Məhkəmə qərarları › İş №2-1(114)-1853/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1853/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1853/2023 17.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6 maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdeh komandirinin xx.xx.2019-cu il tarixli 048 əç nömrəli əmrinin ləğv edilməsini və yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyin Cavabdehsinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər vəzifəsinə işə bərpa olunmağını cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinin komandirinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1990-cı ildə Goranboy rayon Nadirkənd kəndində anadan olmuş, Goranboy rayonun Nadirkənd kənd tam orta məktəbinin 11-ci sinifini bitirmişdir. xx.xx.2009-cu il tarixdə Goranboy rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrini 600 və 641 nömrəli Hərbi Hissələrində atıcı və baş atıcı vəzifələrində xidmət etmişdir. xx.xx.2010-cu il tarixdə hərbi xidmədən ehtiyata buraxılmış, hərbi xidmətdən sonra fərdi əməklə məşğul olmuşdur. xx.xx.2015ci il tarixdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına imtahan verib 470 bal toplayaraq Azərbaycan Memarlıq və İnşaat Universitetin ST və MKS fakültəsinə qiyabi şöbəsinə daxil olmuşdur. 2016-cı ilin noyabr ayının 25-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə müraciət edib, müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmış və 45 günlük kurs keçib xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin 1-ci Kəşfiyyat bölüyünün 1-ci tağım, 2-ci manqanın baş kəşfiyyatçı istehkamçı vəzifəsində təyin edilmiş, xx.xx.2019-cu il tarixdə isə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün 3-cü tağımının 2-ci manqasının komandiri vəzifəsinə təyin olunmuşdur. 2015-ci il ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin meliorasiya və su təsərrüfatı tikintisi üzrə mühəndis fakültəsinə qəbul olunduğundan yaz və payız sessiyalarında 2 həftəlik dərsdə iştirak etmiş, həmçinin yay və qış aylarında imtahanlar vermişdir. Lakin hərbi hissədə xidmət etdiyi zaman komandanlıq tərəfindən ona təhsillə bağlı icazə vermədiyindən Bakı şəhərinə gedə bilməmiş və təhsilində problemlər yaranmışdır. Bu səbəbdən 2018-ci ilin avqust ayında hərbi hissədən tərxis olmaq istəmiş, lakin kəşfiyyatçı olduğundan hərbi hissədən tərxis oluna bilməmişdir. Təhsil aldığı universitetdə yaranmış fənn kəsrləri ilə bağlı imtahanlarda iştirak etmək üçün ona hərbi hissədən N fevral 2019-cu il tarixdə 15 günlük məzuniyyətə verilmişdir. Lakin pulu olmadığından universitetə gedə bilməmiş, məzuniyyətini Goranboy rayonunun Nadirkənd kəndində keçirmişdir. 06 mart 2019-cu il tarixdə məzuniyyətinin vaxtı bitdiyinə baxmayaraq, hamilə olan həyat yoldaşının bətnində olan uşağın oksigen çatışmazlığı ilə əlaqədar hərbi hissəyə qayıda bilməmişdir. Belə ki, həyat yoldaşının səhhətində ciddi problemlər olduğundan 2019-cu ilin mart ayının axırlarında Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanaya aparmış və orada ananın bətnində olan uşaqda oksigen çatışmazlığı olduğunu, bununla bağlı ozonterapiya müalicəsi almalı olduğu bildirilmişdir. Valideynlərindən atası vəfat etdiyindən, heç kim ona kömək etmədiyindən həyat yoldaşının və uşağın xilası naminə onları xəstəxanada müalicə etdirmək məcburiyyətində qalmışdır. Bu səbəbdən 16 aprel 2019-cu il tarixdə hərbi hissəyə xidmətə qayıtmışdır. Lakin o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdeh komandirinin xx.xx.2019-cu il tarixli 048 əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6 maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün 3-cü tağımının 2-ci manqasının komandiri müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu-əsgər vəzifəsindən azad olunub, hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan söhbət vərəqələrindən, həmçinin xx.xx.2019-cu il tarixli, 8 nömrəli şərəf məhkəməsinin protokolundan çıxarışdan görünür ki, iddiaçı özü könüllü olaraq ordu sıralarından ehtiyata buraxılmasını xahiş etmişdir. Bundan əlavə, iddiaçı özü də sözügedən əmrin ona məlum olmamasını iddia etməmişdir. İddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizədə buraxılmış prosessual müddəti pandemiya dövrü olması və İİ Qarabağ Müharibəsində iştirak etməsilə əsaslandırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 22-ci maddəsinə əsasən, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. İPM-nin 38.1-ci maddəsi də yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 161. bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Həmin Əsasnamənin 165. bəndinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, əmr barədə məlumatlı olduğu xx.xx.2019-cu il tarixdən iddia müddətinin ötürülməsini üzürlü hesab edəcək əsaslar ərizəyə əlavə olunmamış və hazırkı məhkəmə iclasında da təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 24.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4. maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.6 maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın əmrin ləğv edilməsi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən həmin hissədən asılı olan, xidmətə bərpa olunması üzrə mümkünlük şərtlərinin yoxlanılması zərurəti aradan qalxmışdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar