MMC ilə aparılan əməliyyatlar real əməliyyatlar olmuş, adıçəkilən şirkətdən müqavilə əsasında hazır dolğu materialları (qum və çınqıl qarışığı) alınmış və alınan malın dəyəri satıcıya ödənilmişdir. Vergi orqanı bu əməliyyatları riskli əməliyyat hesab etsə də, həmin əməliyyatların riskli hesab olunmasına əsas olan və Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarında göstərilən iki haldan məhz hansını aşkarlamasını öz qərarında qeyd etməmiş və mövqeyinı əsaslandırmamışdır. Həmçinin vergi orqanı iddiaçının müvafiq qaimələr əsasında apardığı əvəzləşdirməni qəbul etməməsini ilk başda (xx.xx.2021-ci il tarixli qərar) həmin qaimələr üzrə edilən əməliyyatların riskli əməliyatlar olması ilə, daha sonra (xx.xx.2022-ci il tarixli məktub) mövqeyini dəyişərək bu qaimələrin riskli vergi ödəyicisi tərəfindən təqdim edilməsi ilə əsaslandırmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı "Metan Ticarət və Tikinti” MMC iddiasını əsaslandırmaq üçün Azərbaycan Respublikası Nazırlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən əməliyyatların Meyarları"nın 3.1.1ci və 3.1.2-ci maddələrinə istinad edərək "Faborlik” MMC ilə "xxxx" MMC arasında aparılan alqı-satqı əməliyyatlarının həmmaddələrdə göstərilən əlamətlərə malik olmadığını qeyd etmiş və göstərmişdir ki, 2021-il iyun, iyul və avqust ayları ərzində "xxxx" MMC ilə aparılan əməliyyatlar real əməliyyatlar olmuş, adıçəkilən şirkətdən müqavilə əsasında hazır dolğu materialları (qum və çınqıl qarısığı) alınmış və alınan malın dəyəri satıcıya ödənilmişdir. Vergi orqanı bu əməliyyatlan riskli əməliyyat hesab etsə də, həmin əməliyyatların riskli hesab olunmasına əsas olan və Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarında göstərilən haldan məhz hansının aşkarlanmasını öz qərarında qeyd etməmiş və mövqeyini əsaslandırılmamışdır. İddiaçının bu mövqeyi ilə bağlı bildirilir ki, Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021ci il tarixli **********702300 nömrəli qərarda "xxxx" MMC-nin (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilməsinə səbəb olan hallar aydın şəkildə göstərilmişdir. Belə ki, qərarda göstərilmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdən 985.331 manat dəyərində, 48.668 kub metr 12.524 ton "qum, çınqıl, atsep, hazır dolğu materialı (qum və çınqıl qarışığı)" təqdim edilməsinə baxmayaraq, vergi ödəyicisinin alışında yalnız 4.820 kubmetr "qum, çınqıl" və 45 ton "atsep" müəyyən olunmuşdur. Həmçinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfinən keçirilən operativ vergi nəzarəti tədbiri (OVN) zamanı "xxxx" MMC-nin vergi orqanında qeydiyyatda olan ünvan 1i ünvanında yerləşən "xxxx"-nın "X3" ASC tərəfindən"xxxx" MMC-yə icarəyə verilmədiyi, faktiki olaraq "xxxx" MMC-nin qeyd edilən karxanadan istifadə hüququ olmadığı və istifadə etmədiyi aşkar olunmuşdur. Yəni, faktiki olaraq "xxxx" MMC tərəfindən özünün qum və çınqıl istehsalı ilə məşğul olduğu görüntüsü yaratmaq üçün "X3" ASC-dən karxana icarəyə götürməsi barədə saxtalaşdırılmış icarə muqaviləsi tərtib etməklə vergi orqanında karxana tipli təsərrüfat subyektini uçota qoyduğu tam subuta yetirilmişdir. Bununla bağlı diqqət edilməli məqamlardan biri ondan ibarətdir ki, 14 sayll ərazi Vergilər İdarəsi tərəfinən keçirilən operativ vergi nəzarəti tədbiri (OVN) zamanı "xxxx" MMC-nin vergi orqanında qeydiyyatda olan ünvan 1i unvanında yerləşən "xxxx"-nın "X3"xxxx"Fabrolik TİKİNTİ MMC-yə icarəyə verilmədiyi və bu barədə "X3" ASC-nin rəhbərinin də təsdiq etdiyi xx.xx.2021-ci il tarixli aktın tərtib edildiyi gün "xxxx" MMC tərəfindən voranına ərizə təqdim edilərək sözügedən təsərrüfat subyekti (karxana) ləgv edilmişdir. Yəni saxtakarlığın aşkar olunduğunu görən "xxxx" MMC saxtalaşdırılmış sənədlərlə vergi orqanında uçota alınmış təsərrüfat subyektini (karxananı) ləğv etmişdir. Bundan başqa "xxxx" MMC tərəfindən 2021-ci il ərzində alınmış qum çınqılın həcminin 4820 kubmetr olduğu, təkcə "xxxx" MMC-yə 2021-ci ilin iyun-avqust ayları ərzində təqdim etdiyi qumçınqılın həcminin isə 26333 kub metr olduğu müəyyən edilmişdir. Bu isə, "xxxx" MMC ilə "xxxx" MMC arasında əmtəəsiz əməliyyatlar aparıldığı, süni şəkildə xərc sənədləri tərtib edildiyini sübut etmişdir. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" xx.xx.2021-ci il tarixli **********702300 nömrəli qərarda həmin qərarın qəbul edilməsinə səbəb olan qanunvericilik normaları göstərilmiş və qərar sübutlarla əsaslandırılmış, həmçinin "xxxx" MMC ilə "xxxx" MMC arasında ən azı 26333-4820=21513 kub metr qumçınqıla münasibətdə əmtəəsiz əməliyyatlar aparıldığı öz təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən barəsində qəbul edilmiş "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" xx.xx.2021-ci il tarixli **********702300 nömrəli qərardan şikayət verilməmişdir. İddiaçı tərəfindən 2021-ci ilin iyun ayının alavə dəyər vergisi (ƏDV) bəyannaməsi xx.xx.2021-ci il tarixdə təqdim edilmiş, xx.xx.2021-ci il tarixdə isə 2021-ci ilin iyun ayı üzrə dəqiqləsdirilmiş ƏDV bəyannaməsi təqdim edilmişdir. İddiaçının riskli vergi ödəyicisi ilə əmtəəsiz əməliyyatlar aparması barədə araşdırma isə 2021-ci ilin sentyabrn 20-də yekunlaşaraq "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" xx.xx.2021ci il tarixli **********702300 nömrəli qərar qəbul edilmişdir. İddiaçı tərəfindən 2021-ci ilin iyun ayının dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2021-ci il tarixdə təqdim edilmiş, həmin bəyannamənin kameral qayadada yoxlanması üçün müəyyən edilmiş 30 iş günü müddət xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Həmin tarixdə isə "xxxx" MMC-nin həyata keçirdiyi əməliyyatların riskli vergi ödəyicisinin meyarlarına cavab verməsi, həmçinin "xxxx" MMC ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş əməliyyatların əmtəəsiz əməliyyatlar olması istiqamətində aparlan vergi nəzarəti tədbirləri yekunlaşmadığından 2021-ci ilin iyun ayı üzrə kameral qaydada əlavə hesablamanın aparılması mümkün olmamışdır. 2021-ci ilin iyul və avqust aylarının bəyannamələrinin kameral yoxlanması zamanı isə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tələbləri nəzərə alınaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələri üzrə əvəzləşdirmələr nəzərə alınmamış və 2021-ci ilin iyul ayı üzrə 19957.94 manat əlavə ƏDV məbəginin hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********660400 nömrəli, 2021-ci ilin avqust ayı üzrə isə vergi ödəyicisi tərəfindən sonuncu təqdim edilmiş xx.xx.2022-ci il tarixli bəyannamənin kameral yoxlanması nəticəsində 39550.32 manat məbləğində ƏDV hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********978700 nömrəli qərarlar qəbul edilmişdir. Göründüyü kimi iddiaçının 2021-ci ilin iyul ayı üzrə əməliyyatlarının vergi orqanı tərəfindən riskli və ya əmtəəsiz hesab edilməməsi barədə iddiası həqiqətə uyğun deyildir. 2021-ci ilin iyun ayı üzrə isə ƏDV üzrə əvəzləşmələrin vergi orqanı tərəfindən nəzərə alınması və sonradan əlavə hesablamanın aparılmaması yuxarıda göstərdiyimiz kimi Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral yoxlamanın keçirilməsi üçün nəzərdə tutulmuş müddətin 30 iş günü ilə məhdudlaşdırılması və həmin 30 iş günü müddətin başa çatdığı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinin əməliyyatlarının riskli və əmtəəsiz əməliyyatlar olmasının müəyyən edilməsi istiqamətində vergi orqanının nəzarət tədbirlərinin başa çatmaması səbəbindən olmuşdur. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizəsinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadları ilə iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmiş və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2021-ci il tarixli, **********906000 nömrəli və xx.xx.2022-ci il tarixli, **********473300 nömrəli qərarların ləğv edilməsi tələbinə dair iş üzrə iddianın dəqiqləşdirməsi ərizəsi inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 15 avqust 2022-ci il tarixə təyin edilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ünvanlayaraq, iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə dair yazılı etirazda qeyd edilənləri müdafiə edərək, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Başqa sözlə, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. Məhkəmənin qənaətinə görə mübahisələndirilən xx.xx.2021-ci il tarixli, **********906000 nömrəli və xx.xx.2022-ci il tarixli, **********473300 nömrəli qərərarların “Vergi, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır. İş materialında olan: - İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə bir il müddətinə (xx.xx.2022-ci il tarixədək) 210621 nömrəli müqavilə imzalanmışdır. - Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********702300 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. -“Vergi, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********906000 nömrəli və xx.xx.2022-ci il tarixli, **********473300 nömrəli qərərarların təsdiq edilmiş surətindən görünür ki, 26.060,61 manat və 52.114,54 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutları, işin müəyyən edilmiş hallarını, habelə aşağıdakı hüquqi əsasları rəhbər tutaraq hesab edir ki, mübahisələndirilən qərarlar qanunazidd olduğundan və iddiaçının hüquqlarını pozduğundan ləğv edilməlidir. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən aşağıdakılar müəyyən olunur. - Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********702300 nömrəli qərarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (**********) ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaiməfaktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq aşkar edildiyi 14 saylı Ərazi Vergilər İdarəsi tərəfinən keçirilən OVN zamanı "xxxx" MMC-nin vergi orqanında qeydiyyatda olan ünvan 1i ünvanında yerləşən "xxxx"-nın X3 ASC tərəfindən Fabrolik Tikinti" MMC-yə icarəyə verilmədiyi, faktiki olaraq "xxxx" MMC-nin qeyd edilən karxanadan istifadə hüququ olmadığı və istifadə etmədiyi aşkar olunmadığı qeyd olunsa da, məhkəməyə ünvanlanış xx.xx.2022-ci il tarixli etiraz məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 008 nömrəli icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X3 ASC-nin rəhbəri tərəfindən ünvan 1ində yerləşən 10 ha torpaq sahəsinə dair 5 il müddətinə "xxxx" MMC-nin rəhbərinə icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh orqanının mövqeyi əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş "vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********702300 nömrəli qərarından göründüyü kimi "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir, yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alqı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarının 1.3-cü bəndinə görə riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Qərarın 1.4-cü bəndinə görə Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Qeyd olunan normaların tələbləri baxımından nəzərə almaq lazımdır ki, "xxxx" MMC ilə alqı-satqı əməliyyatlarını həyata keçirərkən adıçəkilən şirkət hələ riskli vergi ödəyicisi hesab edilmədiyi və beləliklə də bu barədə İnternet Vergi İdarəsi portalında xəbərdarlıq xarakterli bildiriş olmadığına görə iddiaçının belə vəziyyəti müəyyən etmək imkanı olmamışdır. Belə bir qeyri-müəyyənliyə görə isə hüquqi şəxsin məsuliyyətindən söhbət gedə bilməz. Əks yanaşma hüquqi müəyənlik prsipinin tələblərinə ziddir. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli Qərarına əsasən: - 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. - 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: - 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; - 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; - 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); - 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; - 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; - 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; - 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; - 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC ilə 2021-ci ilin iyun, iyul və avqust aylarında müvafiq əməliyyatların aparılmasını təsdiq edən elektron qaimələrdən göründüyü kimi cavabdeh 2021-ci ilin iyun və iyul aylarında aparılan əməliyyatları real hesab edərək müvafiq qaimələrin əvəzləşdirməsini qəbul etsə də, nədənsə sırf 2021-ci ilin avqust ayı üzrə aparılan əməliyyatları riskli hesab etmiş və həmin ay üzrə elektron qaimələri əvəzləşdirmədə qəbul etməmişdir. Vergi orqanının belə ziddiyyətli nəticələrə gəlməsi də başadüşülən deyildir. Əgər iyun və iyul aylarında həyata keçirilən əməliyyatlar riskli hesab edilməmişdirsə, eyni faktiki və hüquqi hallara malik digər əməliyyatlar da riskli hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı, işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. - 70.1-ci maddəsinə əsasəm inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən inzibati aktlar qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinin “Vergi, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********906000 nömrəli və xx.xx.2022-ci il tarixli, **********473300 nömrəli qərarları ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar