Məhkəmə qərarları › İş №2-1(114)-1857/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1857/2021

13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1857/2021 13.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Banka qarşı (üçüncü şəxs «AXA MBASK» sığorta şirkətinə) Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının(hüquqi varisi Azərbaycan Respublikası Mərkəzi Bankı) 29 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Banka qarşı (üçüncü şəxs «AXA MBASK» sığorta şirkətinə) iddia ərizəsi ilə 23.08.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının(hüquqi varisi Azərbaycan Respublikası Mərkəzi Bankı) 29 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırırmışdır ki, onun sığorta agenti kimi fəaliyyət göstərməsi ilə əlaqədar müraciət etmiş və ona 16 aprel 2012-ci il tarixli 000674 nömrəli lisenziya verilmişdir. Sonradan sığorta agenti kimi çalışmış, lakin yalnız bir dəfə Nuru Nuriyev adlı şəxsin onu aldadaraq etibardan sui-istifadə etməsi nəticəsində vətəndaşa zərər dəymiş və halı bildikdən sonra özü dərhal bu barədə məlumatı müvafiq orqanlara, o cümlədən hazırda ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına rəsmi məlumat vermişdir. Həmin idarənin 29 aprel 2019-cu il tarixli qərarı ilə ona verilmiş lisenziya ləğv edilmişdir. Hazırda qeyd edilən qərarın qanunsux hesab edir və onun ləğv edilməsini xahiş edir. Həmçinin iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə buraxılmış prosessual müddətinin bərpa edilməsinə dair ərizə ilə müraciət etmiş və məhkəmənin 02.11.2021-ci il tarixli qərardad ilə buraxılmış prosessual müddətinin bərpa edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış iddiaçı və nümayəndəsi(vəkili) məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi(vəkili) X1 məhkəmə ərizə göndərərək məhkəmə iclasının onun və iddiaçının iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin etməmişdir. Tərəflərin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi(vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddia tələbininin əsassız olduğunu qeyd edib iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının əsasını aşağıdakı sənədlər təşkil etmişlər: - Texniki və inzibati dəstək haqqında müqavilənin surəti; - 29.03.2019-cu il tarixli İddiaçı nəqliyyat vasitəsinə dair bağladığı sığorta müqavilələri üzrə aşkarlanmış qanun pozuntuları ilə bağlı başlanılmış inzibati icraat çərçivəsində keçirilmiş görüşün protokolunun surəti; - 29.04.2019-cu il tarixli Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin İdarə Heyətinin iclasının qərarının surəti; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, iş materiallarından müəyyən olunur ki, 29.04.2019-cu il tarixli Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin İdarə Heyətinin iclasının qərarı əsasında İddiaçı sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş 16 aprel 2012-ci il tarixli 000634 nömrəli lisenziya ləğv edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı 29.04.2019-cu il tarixli Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin İdarə Heyətinin iclasının qərarının ləğv edilməsini iddia ərizəsində tələb etmişdir. İddia ilə məhkəmə araşdırılması aparılmış və məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 29.03.2019-cu il tarixli İddiaçı nəqliyyat vasitəsinə dair bağladığı sığorta müqavilələri üzrə aşkarlanmış qanun pozuntuları ilə bağlı başlanılmış inzibati icraat çərçivəsində keçirilmiş görüşün protokolundan müəyyən olunur ki, hazırda iddiaçı, sığorta agenti İddiaçı tərəfindən sığorta qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında onun barəsində inzibati icraat başlanmışdır. İnzibati icraatın başlanması üçün əsas İddiaçı xidməti müqavilə ilə fəaliyyət göstərən əməkdaşı X4 tərəfindən avtonətqliyyat vasiəti sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilələri rəsmiləşdirərkən, nəqliyyat vasitəsinin növünü və tipini yalnış göstərildiyi və elektron sistemə «qoşqu» kimi daxil edildiyi bildirmiş və bu hallara münasibət bildirməsi xahiş edilmişdir. İddiaçı qeyd olunan qanun pozuntularının xidməti müqavilə əsasında fəaliyyət göstərən Nuru Nuriyev tərəfindən törədildiyini təsdiq edərək bildirmişdir ki, Nuru Nuriyev vəzifə səlahiyyətlərini aşaraq yük avtomobillərini qoşqu kimi sistemə daxil etmişdir. Araşdırma nəticəsində 29.04.2019-cu il tarixli Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin İdarə Heyətinin iclasının qərarı əsasında İddiaçı sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş 16 aprel 2012-ci il tarixli 000634 nömrəli lisenziya ləğv edilmişdir. “Sığorta fəaliyyəti haqqında” Qanunun 5.2-ci maddəsinə əsasən sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, aktuarilər, müstəqil auditorlar, müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər sığorta bazarının peşəkar iştirakçılarıdır. Qanunun 6-cı maddəsində sığorta bazarının peşəkar iştirakçıları tərəfindən sığorta sirrinin qorunması 'ejimi və bununla bağlı məsuliyyət müəyyən edilmişdir. Həmçinin Qanunun 83.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında sığorta agenti və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq üçün maliyyə bazarlarına nəzarət orqanından müvafiq lisenziya alınmalıdır. Qanunun 82.2-ci maddəsinə əsasən sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Qanunvericiliyin tələbindən müəyyən edildiyi kimi bu fəaliyyət növü ilə məşğul olmaq istəyən şəxslər (fiziki və hüquqi şəxslər) müvafiq lisenziyaya malik olmalıdırlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinin tələblərinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinin tələblərinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı fərdi qaydada fiziki şəxs qismində sığorta agenti fəaliyyəti ilə yalnız özü məşğul olmalı olduğu halda, həmin fəaliyyət növünə 15.11.2015-ci il tarixli “Texniki və inzibati dəstək müqaviləsi” (sənəd əlavə edilir) bağlamaqla qanunsuz olaraq başqa şəxsi vasitəçilik (sığorta agenti) fəaliyyətinə cəlb etmiş və bununla da, sığorta sirrinin yayılmasına yol vermişdir. Sözügedən fakt iddiaçı tərəfindən bu icraat ilə bağlı 29.03.2019-cu il tarixində Palatada təşkil olunan rəsmi görüş zamanı da öz təsdiqini tapmışdır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, qiymət verən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim etdiyi sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (hüquqi varisi Azərbaycan Respublikası Mərkəzi Bankı) hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Banka qarşı 29 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Banka qarşı (üçüncü şəxs «AXA MBASK» sığorta şirkətinə) Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının(hüquqi varisi Azərbaycan Respublikası Mərkəzi Bankı) 29 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar