Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1858/2021 24.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, iddiaçılar İddiaçı1, İddiaçı3, X1 və İddiaçı2 cavabdeh Tovuz Rayon İcra Hakimiyyətinin başçısına qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı1, İddiaçı3, X2 və İddiaçı2 cavabdeh Tovuz Rayon İcra Hakimiyyətinin başçısına qarşı iddia ərizəsi ilə 23.08.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, təbii fəlakət nəticəsində dəymiş ziyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın mümkünlülk şərtlərinə əməl edilmədiyindən iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçılar hazırki mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməsini təsdiq edən sübut təqdim etməmişlər. İddiaçılara izah olunur ki, dəymiş ziyanın həcmini dəqiqləşdirməklə məhz həmin həcmdə məbləğin ödənilməsi ilə bağlı aidiyyəti cavabdehə müraciət etməli, müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət etməlidirlər. Həmçinin ayrı təsərrüfatlar olduğu təqdirdə hər təsərrüfata dəymiş ziyan ayrıca hesablanmalı və həm cavabdehə, həm də məhkəməyə fərdi qaydada müraciət etməlidirlər. Həmçinin izah olunur ki, Rayon İcra Hakimiyyətinin başçıları fiziki şəxs olaraq inzibati məhkəmə icraatının subyekti ola bilməzlər. Odur ki, cavabdeh qismində Rayon İcra Hakimiyyəti cəlb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1 maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2 maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddialara) baxılır. Həmin Məcəllənin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı1, İddiaçı3, X1 və İddiaçı2 cavabdeh Tovuz Rayon İcra Hakimiyyətinin başçısına qarşı dəymiş ziyanın ödənilməsi barədə iddia mümkün sayılmasın. İddiaçılara izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüquqları vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1858/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1858/2021
24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver