Məhkəmə qərarları › İş №2-1(114)-1856/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1856/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1856/2025 31.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X2 Ermənistan Respublikasında anadan olmuş, məlum hadisələr vaxtı Azərbaycan Respublikasına qaçqın kimi gəlmişdir. X3 məlum hadisələr vaxtı Zəngilan rayonunun Mincivan qəsəbəsindən məcburi köçkün kimi Gəncə şəhərinə gəlmişdir. Valideynləri xx.xx.2005-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Hazırda iddiaçı Gəncə Dövlət Universitetinin sosial-psixologiya fakültəsinin 2-ci kursunda təhsil alır. Təhsil haqqı 1600 manat təşkil edir. 1-ci kursda oxuyarkən çox çətinliklə təhsil haqqını ödəyə bilmişdir. Lakin hazırda onun təhsil haqqını ödəmək imkanı yoxdur. Atası ona heç vaxt köməklik etməmiş, anası isə işsizdir. İddiaçı maddi cəhətdən çox çətinlik çəkir. Qanuna görə məcburi köçkünlərin övladları təhsil haqqından azaddırlar, lakin iddiaçının atası məcburi köçkün hesab edilmədiyi üçün ona məcburi köçkün statusu verilmir. İddiaçı “məcburi köçkün” statusunu təsdiq edən vəsiqəni almaq üçün cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İmtina məktubunda göstərilmişdir ki, ““məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydaların 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası məcburi köçkün statusuna malik olan və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, onun 3 yaşı olanda valideynləri Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi əsasında boşanmışlar. Atası onun saxlanılması üçün aliment ödəməmişdir. X15 “məcburi köçkün” vəsiqəsi” verilmişdir. İlk vaxlar onlar “məcburi köçkün” kimi çörək pulu alırmışlar. İddiaçının anası məcburi köçkün olduğu üçün o, anadan olanda anasının üzərinə Zəngilan rayonu, Mincivan qəsəbəsinə qeydiyyata alınmışdır. Qeyd edilənlərə əsasən, iddiaçı hesab edir ki, ona “məcburi köçkün” statusunu təsdiq edən vəsiqə verilməlidir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddia tələbi əsassız olduğu üçün rədd edilməsi xahiş edilmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Komitənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı “məcburi köçkün vəsiqəsinin verilməsi” barədə Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. İddiaçının X2 məcburi köçkün statusuna malik olmadığından ona məcburi köçkün statsunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir. X8 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı X3 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir. X1 rayonu, Mincivan qəsəbə ərazi dairəsi, Mincivan qəsəbəsi, Nəsimi küçəsi, ev 106 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. İddiaçı X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından – “Bakı şəhəri” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)- 1212/2009 nömrəli qətnaməsinə əsasən, X8 ilə X11 arasında Gəncə şəhər Kəpəz Rayon VVADQ şöbəsində bağlanmış xx.xx.2006-cı il tarixli nikah pozulmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən X9 xx.xx.2010-cu il tarixdə AA seriyalı 228833 №-li məcburi köçkün vəsiqəsi verilmişdir. xx.xx.2014-cü il tarixli AZ-İ 182557 №-li Nikahın pozulması haqqında Şəhadətnaməyə əsasən, X8 ilə X5 aralarındakı nikah ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli AZ-İV 781975 №-li Doğum haqqında Şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur. “Atası” qrafasında X8, “anası” qrafasında X12 göstərilmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə müraciət edərək, ona “məcburi köçkün” vəsiqəsinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Gəncə şəhər sektoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, Cəfərova X6 rayonu, Mincivan qəsəbəsində daimi qeydiyyatda olmaqla hazırda ünvan 4 ünvanında müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun X2 məcburi köçkün statusuna malik olmadığından ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi Komitənin imkanı xaricindədir. Gəncə Dövlət Universitetinin xx.xx.2024-cü il tarixli 01/81 nömrəli arayışına əsasən, İddiaçı həqiqətən Universitetin əyani (ÖD) təhsil forması üzrə Pedoqoji fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisasının İİ (ikinci) kurs tələbəsidir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 rayonundan məcburi köçkündür. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı X2 ünvan 5 ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1 . Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. İV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfi dinləyərək, həmçinin vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. İşin hallarından görünür ki, İddiaçı anası X1 rayonu, Mincivan qəsəbə ərazi dairəsi, Mincivan qəsəbəsi, Nəsimi küçəsi, ev 106 ünvanında qeydiyyatdadır. X1 rayonundan məcburi köçkün düşmüş, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən ona məcburi köçkün statusu və vəsiqəsi verilmişdir. Hazırda qüvvədə olan qanunvericilik normalarına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı hazırkı iddia tələbi ilə, anasının məcburi köçkün olmasını, özünün ünvan 2 ünvanında qeydiyyatda olmasını, hazırda anası ilə yaşamasını nəzərə alaraq ona məcburi köçkün vəsiqəsinin verilməsini xahiş edir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi İddiaçı X2nun məcburi köçkün olmaması və onun ünvan 5 ünvanında qeydiyyatda olması ilə əlaqədar olaraq İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina etmişdir. İş materialları ilə müəyyən olunur ki, həqiqətən İddiaçı atası ünvan 5 ünvanında qeydiyyatdadır. Lakin məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. Məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalarda göstərilən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün nəzərdə tutulan “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan uşaqlara” tələbi Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının və Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələbinə görə Qaydalar Qanuna uyğun olmalı, Qanunun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Digər tərəfdən Qaydalarda göstərilən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün nəzərdə tutulan “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan uşaqlara” tələbi hüquq və azadlıqların məhdudlaşdırılmasına gətirib çıxarır. Bu məhdudiyyət isə hüquqa müdaxilə ilə bağlı qanunilik prinsipinə uyğun deyil. Həmçinin iddiaçının və onun anasının qeydiyyatda olduğu yer Zəngilan rayonu, Mincivan qəsəbə ərazi dairəsi, Mincivan qəsəbəsi 2024-cü ilin 1 may tarixindən Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 14-cü maddəsinə və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən məcburi köçkün statusunun ləğv edildiyi və sosial müdafiə tədbirlərinin verilməsinin dayandırıldığı rayon və kəndlərin siyahısında olmadığından, hazırda iddiaçıya məcburi köçkün statusunun verilməsi mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı “məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar