Məhkəmə qərarları › İş №2-1(114)-1855/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1855/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1855/2022 07.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin cizgilərinin müəyyən edilməsi və bu barədə müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Təbib” bağçılıq sahəsində yerləşən 5 ha torpaq sahəsinin cizgilərinin müəyyən edilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “Təbib” bağçılıq sahəsində yerləşən 5 ha torpaq sahəsi və üzərində yarımçıq tikili 52 kv sahə 21 XDC İcarə Komitəsinin xx.xx.1987-ci il tarixli 77 nömrəli qərarı ilə iddiaçıya verilmişdir. Bununla bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsini və yarımçıq tikili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, sahənin yerləşdiyi ümumi ərazini bilsə də dəqiq yerləşmə yerini bilmir. 1992-ci ildə həmin sahədə ev inşa etmiş, lakin yalnız divarları tikdiyindən və dam örtüyü olmadığından həmin evdə yaşamamışdır. Evi tikdikdən sonra Bakı şəhərinə köçmüş və evə nəzarət edə bilməmiş, 2008-ci ildə Gəncəyə köçdükdən sonra evin söküldüyü məlum olmuşdur. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki “Təbib” bağçılıq ərazisində 52 nömrəli kvartalda yerləşən, 21 nömrəli bağ evi xx.xx.1994-cü il tarixli müqavilə əsasında iddiaçıya satılmışdır. Sözügedən əraziyə müayinə baxışı keçirilmiş və məlum olmuşdur ki, bağ evinin yarımçıq tikilisi naturada mövcud deyil, (sökülüb) halhazırda ərazidə heç bir istinad nöqtəsi (tikilisi) yoxdur. Bununla yanaşı, mülk sahibi də öz torpaq sahəsinin yerini təyin edə bilmir. Bağ evinin yarımçıq tikilisinin yerləşdiyi ərazidə heç bir infrastrukturun olmadığını, əvvəllər mövcud olmuş qonşu tikililərin tamamilə söküldüyünü o cümlədən, ərizəçinin mülkiyyətində olan 0.0558 ha torpaq sahəsinin fiziki sərhəddinin və döngə nöqtələrinin koordinatlarının (mərz nişanlarının) olmadığı üçün torpaq sahəsinin yerini təyin etmək mümkün olmadı. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş qeydiyyat vəsiqəsindən görünür ki, “Təbib” bağçılıq sahəsində yerləşən yarımçıq tikintidən ibarət olan kv 52, sahə 21 yerləşən yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 77 nömrəli qərarı ilə İddiaçı Ağamir oğluna verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********31 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 77 nömrəli qərarı ilə iddiaçıya verilmiş “Təbib” bağçılıq sahəsində yerləşən yarımçıq tikintidən ibarət olan kv 52, sahə 21 yerləşən yaşayış evi iddiaçıya verilmişdir. İddiaçı qeyd olunan sənədə istinad edərək həmin evin yerləşdiyi torpaq sahəsinin fiziki sərhədlərinin müəyyən edilməsi və bu barədə müvafiq çıxarışın verilməsi tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını sözügedən fərdi yaşayış evinin sökülməsi, həmçinin fərdi yaşyış evinin yerləşdiyi torpaq sahəsinin mərz nişanları olmadığı üçün yerinin təyin edilməməsi təşkil etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -23-cü maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya yuxarıda adı çəkilən qərar əsasında “Təbib” bağçılıq sahəsində yerləşən yarımçıq tikintidən ibarət olan kv 52, sahə 21 yerləşən yaşayış evi verilsə də, iddiaçı ona qanuni əsasla torpaq sahəsi satılmasını təsdiq edən sənəd təqdim etməmiş, həmçinin tələb etdiyi sahənin yerləşmə yerini özü də dəqiq bilmədiyindən cavabdeh qeyri-müəyyən sahəyə cizgi hazırlamaq öhdəliyi daşımır. Göründüyü kimi tələb olunan sənədlərin hamısı iddiaçı tərəfindən inzibati orqana təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin cizgilərinin müəyyən edilməsi və müvafiq çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar